İlahiyyatçı Elşad Miri də dini kəsimlər tərəfindən hədələnəndiyini bildirib. İlahiyyatçının sözlərinə görə, insanların müqəddəsləşdirdiyi, bütləşdirdiyi məqamlara təmkinli yanaşmaq lazımdır: “Ümumiyyətlə, sakit bir adamı da söysən, təhqir etsən aqressivləşəcək. Mənim, Aşura ilə bağlı səsləndirdiyim fikirlərdən sonra mənə də yazırlar ki, səni it kimi gəbərdəcəyik, Rafiq Tağının gününə salacağıq. Mən hər şeyi Allaha həvalə edib, səs-küy qaldırmıram. Təhdid varsa, dövlətin mühafizə qurumları məşğul olmalıdır. Özümü qorumaqdan ötrü cangüdən tutası deyiləm ki”¦”
İlahiyyatçı dindar kəsimin aqressivliyini onların savadsız olması ilə də əlaqələndirir. Ancaq dini ədəbiyyat seçimi də burada az rol oynamır: “Oxuyan, dərk edən, qavrayan insan bu cür təhqirlərə, hədələrə yol verməz. İnsanlar hələ də nəyi, kimi oxuyacağını bilmir. Fikrimcə, bu mənada məktəb və universitetlərdə düzgün tədris sistemi qurulmayıb. Uşaqlar valideyn və müəllimlərindən çox dini qruplaşmalara etimad edir, güvənirlər. Yeniyətmə və gənclər üçün onların sözü daha mötəbər olur. Dövlət bu məsələyə fərqli yanaşmalıdır, yoxsa hadisələrin axını bu şəkildə davam edəcək”.
teleqraf.com






































































































