Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov ölkədə keçirilən son seçkilərlə bağlı öz mövqeyini bildirib. Partiyanın mətbuat xidmətindən Moderator.az-a göndərilən məktubu olduğu kimi oxucularımıza təqdim edirik:
Vətənimizin taleyində inkişafa, tərəqqiyə təkan verə biləcək seçki prosesi yekunlaşdı. Bu seçkilər nəticə olaraq cəmiyyətimizin vahidləşməsinə, vətəndaşlarımızın dövlətinə olan güvənc hissinin artırılmasına gətirib çixarmalı idi. Daxilimizdə mövcud olan və ətrafımızda dolaşan təhlükələri nəzərə alsaq bu bizə bir xalq olaraq çox vacibdir.
Həyatım boyu, fəaliyyət göstərdiyim bütün sahələrdə
dövlət maraqlarını şəxsi maraqlarımdan üstün tutmuşam. Bir çox hallarda
tapdalanmış, yeyilmiş haqqımdan dövlət və ictimai maraqlar naminə imtina
etmişəm, amma şərəfim, ləyaqətim və vicdanım hesabına yox.
Bu gün də saxtakarlıq vasitəsilə yeyilmiş haqqımdan
vaz keçməyə hazıram. Amma mənə öz halal səslərini verən insanların mənəvi
təhqirinin yükünü öz üzərimə götürməyə hazır deyiləm və bəyan edirəm ki, mənim
timsalımda məni dəstəkləyən insanlara sərgilənən münasibətin adı ən azı
hörmətsizlikdir.
Cəmiyyətimizdə bir qrup insanlar var ki, öz
varlıqlarını daim ictimai gərginlik yaratmaqda, ayrı-ayrı fərdləri sındırmaqda
və bütövlükdə toplumu parçalamaqda görürlər. Bu adamların nəzarəti
altında keçirilən rüsvayçı seçki hətta səs çoxluğu ilə seçilmiş prezidentin
qələbəsini şübhə altına alır. Deməli, bu hal da kimlərəsə lazımdır.
Bu sadaladığım qənaətimi nəzərə alaraq, seçkinin
kütləvi qanun pozuntuları ilə keçdiyini və bunun da nəticələrə ciddi kölgə
saldığını elan edirəm.

































































































