David Qaraca 20-yə qədər mağara-monastrdan ibarətdir. Eranın V-VI əsrlərində Suriyadan gələn xristian keşişlər mağaraları oyaraq genişləndirmiş, burada ilk monastrları tikərək yerli əhali arasında xristianlığı yaymışlar.
Suriyalı David Albaniya ilə İberiya arasına gələndə mağaraların yerləşdiyi ərazi və Kür çayı boyunca otlaqlar Qara yazı adlanırdı, çünki orada Qaraca adlı Alban tayfası yaşayırdı. David gələndən sonra burada yerli əhaliyə hörmət əlaməti olaraq Qaraca ləqəbini qəbul etdi. Gürcü tarixçiləri sonralar həmin adı Qareci kimi yazdılar (Акад. Мари Броссе. Разборь двух грузинских иконных надписей. ФП № 708, s.3-17; Христофор Вермишев. Материалы для истории грузинско-армянских отношений. Спб, 1904, s.6, 9, 29 və s.).
Hələ XIX əsrin əvvəllərində fransız akademiki Mari Brosse və baron Brambaus ləqəbli Senkovski sübuta yetirmişlər ki, XI əsrə qədər indiki Gürcüstanın Kür çayı boyunca cənub torpaqlarında gürcülər yaşamamışlar, albanlar və türklər yaşamışlar. Bu fikirləri gürcülərin öz alimlərindən Platon İoselyani də təsdiq edir. O, 1843-cü ildə Sankt-Peterburqda çap olunan “Краткая история грузинской церкви” və 1866-cı ildə Tiflisdə çap olunan “Род князей Чолакаевых” əsərlərində yazır ki, şərqi İberiya ərazisindəki ilk kilsələri Albaniyadan Tiflis və Qazax arasına köçən türk nəsilləri inşa etmişdir.
Albaniyadan İberiyaya köçən nəsillər Tiflislə Qırmızıkörpü arasında Ucar, Bərdə, Səfər, Şuşa, Alaverdi şəhərlərini salmış, burada İberiyanın gürcülərə qədərki mədəniyyətini yaratmışlar. Həmin xristian mədəniyyətinin varisləri indiki gürcülər deyil, Azərbaycan xalqıdır.
Gürcülərin Kaxeti və Ereti adlandırdıqları Aran torpaqlarının ilk salnamələri gürcü dilində yox, alban, uyğur, türk, yevrey(yəhudi yox, yevrey. Karaimlər kimi, yevreylərin də dili qədim türk dilləri ailəsindəndir. Bu başqa bir söhbətin mövzusudur.) əlifbaları ilə türk dilinə qohum olan dillərdə yaranmışdır. David Qaraca mağara-moanstrlarında həmin əlifba ilə yazılan dua mətnləri 1937-ci ilə qədər qalırdı. Gürcülər Şah Abbas məscidini yerlə-yeksan edəndə həmin yazıları pozdular.
Şükürlər olsun ki, həmin yazıların bəzi nümunələri yevrey alimləri tərəfindən XIX əsrin ortalarında toplanmış və Peterburq, Odessa şəhərlərində çap olunmuşdur.
Həmin dua mətnlərinin bir neçəsini əlavə edirik.

xa0David Qaraca qaya divarındakı dualardan birinin mətni: Ari Tanqri, ari yuca, ari acalsez, İsa ki xaça çəktənk, rahmat qılgil biza (Təmiz, uca, ölümsüz Tanrı, İsa peyğəmbəri ki xaça çəkiblər, bizə rəhm elə). Yevrey, uyğur, türk əlifbaları ilə yazılmış bu duanın sözləri təmiz türk sözləridir.
Ərəblərə və Baqrationlara qədər İberiyanı Albaniyanın elitar nəsilləri idarə edirdilər. Onların ən qüdrətlisi Qorq Aslan totem adı daşıyırdı. Qorq Aslanın anası Bərdə hakiminin qızı idi. Özü isə iber deyildi.

Mari Brossenin Senkovskinin yazdığına görə, o, kimmer mənşəli olub, hansısa türk tayfasının başçısı idi. Qorq Aslanın zamanında dövlətin dili türk dilinə qohum olan qəbilə dillərindən biri idi. Kilsələrdə salnamələr terk dilinə qohum olan ləhcələrdə yazılırdı.
Qorq Aslandan əvvəl eranın I əsrində bir müddət İberiyanı əslən Albaniyadan olan Kərəm şah idarə etmişdir. Həmin Kərəm Əsli və Kərəm dastanındakı aşiqin çox arxaik əcdadıdır.
Həmin Kərəm şah Lori dərəsi yaxınlığında Kərəm şəhərini saldırmış, sonra həmin şəhərdə Kərəm kilsəsi tikilmişdir. Kərəm kilsəsi Ucar, Səfər, Bərdə kilsələri ilə birlikdə Şuşa kilsə kafedrasına tabe idi (İlhami Cəfərsoy. İber və H’Ayfolklorunda türk mifik təfəkkürünün izləri. Bakı, 2014, s.77-85, 130, 175 və s.).

Gürcülər Kərəm şəhərini sonralar Qremi, Kərəm çayını isə daha sonra Xrami adlandırdılar. Şuşa şəhərini və kilsəsini isə əvvəlcə Şuşeti, sonra Şavşeti formasında saxtalaşdırdılar. Ancaq tarixi mənbələrdə belə adlar yoxdur.

İberiyanın ilk kilsələrini xristianlıq dövründə alban nəsillərinin tikdiyini Mari Brossedən, Senkovskidən, İoselyanidən başqa, Çolakaşvili, Əluqulaşvili, Saracişvili, Bakuradzi və b. tarixçilərdə də təsdiq edir. XIX əsrdə yaşamış həmin tarixçilər gürcü deyildilər. Nadir şahın zamanında məcburi qaydada xristianlığı qəbul edən Azərbaycan ziyalıları idilər. Onlar xristian olsalar da, öz əsərlərində Azərbaycan tarixinin ən qiymətli nümunələrini nəşr etdirmişdilər. Ancaq indi həmin əsərlərin çoxunu Gürcüstanın kitabxanalrında tapmaq mümkün deyil. Biz onların kitablarının bir hissəsini Rusiyanın Peterburq, Polşanın Krakov kitabxanalarının nadir nüsxələr fondundan əldə etmişik.

Gürcülərlə ermənilər həmin mənbələrin elektron variantını hazırlamış, öz saytlarında yerləşdirmişlər, ancaq həmin saytlar saxtalaşdırılmışdır. Bizim ilkinxa0 mənbələrdə gördüyümüz surətini çıxardığımız məlumatların çoxu elektron variantlarda yoxdur.
Prof. İlhami Cəfərsoy
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri




































































































