Tanınmış hüquqşünas Qurban Məmmədov bir neçə gündür ki, MTN olayları ətrafında yaranmış durumla bağlı fikirlərini yazaraq Moderator.az - a göndərir.
Məqalənin növbəti hissəsini təqdim edirik:
Əvvəlini bu linkdən oxumaq olar---moderator.az/news/109683.html
...Yazmışdım ki:
“İndi əsas sual budur: belə geniş yayılmış cinayətkar şəbəkəyə qarşı prezident təkbaşına mübarizə apara bilərmi?
“MTN işi”x9d, doğrudanmı, dövlətçilik naminə, qanunun aliliyi naminə aparılır?
“MTN işi”x9dnin son Nardaran olayları ilə əlaqəsi varmı?
Kimlər Eldar Mahmudovun boş qalan “nüfuz yeri”x9dni doldurmağa çalışırlar?
Bununçün yeddi gənc vətəndaşımızın qanını tökməyə, silahsız, köməksiz, dindar bir kəndin üzərində güc, gövdə göstərisi nümayiş etdirməyə, xalqın yetişdirdiyi savadlı din xadimi Tale Bağırzadəni və dostlarını həbs etməyə, millətimizi də dünyaya terrorçu kimi tanıtmağa dəyərdimi?
Başlayaq birinci sualdan. Belə geniş yayılmış cinayətkar şəbəkəyə qarşı prezident təkbaşına mübarizə apara bilərmi?
Dünyanın heç bir prezidentinin imkanı yoxdur ki, hər bir məmurun yanına əli avtomatlı bir güdükçü qoysun və ya hamıya şəxsən nəzarət eləsin. Bu məqsədlə müxtəlif strukturlar yaradılır, vəzifələr təsis edilir, onlar maliyyələşdirilir və s. Hər kəs öz vəzifəsini yerinə yetirməlidir ki, nəticədə dövlət normal idarə edilsin. Dövlət rəhbərinin vəzifəsi isə, ümumi rəhbərliyi həyata keçirmək, icra strukturlarının fəaliyyət prinsiplərini və istiqamətlərini müəyyənləşdirmək, müxtəlif orqanların işini əlaqələndirmək və dövlət intizamını, qanunların icrası üzərində nəzarəti təşkil etməkdir.
Bir sözlə, fərdlərlə-sıravi vətəndaşlarla bilavasitə işləmək dövlət başçısının vəzifəsi deyil.
Soruşa bilərsiniz ki, dövlət başçısı son 12 ildə hara baxırmış ki, dövlətin bel sütunlarından biri sayılan bu vacib orqanda cinayət belə geniş vüsət alıb?
Bu günkü tədbirlərin məhz ilk növbədə prezidentin şəxsi təşəbbüsü ilə həyata keçirilməsi onu göstərir ki, prezidentə xəbər-məlumat verməli olan bir çox vəzifəli şəxslər tərəfindən vəzifə təlimatları pozulub, MTN-də baş verənlər barədə prezidentə, həqiqətən də ya vaxtında xəbər verilməyib, ya da baş verənlər yol verilə biləcək əndazəsini aşıb deyə, prezidentin səbri tükənib.
İstənilən halda, prezidentin başlatdığı bu kampaniya dövlətçilik baxımından vacib və faydalıdır. Bu sahədə ona yardım lazım olacaqsa, bütün xalq dövlət başçısını müdafiə etməli, ona arxa durmalıdır. Millət dövlət idarəçiliyində kök salmış bu quldur dəstələrini təmizləməkdə bir nəfər kimi səfərbər olmalı, prezidenti tək qoymamalıdır.
İndi atılan addımlar isə ardıcıl, qətiyyətli və fasiləsiz olmalıdır. Əks təqdirdə, ictimai dəstək məsələsində, prezident-xalq birliyinə nail olunmasında problemlər yarana bilər.
Ölkədə olduqca qorxunc proseslər gedir. Həm bu gün cəzalanan, həm də öz növbəsinin tezliklə gələcəyini hiss edən qüvvələr hər an revanş götürməyə, xilas olmaları üçün ölkədə stabilliyi pozmağa hazırdırlar və bunun əlamətləri artıq görsənməkdədir.
Hətta bir çox xarici qüvvələr də ölkəmizdə öz geosiyasi maraqlarını təmin etmək məqsədilə hər an daxili problemlərimizdən istifadə etməyə hazırdırlar.
Bilirəm ki, bu mövqeyimə görə bir çox müxalifətçi dostlarım tərəfindən qınanıla bilərəm. Bir çoxları məni başa düşə bilməyəcək və ya başa düşmək istəməyəcəklər.
Ancaq öncə VƏTƏN, öncə DÖVLƏTimizdir.
Bizim getməyə, qaçmağa yerimiz, ikinci vətənimiz yoxdur. Bu mafiozların vətəni isə ciblərindəki bank kartlarıdır. Hara getsələr bu “kart-vətən”x9dlərini də özləri ilə aparacaqlar.
Bir islam alimi yazır: “əgər ölkənizdə hakimiyyət zorla, qanunsuz ələ keçirilibsə və bu ələ keçirən şəxs müsəlmandırsa, namaz qılandırsa, eləcə də ölkənizdə iqtisadi azadlıqlar varsa, siyasi azadlıqlarınız uğrunda mübarizəyə qalxmayın, səbr edin, yoxsa dövlətinizi də itirərsiniz!”x9d
Son illərdə islam aləmində baş verən hadisələri və onların nəticələrini nəzərə alanda bu fikrin müdrikliyini qəbul etməmək olmur. Biz öz siyasi, korporativ maraqlarımıza görə dövlətimizi, millətimizi qurban verə bilmərik.
Ancaq bu məsələdə bütün tərəflər öz tarixi missiyalarını başa düşməli, üzərlərinə düşəni vaxtında, həm də mütləq vaxtında, gecikmədən icra etməlidirlər. Bizim atacağımız addımlar geosiyasi proseslərin inkişaf dinamikasına uyğun olmalıdır. Yoxsa gec ola bilər. Proseslər geridönməz xarakter alandan sonra 7 yox, 700 min adamı öldürsək də, DÖVLƏTİMİZİ xilas edə bilməyəcəyik. Qapımız isə çox müxtəlif təhlükələr tərəfindən artıq döyülməkdədir. Bunları eşitməmək üçün ancaq kar olmaq gərək.
İlk növbədə iqtisadiyyatdakı MONOPOLİYA dərhal götürülməli, insanların iqtisadi azadlıqları tam təmin edilməli, iş adamlarına sözdə yox, əməldə həqiqi qayğı göstərilməlidir. İnsanlar bu ölkədə biznes qurmaqdan təkcə para qazanmamalı, həm də gördükləri işlərdən zövq ala bilmədilər. Biznesləri onlar üçün sevinc mənbəyinə çevrilməlidir ki, bu sevincdən başqalarına da, dolayısı ilə də ictimai rəyə pay düşsün. Məmurlar dərk etməlidirlər ki, onların vəzifəsi ilk növbədə xalqa həqiqətən xidmət etmək, onların problemlərini həll etmək, dərdlərinə şərik olmaq, çətinliklərini asanlaşdırmaqdır. Bununçün vəzifədən sui-istifadə, rüşvətxorluq kimi hallara qarşı ciddi, həqiqi mübarizə aparılmalı, cəzaları sərtləşdirmədən, indiki cəzaların qaçılmazlığını təmin etməliyik.
İkincisi isə, ilk növbədə məhkəmə sistemindən başlayaraq, rüşvətin kökü kəsilməli, bununçün də kompleks tədbirlər həyata keçirilməlidir. Bu barədə ayrıca bir məqalə yazacağımı nəzərə alaraq, burada hələlik bununla kifayətlənirəm.
Ancaq indi çoxlarını bu sual daha çox düşündürür: “MTN işi”x9d, doğrudanmı, dövlətçilik naminə, qanunun aliliyi naminə aparılır?
Əziz dostlar, istənilən prosesin ən düzgün qiymətləndirmə meyarı onun nəticəsidir. Yəni gördüyümüz hər hansı işin nəticəsində gözlədiyimiz nəsə yaxşı bir şey əldə olunubsa, deməli, prosesi düzgün aparmışıq. Bu adi həqiqətdən çıxış edərək, indi baş verənlərə mümkün qədər obyektiv qiymət verə bilərik.
Proseslər yeni başlayıb. Görüləsi hələ çox işlər var. Uzun və yorucu bir yolun əvvəlindəyik.
Bu proses davam edəcəkmi? MTN-dən də bərbad gündə olan başqa dövlət strukturlarını da əhatə edəcəkmi?
Məhkəmələrdə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində (DƏDRX), gömrük və vergi orqanlarındakı eyni vəziyyətin aradan qaldırılması üçün tədbirlərə başlanacaqmı? Xarici ölkələrdə yüksək təhsil almış gənclərimiz elə yüksək də vəzifələrə irəli çəkilərək idarəçiliyimiz gəncləşəcəkmi?
Bu parafin iyi verən, zehni kommunist əsrində qalmış, tamahını, qarnını, nəfsini isə özü ilə sürüyüb günümüzə gətirmiş ruhu qocalmışlardan xilas ola biləcəyikmi?
Təbii ki, yalnız bu dediklərim baş verdikdən sonra deyə biləcəyik ki, bəli, indi baş verənlər dövlətçilik naminə, qanunçuluq naminə edilirmiş. Ancaq hələ ki...proseslər davam edir. Bu xəmir çox su aparana oxşayır və bizdən də səbr tələb edir.
Ancaq aşağıdkı suallar təcili cavablarını gözləyir. Çünki əhali arasında bu barədə müxtəlif şayiələr dolaşır, müxtəlif versiyalar səsləndirilir.
Bu isə ictimai rəyin qeyri-müəyyənliyi baxımından zərərldir və ictimai rəyi rahatlatmaq, insanlarımızda ruhi arxayınlıq yaratmaq, gələcəklərinə əminlik hissini formalaşdırmaq baxımından bu suallara cavablar verilməlidir.
“MTN işi”x9dnin son Nardaran olayları ilə əlaqəsi varmı?
Kimlər Eldar Mahmudovun boş qalan “nüfuz yeri”x9dni doldurmağa çalışırlar?
Bununçün yeddi gənc vətəndaşımızın qanını tökməyə, silahsız, köməksiz, dindar bir kəndin üzərində güc, gövdə göstərisi nümayiş etdirməyə, xalqın yetişdirdiyi savadlı din xadimi Tale Bağırzadəni və dostlarını həbs etməyə, millətimizi də dünyaya terrorçu kimi tanıtmağa dəyərdimi?
Bu günlərdə saytların birində belə bir şərh oxudum: “Eldar Mahmudov, sən Azərbaycan xalqının... Iran mollaları Nardarandakı şarlatanların əli ilə günümüzü qara etmək istəyirlər. Sənin fəaliyyətin nəticəsində bu bədbəxt mollalar ölkəmizi də bədbəxt ərəblərin gününə salmaq istəyir.”x9d Sitat olduğu kimidir.
Bu məzmunda xeyli rəylər yazılır və hiss olunur ki, bütün bunlar sistem halında və vahid mərkəzdən idarə edilir. Kimlərsə demək istəyir ki, guya Eldar Mahmudov Nardaranda ərəbsayağı mollaların fəaliyyətinə ya göz yumaraq şərait yaratmış, ya da qabiliyyətsizlik göstərərək, qarşısını vaxtında almamışdır.
Əvvəla, Nardaranda ərəbsayağı mollalar heç bir vaxt olmayıb, ola da bilməzdi. Çünki bu kənd 100 faiz şiə məzhəblidir və olsa-olsa, farssayağı, iransayağı mollalar bu kəndə ayaq aça bilərdilər. İslam alimi Həmədaninin gəlişi kimi.
İkincisi isə, hətta, həqiqətən də, belə olmuşdursa, onda sual yaranır: dövlətin başqa strukturları hara baxırmışlar? Daxili ictimai asayişimiz, daxili təhlükəsizliyimiz təkcə MTN-lə bağlı deyil axı.
Araşdırılası mövzular çoxdur. Bu barədə növbəti yazıda...
Ardı var...



































































































