Maraqlar toqquşması hallarına yol verən vəzifəli şəxslər intizam, mülki, inzibati və cinayət məsuliyyəti daşıya bilərlər.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Maraqların toqquşması haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, maraqlar toqquşmasının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslər müəyyən edilmiş qaydalara uyğun olaraq intizam məsuliyyətinə cəlb ediləcəklər. İntizam məsuliyyətinə cəlb edilmə mülki, inzibati və cinayət məsuliyyətini istisna etmir.
Qanun layihəsinə görə, Konstitusiya və qanunlarla müəyyən olunmuş qaydada qurumlara seçilmiş və ya təyin edilmiş şəxslər qanunun tələblərini pozduqda, səlahiyyətli subyektlər bu barədə onların seçildiyi qurumun rəhbərinə və ya vəzifəli şəxsi təyin edən yuxarı vəzifəli şəxsə məlumat verəcəklər.
Bələdiyyə orqanlarına seçilmiş şəxslərin qanunun tələblərini pozması halında isə səlahiyyətli subyektlər müvafiq seçki komissiyasına məlumat verəcəklər. Seçki komissiyası materiallar daxil olduğu gündən 5 iş günü ərzində şəxsin yol verdiyi maraqlar toqquşması halları barədə onun seçildiyi bələdiyyənin sədrinə məlumat verəcək. Bələdiyyə sədri ilə bağlı materiallar isə onun iştirakı olmadan bələdiyyə iclasında müzakirə ediləcək.
Layihədə hakimlərlə bağlı məsuliyyət məsələsi də nəzərdə tutulub. Hakimlər qanunda nəzərdə tutulmuş maraqlar toqquşması hallarına yol verdikdə, Komissiya intizam tənbehinin tətbiqi məsələsinə baxılması üçün bu barədə Məhkəmə-Hüquq Şurasına məlumat verəcək.
Bundan başqa, vəzifəli şəxsin etik davranış qaydalarının tələblərini pozduğu hallarda aparılmış araşdırmanın və ya xidməti yoxlamanın nəticələri intizam tənbehinin tətbiqinə əsas olduqda intizam icraatına başlanılacaq.
Qeyd edək ki, barələrində intizam məsuliyyətinə cəlb olunmanın xüsusi qaydası nəzərdə tutulmuş şəxslər həmin məsuliyyətə qanunla müəyyən edilmiş xüsusi qaydalara riayət edilməklə cəlb olunacaqlar.
Günay Şahmar, Bizim.Media


































































































