Türkiyədə dövlətin görünməyən ortaqları: Təriqətlər hakimiyyətə necə nüfuz edir? - VİDEO

Hazırda oxunan: Türkiyədə dövlətin görünməyən ortaqları: Təriqətlər hakimiyyətə necə nüfuz edir? - VİDEO

644308

Türkiyədə dini təriqətlərin cəmiyyətə və dövlət idarəçiliyinə təsiri uzun illərdir siyasi müzakirələrin əsas mövzularından biridir. Əvvəllər əsasən dini təbliğat, Quran kursları və tələbə yataqxanaları vasitəsilə fəaliyyət göstərən bu strukturların bir qismi zamanla təhsil, səhiyyə, media, nəşriyyat, turizm və ticarət sahələrində genişlənərək böyük iqtisadi şəbəkələrə çevriliblər. Onların dövlət qurumları ilə əməkdaşlığı, bürokratiyada kadrlaşma və ictimai resurslardan istifadə imkanları isə olduqca böyükdür.

Bu baxımdan İsmailağa Camaatı xüsusi diqqət çəkir. Bu icma dini fəaliyyəti ilə yanaşı, siyasi dairələrlə münasibətləri, daxili hakimiyyət mübarizələri və adının hallandığı məhkəmə işləri ilə diqqət mərkəzindədir.

Bir məhəllədən başlayıb, hakimiyyətə qədər uzanan yol

İsmailağa Camaatı İslamın Nəqşibəndilik təriqətinin Xalidiyyə qoluna bağlı dini icmadır. Onun əsas mərkəzi İstanbulun Fateh rayonunun Çarşamba məhəlləsində yerləşən tarixi İsmailağa məscididir. İcma uzun illər ərzində burada təşkilatlanaraq özünəməxsus dini və sosial mühit yaradıb.

İcmanın üzvləri ənənəvi geyimləri ilə seçilirlər. Kişilərin uzun saqqal saxlaması, cübbə və əmmamə geyinməsi, qadınların isə üzlərini də örtən çarşablardan istifadə etməsi bu mühitin xarakterik xüsusiyyətlərindəndir.

İsmailağa Camaatının dünyəvi təhsil sisteminə və qadınların müasir geyim üslublarına qarşı mövqeyi də olduqca radikaldır. Təriqət qızların dövlət məktəblərində təhsil almasına, hətta qadınların televiziya verilişləri izləməsinə belə qarşı çıxır.

Liderlik uğrunda mübarizə
 

İsmailağa Camaatının uzun illər əsas mənəvi lideri olmuş Mahmut Ustaosmanoğlu Türkiyədə Mahmut Əfəndi adı ilə tanınıb. O, 1954-cü ildən 1996-cı ilədək İsmailağa məscidində imamlıq edib və zamanla ətrafında geniş dini icma formalaşdırıb. Onun nüfuzu təkcə dini çevrələrlə məhdudlaşmayıb, siyasi dairələrdə də diqqət çəkib.


Mahmut Ustaosmanoğlunun 23 iyun 2022-ci ildə vəfat etməsindən sonra icmanın rəhbərliyi uğrunda mübarizə başladı. Mahmut Əfəndidən sonra liderlik onun qohumu Hasan Kılıça keçib. Bununla belə, "Fatih Mədrəsələri" icmasının qurucusu Məsum Bayraktar iddia edib ki, "İsmailağa" icmasının lideri Mahmud Ustaosmanoğlu “vəfatından sonra onunla əlaqə saxlayaraq” ona "şeyx" statusu verib. Nəticədə, Bayraktar və tərəfdarları ayrılaraq "Mahmud Əfəndi Camaatı" adlandırdıqları ayrıca bir qrup yaratdılar.

2024-cü ildə Kılıçın ölümündən sonra liderlik məsələsi yenidən gündəmə gəlib. İcmanın hazırkı rəhbəri isə Ahmet Fikri Doğan — Fikri Əfəndidir.

AKP və siyasi dairələrlə münasibətlər

İsmailağa Camaatının ictimai-siyasi çəkisini artıran amillərdən biri Türkiyənin hakim siyasi dairələri ilə münasibətləridir.

Mahmut Ustaosmanoğlunun dəfn mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan və bir sıra tanınmış siyasətçilərin iştirak etməsi icmanın ölkənin siyasi həyatındakı nüfuzunu göstərən hadisələrdən biri olub. Ərdoğanın Hasan Kılıçı ziyarət etməsi də bu münasibətlərin ictimaiyyətə açıq nümunələri sırasındadır.
 

Bunun əsas səbəbi isə icmanın böyük nüfuza və tərəfdar kütləsinə sahib olmasıdır. Xüsusilə də, seçkilər dönəmində onların dəstəyini qazanmaq partiyalar üçün böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən ölkə rəhbərliyi, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan və digər siyasətçilər seçkilər öncəsi Çarşamba məhəlləsinə gedərək icma şeyxlərini ziyarət edir və onların dəstəyini alırlar.


FETÖ-dən sonra dövlət qurumlarında yeni nüfuz savaşı

Məlum olduğu kimi, 2016-cı ildə dövlət çevrilişi cəhdindən sonra Türkiyədə Fətullah Gülən şəbəkəsinə qarşı genişmiqyaslı tədbirlər görüldü. Dövlət qurumlarında çalışan çoxsaylı şəxslər vəzifələrindən uzaqlaşdırıldı, müxtəlif strukturlarda yenidən təşkilatlanma prosesi start götürdü.

Bu prosesdən sonra Türkiyədə başqa dini icmaların dövlət bürokratiyasında möhkəmlənməsi prosesi başladı. Yəni, Fətullahçılardan boşalan yerləri digər təriqətlərin (İsmailağa, Menzil, Süleymançılar və s.) üzvləri tutmağa başladı. Bu məsələ Türkiyədə araşdırmaçı jurnalistlər tərəfindən dəfələrlə gündəmə gətirilib. Hətta dövlət qurumlarının təqirətlər arasında bölündüyü ilə bağlı məlumatlar da Türkiyə mətbuatında işıqlandırılıb.

Belə ki, Tolga Şardanın “T24” nəşrində dərc olunan məqalələri Daxili İşlər Nazirliyi və Emniyet (Polis) təşkilatındakı cemaat kadrlaşmaları və klikləşmələrlə bağlı bir sıra faktları ifşa edib. Onun araşdırmasına görə Ədliyyə və Daxili İşlər Nazirliklərində Hak-Yolcular (İskenderpaşa cemaati) və İsmailağa Cemaati kimi qruplar özünəməxsus kadr şəbəkəsi yaradıblar.

Saygı Öztürkün "Menzil: Bir Tarikatın Derin Devlet Hikayesi" kitabında isə Səhiyyə Nazirliyində xüsusilə Menzil təriqətinin (Naqşibəndi təriqətinin Xəznəvi/Menzil qolu) böyük nüfuz qazandığı qeyd olunub.

Milli Təhsil və Dəyanət İşləri Nazirliyində əsas söz sahibləri isə Süleymançılar və nurçuların digər qollarıdır.

Vəqflər, dərnəklər və milyardlıq tenderlər
 

İsmailağa Camaatının təsir imkanları yalnız dini mərasimlər və təbliğat fəaliyyəti ilə məhdudlaşmır. İcma ətrafında vəqflər, dərnəklər, dini təhsil müəssisələri və müxtəlif sosial təşkilatlar fəaliyyət göstərir. Üstəlik, bu təriqətin iqtisadi imkanları da kifayət qədər böyükdür.


Təriqət "Fatihlılar", "İsmailağa İlim ve Hizmet Vakfı", “Tek-Çelik” Şirketi  kimi strukturlar vasitəsilə tikinti, nəşriyyat, geyim sektoru, qida və özəl kurslar şəbəkəsini idarə edir.

Üstəlik, İsmailağa Təriqətinin iqtisadi imkanlarını genişləndirmək istiqamətində fəaliyyəti da davamlı xarakter daşıyır. Belə ki, 2025-ci ildə İsmailağa Camaatı tərəfindən mərkəzi Təkirdağ vilayətində yerləşən Rəhmət Elm-İrfan və Təhsil Vəqfi yaradılıb. Qurumun təsis sənədində açıq şəkildə qeyd olunub ki, Vəqfin fəaliyyəti dayandırılacağı təqdirdə bütün vəsaitləri İsmailağa Məscidi Elm və Xidmət Vəqfinə ötürüləcək.

Bununla yanaşı, təriqətə bağlı şirkətlər mütəmadi olaraq dövlət tenderlərində qalib gəlirlər. Məsələn, 2023-cü ildə ümumi dəyəri 1 milyard 45 milyon TL olan tikinti tenderi “Tek-Çelik” Şirketinə verilib.  Ümumilikdə, sözügedən şirkət 2011-2023-cü illər arasında 8 dövlət tenderində qalib olub. Bu tenderlərin ümumi dəyəri 10 milyard tldən çox olub.

Şirkətin təsisçisi və rəhbəri Mehmet Çelik İsmailağa Camaatının üzvü olduğunu və icmanın inkişafı üçün əlindən gələni etdiyini açıq şəkildə bildirib. Yəni, dövlət tenderlərindən əldə olunan milyardlar faktiki olaraq təriqətin güclənməsinə xidmət edir.

Altı yaşlı qızın istismarı, 14 yaşlı oğlanın müəmmalı ölümü

İsmailağa Camaatının adı uşaq istismarı ilə bağlı bir sır qalmaqallarda hallanıb. Onlardan ən böyük səs-küy yaradanı isə Camaata bağlı Hiranur Vəqfinin qurucusu Yusuf Ziya Gümüşelin qızı H.K.G.-nin uşaqlıq dövründə cinsi istismara məruz qalması ilə bağlı məhkəmə işidir. Belə ki, Gümüşel 6 yaşlı qızını 29 yaşlı təriqət üzvə Kadir İstekli adlı şəxslə evləndirib, üstəlik uzun illər qızın cinsi istismarına göz yumub.
 

Yalnız qız böyüyüb, məhkəməyə müraciət etdikdən sonra məsələnin üstü açılıb və sözügedən şəxslər barəsində cinayət işi başladılıb. 2024-cü ildə Kadir İstekli barəsində 36 il, iki ayrı cinayətdə ittiham olunan Yusuf Ziya Gümüşel barəsində isə 18 il 9 ay həbs qərarı verib.


Lakin iki il keçməmiş Yusuf Ziya Gümüşel sağlamlıq vəziyyəti əsas gətirilərək həbsxanadan təxliyə edilib. Hadisə Türkiyə cəmiyyətində geniş rezonans doğurub və sözügedən qərar dövlətin təcavüzçüləri müdafiə etməsi kimi qiymətləndirilib. 

İsmailağa Camaatı ilə bağlı ən son qalmaqallardan biri isə 2026-cı ilin oktyabrında İstanbulun Fateh rayonunda 14 yaşlı hafiz Mahmud Işıldakın elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə əlaqədardır. Sözügedən hadisə bələdiyyə tərəfindən İsmailağa Camaatına ayrılan parklanma ərazisində baş verib.  

Məsələyə din xadimi Cübbeli Ahmet də sərt reaksiya verib. O, İsmailağa rəhbərliyini hədəfə alaraq təhlükəsizlik tədbirlərinin görülmədiyini iddia edib və “Hafiz Mahmud Işıldakı öldürtdülər” ifadəsini işlədib.

Təriqətdaxili sui-qəsdlər

İsmailağa Camaatı illər ərzində tanınmış nümayəndələrinin öldürülməsi ilə bağlı hadisələrlə də gündəmə gəlib.

1998-ci ildə Mahmut Ustaosmanoğlunun kürəkəni və icmanın tanınmış simalarından biri olan Hızır Ali Muratoğlu Çukurçeşme məscidində silahlı hücum nəticəsində öldürülüb.

2006-cı ildə isə icmanın tanınmış din xadimlərindən Bayram Ali Öztürk İsmailağa məscidində bıçaqlı hücum nəticəsində həyatını itirib. Hücum edən şəxsin də hadisədən sonra məsciddəki insanlar tərəfindən öldürüldüyü bildirilib.

Cübbeli Ahmetlə qarşıdurma: dini nüfuz uğrunda parçalanma

İsmailağa Camaatının ictimaiyyətə ən çox tanış olan simalarından biri Ahmet Mahmut Ünlüdür. O, Türkiyə mediasında daha çox Cübbeli Ahmet adı ilə tanınır.
 

Ünlünün icma rəhbərliyi ilə münasibətləri uzun müddətdir mübahisə mövzusudur. O, rəhbərliyin Mahmut Ustaosmanoğlunun iradəsinə uyğun davranmadığını və dini baxımdan yanlış istiqamət seçdiyini iddia edib. Sonrakı mərhələdə öz ətrafında ayrıca "Şûrâ-i Müceddidiyye" adlı dini qrup formalaşdırıb. İsmailağa Camaatının bir sıra bölgə rəhbərləri ə Cübbeli Ahmetin tərəfinə keçiblər.


Bu qarşıdurma İsmailağa daxilində dini rəhbərlik və nüfuz uğrunda mübarizənin açıq nümunələrindən biridir. Bundan əlavə, Cübbeli Ahmetin çıxışları yalnız dini məsələlərlə məhdudlaşmır. O, zaman-zaman icmanın rəhbərliyini, onun ayrı-ayrı nümayəndələrini və təşkilati fəaliyyətini sərt şəkildə tənqid edir.

Lüks həyat, milyardlarla dollarlıq maliyyə imperiyası

Əslində, İsmailağa Camaatının siyasi nüfuzunun və iqtisadi gücünün nə qədər böyük olduğunu görmək üçün cəmi bir videoya baxmaq belə kifayətdir. Belə ki, bu gün Türkiyənin sosial media resurslarında İsmailağa Camaatının üzvlərindən biri Muhammed Serkan Gülün Mahmut Əfəndinin ‘Dinə Dəvət” binasını ziyarətinin görüntüləri yayılıb. Görüntülərdə təriqət üzvlərinin sirenlərlə təchiz olunmuş, lüks avtomobillərdən ibarət kortejlə hərəkət etdiyi, binanın isə xüsusi mühafizə olunması diqqət çəkir.

Qeyd edək ki, Türkiyə qanunvericiliyinə əsasən, yalnız xüsusi təyinatlı avtomobillərə siren quraşdırıla bilər. Mülki şəxslərin bunu etməsi isə qəti qadağandır. Lakin İsmailağa Camaatının üzvlərinin sirenli avtomobillərlə nümayişkəranə şəkildə hərəkət edirlər, üstəlik onlara “gözün üstə qaşın var” deyən yoxdur. Bu, hakimiyyət tərəfindən təriqətə “yaşıl işıq” yandırıldığının əyani sübutudur.
 

Üstəlik, bütün bunlar İsmailağa Camaatının cəmiyyətə nümayiş etdirdiyi zahiri, parıltılı üzüdür. Pərdə arxasında isə milyardlarla dollarlıq iqtisadi şəbəkələr, dövlət qurumlarında nüfuz uğrunda mübarizələr, qaranlıq qətllər və sui-qəsdlər, eləcə də hakimiyyət davası ilə müşayiət olunan daxili parçalanmalar dayanır.


Dini təbliğat və mənəvi nüfuz pərdəsi arxasında formalaşan bu gücün miqyası təriqətin artıq sadəcə dini icma çərçivəsindən çıxdığını və paralel güc mərkəzinə çevrildiyini göstərir.

Qeyd edək ki, İsmailağa camaatı Türkiyədə bu cür böyük nüfuza sahib olan təriqətlərdən sadəcə biridir. Belə təriqətlərin sayının kifayət qədər çox olduğunu nəzərə aldıqda isə Türkiyədə dövlət idarəetməsində dini icmaların əsas söz sahibi olduğunu demək mümkündür.


Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin