1600 il əvvəl romalılar bunu necə bacarıb? – Rəngini dəyişən şüşənin sirri açıldı

Hazırda oxunan: 1600 il əvvəl romalılar bunu necə bacarıb? – Rəngini dəyişən şüşənin sirri açıldı

644298

Britaniyanın Şeffild Universitetinin alimləri təxminən 1600 il əvvəl hazırlanmış və işığın istiqamətindən asılı olaraq rəngini dəyişən məşhur Roma şüşəsinin sirrini açıblar.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, söhbət Britaniya Muzeyində saxlanılan IV əsrə aid “Likurq kuboku”ndan (Lycurgus Cup) gedir. Əsər adi işıqda nefrit-yaşıl, arxadan işıqlandırıldıqda isə yaqut-qırmızı rəngdə görünür.

Bu xüsusiyyət əsrlərdir tarixçiləri və şüşə ustalarını heyrətləndirib.

Şüşənin sirri qızıl və gümüş nanohissəciklərindədir

Tədqiqatçılar ərimiş şüşəyə qum dənəsindən təxminən 1000 dəfə kiçik olan qızıl və gümüş nanohissəcikləri əlavə ediblər. Şüşə 1000°C-dən yüksək temperaturda əridilib və soyuduqca onun daxilində qızıl və gümüş nanokristalları formalaşıb.

Alimlərin izahına görə, işıq şüşənin içindən keçdikdə nanohissəciklər mavi və yaşıl işığı bloklayır, qırmızı və narıncı işığın keçməsinə imkan verir. İşıq səthdən əks olunduqda isə hissəciklər onu səpərək şüşənin qeyri-şəffaf yaşıl görünməsinə səbəb olur.

“Romalılar bunu necə edirdi?”

Tədqiqatda iştirak edən Şeffild Universitetinin əməkdaşı Lisa Hollands bildirib ki, bu effekti yenidən yaratmaq uzunmüddətli və çətin proses olub.

“Bu, mənim üçün sehrdir”, - deyə o qeyd edib.

Hollands bildirib ki, qədim Roma ustaları istifadə etdikləri üsulu müasir alimlərdən qat-qat əvvəl biliblər və onların qarşısında belə bir təcrübə aparıldığını görsəydilər, ehtimal ki, “Niyə bunu necə hazırlamağı bilmir?” deyə təəccüblənərdilər.

Qeyd edək ki, kubokun üzərində mifoloji səhnə təsvir olunub.

IV əsrə aid “Likurq kuboku”nun üzərində Yunan mifologiyasından Kral Likurqun hekayəsi təsvir edilir. Səhnədə şərab tanrısı Dionisin Likurq üzərində qələbəsi əks olunub. Kubokun qədim dövrdə içki mərasimlərində istifadə olunması ehtimal edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin