Türkiyədə Qəzza üçün yığılan zəkat necə “əridilib”? – SENSASİON FAKTLAR

Hazırda oxunan: Türkiyədə Qəzza üçün yığılan zəkat necə “əridilib”? – SENSASİON FAKTLAR

643067

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) illərdir dini dəyərləri siyasi fəaliyyətinin əsas alətlərindən biri kimi təqdim edir. AKP rəsmilərinin açıqlamalarında İslam, müsəlman həmrəyliyi, Fələstin məsələsi və dini həssaslıqlar hakimiyyətin həm daxili, həm də xarici siyasət ritorikasında mühüm yer tutur. Lakin söhbət insanların dini həassalığından istifadə etməkdən deyil, həmin inancın uyğun davranmaqdan gedəndə tamamilə fərqli mənzərə ortaya çıxır.

Türkiyə Dəyanət Vəqfinin Fələstin və digər ehtiyac sahibləri üçün toplanmış ianə və zəkat vəsaitlərini investisiya fondlarında yerləşdirməsi ətrafında yaranan qalmaqal bu ziddiyyəti yenidən gündəmə gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

ANS nümunəsi və Celal Çiftçi işi


Fələstin üçün verilən zəkat investisiya vasitəsinə necə çevrildi?

Türkiyə mətbuatının yazdığına görə, Türkiyə Dəyanət Vəqfi Qəzza və Fələstin başda olmaqla, ehtiyac sahibləri üçün toplanmış ianə və zəkat vəsaitlərinin bir hissəsini investisiya fondlarında yerləşdirib. Bu addıma səbəb kimi vəsaitləri inflyasiyadan qorumaq göstərilib.

Lakin sonradan maliyyə bazarlarında baş verən hadisələr fonunda fondlardakı payların azaldılması ilə bağlı qərar verilib. Türkiyə mətbuatının yazdığına görə, Diyanət İşləri Başçısı Safi Arpaguşun göstərişindən sonra fondlardan çıxış prosesinə başlanılıb. Məhz bundan sonra qalmaqalın əsasını təşkil edən rəqəmlər ortaya çıxıb.

“Sözcü” qəzetinin məlumatına əsasən, Diyanət Vəqfinin 31 avqust 2026-cı ildə müvafiq fondda 1 milyard 228 milyon 259 min 509 payı olduğu halda, sentyabrın 29-da bu rəqəm 637 milyon 622 min 159-a düşüb. Beləliklə, fond paylarının sayı təxminən 48,1 faiz azalıb.

Dəyanətin öz dini qərarı ilə ziddiyyət
 

Qalmaqalın ən diqqətçəkən tərəfi maliyyə riskləri ilə yanaşı, dini prinsiplərlə bağlıdır. Türkiyə Dəyanət İşləri Nazirliyinin nəzdində fəaliyyət göstərən Din İşləri Ali Şurası 23 mart 2022-ci ildə qəbul etdiyi qərarda zəkat vəsaitlərinin ehtiyac sahiblərinə çatdırılmadan gəlir əldə etmək məqsədilə investisiyaya yönəldilməsinin caiz olmadığını bildirib.


Qərarda zəkatın mümkün qədər gecikdirilmədən haqq sahiblərinə çatdırılmasının vacibliyi vurğulanır. Həmçinin zəkat vəsaitinin investisiya məqsədilə istifadəsinin zərər riski yaratdığı, belə bir halda ehtiyac sahibinə çatmalı olan pulun itirilə biləcəyi qeyd olunur.

Bu halda haqlı sual yaranır: Əgər Nazirlik zəkat pullarının ehtiyac sahiblərinə çatdırılmadan gəlir məqsədilə investisiyaya yönəldilməsini yolverilməz hesab edirsə, belə vəsaitlər niyə fondlarda yerləşdirib?

«Zərər etməmişik» açıqlaması sualları aradan qaldırmır

Qalmaqal yayıldıqdan sonra Türkiyə Diyanət Vəqfi iddialara münasibət bildirib. Qurumun açıqlamasında maliyyə vəsaitlərinin dəyər itirməsi, faizli maliyyə alətlərində yerləşdirilməsi və fond bazarına yatırımlar barədə xəbərlərin həqiqəti əks etdirmədiyi qeyd olunub.
 

Vəqf, həmçinin müvafiq portfel idarəetmə şirkətlərində və ləğvi ilə bağlı qərar verilən fondlarda maliyyə vəsaitinin olmadığını bildirib. Açıqlamada vəsaitlərin qanunvericiliyə və faizsiz maliyyə prinsiplərinə uyğun idarə edildiyi vurğulanıb.


Lakin faktlar göz önündədir. Bu faktları gözardı edib, "zərər yoxdur, sadəcə pay dəyişikliyidir" demək məntiqsizlik və ictimaiyyətə hörmətsizlikdir.

Şəffaflıqdan yayınmaq nəyə hesablanıb?

Digər tərəfdən, söhbət hansısa özəl şirkətin uğursuz investisiya qərarından getmir. Söhbət dini inanclarına güvənən insanların ehtiyac sahiblərinə yardım məqsədilə təqdim etdiyi vəsaitlərdən gedir.

İnsanlar zəkat verərkən həmin pulun maliyyə bazarlarında riskə atılmasını deyil, ehtiyac sahiblərinə çatdırılmasını gözləyirlər. Xüsusilə də ianələr konkret olaraq Türkiyə cəmiyyətinin həssas nöqtəsi olan Qəzza və Fələstin üçün toplanıbsa, donorların iradəsinə və vəsaitlərin təyinatına hörmətsizlik qəbuledilməz haldır.

Lakin AKP sözügedən qalmaqal fonunda şəffaf hesabatlar təqdim edib, vəsaitlərin hara yoxa çıxdığını izah etmək yerinə başqa taktika seçib. Həm Dəyanət İşləri Nazirliyi, həm də AKP iqtidarı hər vasitə ilə məsələnin üstünü örtbasdır etməyə çalışır. Bu qədər qalmaqala, narazılıqlara baxmayaraq vəsaitlərlə bağlı hesabatlar ictimaiyyətə açıqlanmır. Məsələni gündəmə gətirən millət vəkillərinin sorğu təklifləri də iqtidar təmsilçilərinin əleyhinə çıxması səbəbindən rədd edilir. Üstəlik, Dəyanət Vəqfi mövzunu araşdıran jurnalistləri hüquqi addımlarla hədələyir.
 

İctimai ianələrlə maliyyələşən bir vəqf, dövlətin rəsmi orqanlarına və cəmiyyətə şəffaf hesabat verməkdən çəkinirsə, burada maliyyə fırıldağı və ya qanunsuzluq halları şübhəsi artır.


Nurçu-islamçı AKP-nin Fələstin siyasəti: humanitar məsələ, yoxsa siyasi dividend?

Diyanət Vəqfi ətrafında yaranan qalmaqal Türkiyədə hakimiyyətin dini ritorikası ilə idarəçilik praktikası arasındakı ziddiyyətləri də üzə çıxarır.

AKP uzun illərdir İslamı, müsəlman həmrəyliyini və Fələstin məsələsini siyasi ritorikasının mühüm elementlərindən biri kimi təqdim edir. Təbii ki, bu daha çox daxili auditoriyaya hesablanmış yanaşmadır. Çünki nurçu-islamçı ideologiyanı əsas siyasi kurs kimi seçən AKP üçün Qəzza məsələsi cəmiyyətin dini həssaslığı yüksək olan təbəqəsinə nüfuz etmək üçün ideal alətdir.

Ona görə də Qəzzada baş verən faciələrə münasibət, Fələstin xalqına dəstək çağırışları və İsrail siyasətinə qarşı sərt bəyanatlar partiyanın ictimai-siyasi mövqeyində mühüm yer tutur.

Lakin humanitar faciə üzərindən siyasi üstünlük qazanmaqla həmin faciənin qurbanlarına real yardım göstərmək eyni şey deyil.
 

Fələstin məsələsinin siyasi tribunadan səsləndirilməsi, beynəlxalq ictimaiyyət qarşısında sərt bəyanatların verilməsi və dini həmrəyliyin qabardılması sadəcə sözdə bəyanatlardır. İş əməli yardıma gələndə isə ortaya çıxan mənzərə göz önündədir: Türkiyə mətbuatının yazdığına əsasən, xalqın boğazından kəsib yardım üçün verdiyi milyonlarla vəsait fond bazarlarında əridilib.


Azərbaycana qarşı kampaniyalar fonunda ikiüzlülük

Türkiyədə dini və ideoloji məsələlərin siyasi təzyiq vasitəsinə çevrilməsi Azərbaycan ictimaiyyəti üçün də aktual mövzudur. Çünki son dövrlərdə Azərbaycanda məktəbli forması və dünyəvi təhsil prinsiplərinə qarşı qarayaxma kampaniyasına AKP üzvləri də fəal şəkildə qoşulub.  

Ancaq Dəyanət Vəqfi qalmaqalı fonunda aydın görünür ki, AKP üçün dini dəyərlər yalnız siyasi və iqtisadi qazanc alətidir.  Çünki dini dəyərlərin səmimiliyi tribunadan səsləndirilən bəyanatlarla deyil, real əməllərlə ölçülür. Real əməldə isə Fələstin üçün göz yaşı tökənlərin xalqın boğazından kəsib verdiyi zəkatı neçə əritdikləri göz önündədir...

Bizim.Media-nın analitik qrupu  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin