“44” bədii filminin nümayişi zamanı mobil telefon və ya digər cihazlarla filmin çəkilməsi, görüntülərin icazəsiz qeydə alınması və yayılması yolverilməzdir. Bu cür hərəkətlər filmin istehsalçısına, yaradıcı heyətə və filmi izləməyə gələn digər tamaşaçılara qarşı hörmətsizlikdir"
Bizim.Media xəbər verir ki, bu, Mədəniyyət Nazirliyi yanında Kino Agentliyinin tamaşaçılara müraciətində yer alıb.
Bildirilib ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əsərin surətinin çıxarılması müəlliflik hüququ sahibinin müstəsna hüquqlarına daxildir.
“Qanunda surətçıxarma anlayışına videoyazı formasında hazırlanma da daxildir. Buna görə filmin icazəsiz qeydə alınması və xüsusilə həmin görüntülərin paylaşılması müəlliflik hüquqlarının və qanunvericiliyin tələblərinin pozulmasına səbəb ola bilər.
Tamaşaçılardan seanslar zamanı filmin mobil telefon və ya digər cihazlarla qeydə alınmamasını, habelə filmə aid görüntülərin hüquq sahibinin icazəsi olmadan yayılmamasını qəti şəkildə tələb edirik.
Bu tələblərin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsinə, qanunla müəyyən edilmiş şərtlər mövcud olduqda isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 165.1-ci və 165.2-ci maddələrinə əsasən məsuliyyətə səbəb ola bilər.
Qanun pozuntusu faktlarını aşkar edildikdə, təqsirli şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək” – məlumatda qeyd olunub.
Günay Şahmar, Bizim.Media

































































































