Xəbər verdiyimiz kimi, Bakıda 7-ci sinif şagirdi məktəbin pəncərəsindən yıxılıb. Məktəb direktorunun açıqlamasında şagirdin əvvəllər bir neçə dəfə özünü pis hiss etdiyi üçün məktəbə təcili tibbi yardım çağırıldığı bildirilib. Sinif yoldaşları isə məktəblinin valideynləri ilə problemləri olduğunu və buna görə intihar etdiyini qeyd ediblər.
Bəs məktəblərdə uşaqların psixi sağlamlığının izlənilməsi və riskli davranışların erkən aşkarlanması ilə bağlı hansı mexanizmlər mövcuddur? Belə halların qarşısının alınması üçün məktəblərin konkret öhdəlikləri nələrdir? Müalicə məqsədilə psixotrop dərman qəbul edən şagird barədə valideyn məktəbə məlumat verməlidirmi?
MÖVZU İLƏ BAĞLI:
7-ci sinif şagirdinin məktəbin pəncərəsindən yıxılması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Məktəblərdə psixoloji risklərin aşkarlanması üçün hansı tədbirlər görülür?
Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Bizim.Media-ya bildirilib ki, ümumi təhsil müəssisələrində şagirdlərin psixoloji vəziyyətinin müşahidəsi, psixoloji risklərin erkən müəyyənləşdirilməsi və riskli davranışların qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, məktəb psixoloqları tərəfindən şagirdlərlə fərdi və qrup konsultasiyaları aparılır, profilaktik və maarifləndirici tədbirlər təşkil edilir. Zəruri hallarda şagirdlər müvafiq mütəxəssislərə yönləndirilirlər.
Bu istiqamətdə valideynlər və pedaqoji heyətlə əməkdaşlıq da təmin edilir.
Psixotrop dərmanlar hansı hallarda uşaqlara təyin edilir?
Psixiatr Azər Bağırov saytımıza açıqlamasında bildirib ki, cəmiyyətdə psixotrop dərmanlar bəzən yalnız asılılıq yaradan vasitələr kimi başa düşülür. Halbuki insan psixologiyasının tənzimlənməsi ilə əlaqəli istifadə olunan dərmanlar da bu qrupa daxildir.
Onun sözlərinə görə, uşaqlarda bəzi diaqnozlar zamanı dərman müalicəsi zəruri olur. Bununla belə, mümkün olduğu hallarda müalicədən əvvəl davranış terapiyasına, psixososial müdaxilələrə, ailə və məktəb dəstəyinə, həmçinin məktəb psixoloqunun ailə ilə işinə üstünlük verilir.
Bu üsullar mümkün olmadıqda və ya uşağın vəziyyətini kifayət qədər tənzimləmədikdə dərman müalicəsinə başlanılır.
Psixiatr vurğulayıb ki, müalicəyə başlamazdan əvvəl dəqiq diaqnoz qoyulmalıdır. Diaqnoz müəyyənləşdirilmədən müalicəyə başlanması yolverilməzdir.
Hansı xəstəliklər zamanı dərman müalicəsi zəruri ola bilər?
Azər Bağırovun sözlərinə görə, psixoz və şizofreniya spektrinə aid xəstəliklər zamanı dərman müalicəsi zəruri ola bilər. Belə hallarda uşaqlarda olmayan görüntüləri görmə, səslər eşitmə və paranoya kimi psixotik əlamətlər müşahidə oluna bilər. Bu vəziyyətlər başqa üsullarla aradan qaldırıla bilmədikdə dərman müalicəsinə müraciət olunur. Xəstəlik müalicə edilmədikdə isə irəliləyə bilər.
Psixiatrın sözlərinə görə, autizm spektr pozuntusu olan uşaqlarda da, xüsusilə ağır hallarda, davranışların nəzarətdə saxlanılması üçün dərman müalicəsi təyin edilə bilər.
Ətrafdakı insanlara, yaşıdlarına və heyvanlara zərərvermə, oğurluq, vurma, əşyaları sındırma və dərsdən yayınma kimi hallarla müşayiət olunan davranış pozuntularında da təlimlə yanaşı, dərman müalicəsinə müraciət olunur.
Depressiya və təşviş pozuntuları da ağırlaşa bilər
Psixiatr bildirib ki, depressiya, təşviş pozuntuları və obsessiv-kompulsiv pozuntu ağır formalarda müşahidə oluna bilər. Belə uşaqlar gündəlik həyatlarını davam etdirməkdə çətinlik çəkirlər.
Xüsusilə obsessiv-kompulsiv pozuntu zamanı təkrarlanan düşüncələr və davranışlar uşağın gününün böyük hissəsini əhatə edə bilər. Uşaq müəyyən ritualları təkrarlamaqla məşğul olur, gərginlik və narahatlıq yaşayır.
Belə hallarda psixoterapiya ilə yanaşı, dərman müalicəsi də təyin edilir.
Diqqət əskikliyi və hiperaktivlik pozuntusunun təhsilə təsiri
Azər Bağırovun sözlərinə görə, uşaqlarda rast gəlinən digər pozuntu diqqət əskikliyi və hiperaktivlik pozuntusudur. Onun qeyd etdiyi kimi, bu diaqnoza Azərbaycanda və keçmiş SSRİ ölkələrində tez-tez rast gəlinir.
Bu pozuntu zamanı dərman müalicəsinə vaxtında başlamaq uşağın təhsil nailiyyətləri baxımından vacibdir. İntellektual imkanları normal, hətta yüksək olsa da, diqqətini bir işə yönəltməkdə çətinlik çəkməsi uşağın akademik nəticələrinin aşağı düşməsinə səbəb ola bilər.
Xüsusilə V sinifdən sonra dərslər çətinləşdikcə belə uşaqlar tədris proqramının öhdəsindən gəlməkdə çətinlik çəkə bilirlər. Nəticədə dərsə maraqları azalır, bir müddət sonra dərs oxumayan şagirdə çevrilir və sinif mühitindən kənarlaşa bilirlər.
Psixiatrın sözlərinə görə, belə uşaqlarda gələcəkdə siqaretə daha erkən yaşlarda başlama və digər zərərli maddələrdən istifadə hallarına da daha çox rast gəlinir. Diqqət funksiyalarının vaxtında yaxşılaşdırılması isə akademik nailiyyətlərə müsbət təsir göstərə bilər.
Psixotrop dərmanların yan təsirləri nələrdir?
Azər Bağırov bildirib ki, psixotrop dərmanların yan təsirləri arasında başgicəllənmə, yuxu pozuntuları və davranış dəyişiklikləri ola bilər.
Xüsusilə sakitləşdirici və yuxugətirici təsiri güclü olan dərmanların qəbuluna başlanılan ilk həftələrdə bu təsirlər daha qabarıq müşahidə edilə bilər. Uşaqda yuxululuq, çox yatmaq istəyi və başgicəllənmə yarana bilər. Bəzi dərmanların arterial təzyiqi aşağı salması da başgicəllənməyə səbəb ola bilər.
Müalicənin ilkin mərhələsində əsəbilik, süstlük və ya həyəcanlanma da müşahidə edilə bilər. Bu hallar adətən müvəqqəti olsa da, diqqətlə izlənilməlidir.
Dərmanların dozası və saxlanma şəraiti
Psixiatr qeyd edib ki, dərmanın təyin olunmuş dozadan artıq qəbul edilməsi zəhərlənməyə səbəb ola bilər. Buna görə də dərmanlar uşaqların və yeniyetmələrin əli çatmayan yerdə saxlanılmalı, valideynlər onların qəbuluna nəzarət etməlidirlər.
Uşaqda və ya yeniyetmədə zəhərlənmədən şübhələnməyə əsas verən əlamətlər, o cümlədən şüurun bulanması və arterial təzyiqin aşağı düşməsi müşahidə olunarsa, təcili tibbi yardım göstərilməlidir.
Məktəb şagirdin psixotrop dərman qəbul etdiyini bilməlidirmi?
Azər Bağırovun sözlərinə görə, bu məsələdə uşağın şəxsi məlumatlarının məxfiliyinin qorunması ilə onun sağlamlığına nəzarət arasında müəyyən tarazlıq gözlənilməlidir. Psixiatr bu mövzuda qanunvericilikdə dəqiq tənzimləmələrin olmadığını qeyd edib.
Onun fikrincə, uşağın sağlamlığını nəzərə alaraq məktəb psixoloquna, tibb bacısına və sinif rəhbərinə məlumat verilə bilər. Xüsusilə şagird dərmanı məktəb saatlarında qəbul etməlidirsə, bu barədə müvafiq şəxslərin məlumatlı olması dərman qəbuluna nəzarət baxımından əhəmiyyətlidir.
Dərman yuxululuq, diqqətin yayınması, başgicəllənmə və ya hərəkət pozuntuları yaradırsa, məktəb əməkdaşlarının bundan xəbərdar olması uşağın vəziyyətini izləmək baxımından faydalı ola bilər. Bununla belə, məlumat verilərkən uşağın məxfiliyi nəzərə alınmalıdır.
Psixiatr vurğulayıb ki, müalicənin ilk dövründə yan təsirlərə nəzarət üçün xüsusi diqqət tələb olunur. Uşaq dərsdə yatıb qala, başgicəllənmə səbəbindən yıxıla və ya idman dərslərində qəfil hərəkətlər zamanı çətinliklərlə üzləşə bilər.
Eyni zamanda uşağın xəstəliyinə görə damğalanmasının qarşısını almaq vacibdir. Xəstəliyin həm uşağın özünün, həm də yaşıdlarının gözündə normallaşdırılması, dərslərdə çətinlik çəkən şagirdə dəstək göstərilməsi əhəmiyyətlidir.
Yeniyetmələrin psixoloji vəziyyətinə diqqət yetirilməlidir
Azər Bağırovun sözlərinə görə, yeniyetməlik dövründə baş verən hormonal dəyişikliklər nəzərə alınmalı, narahatlıqların aradan qaldırılması üçün uyğun şərait yaradılmalıdır. Bu dövrdə psixoloq tərəfindən aparılan psixoterapiya seansları faydalı ola bilər.
Psixiatr qeyd edib ki, yeniyetmələrin bir çoxu problemlərini valideynləri ilə bölüşməkdə istəksiz olurlar. Bu dövrdə onların qarşılaşdıqları problemlər valideynlərə kiçik görünsə də, yeniyetmələrin özləri üçün böyük və ciddi məsələ ola bilər. Bəzən yeniyetmə valideynlərinin onu anlamadığını düşünür.
Bu səbəbdən yeniyetməlik dövrünün emosional dəyişkənliyi nəzərə alınmalı, ehtiyac olduqda uşaq psixoloquna müraciət edilməlidir.
Reseptli psixiatrik dərmanları apteklərdən reseptsiz almaq mümkündürmü?
Uşaqlara təyin olunan psixiatrik dərmanların təhlükəsizliyi məsələsində preparatların apteklərdən hansı qaydada buraxılması da əhəmiyyət daşıyır.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-ya bildirilib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən, həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz satılması qadağandır.
Qurumun məlumatına görə, bu tələb bütün aptek təşkilatları üçün məcburidir. Psixiatrik preparatlar da dövriyyə qaydalarına uyğun olaraq resept əsasında buraxılmalıdır.
Apteklərdə nəzarət necə aparılır?
Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, aptek təşkilatlarında dərman vasitələrinin buraxılması qaydalarına riayət olunmasına qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət edilir.
Bu çərçivədə risk meyarları nəzərə alınmaqla planlı, qanunvericilikdə nəzərdə tutulan əsaslar olduqda isə plandankənar yoxlamalar aparılır. Plandankənar yoxlamalar, o cümlədən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaranması və ya mühüm zərər vurulması barədə konkret faktlara əsaslanan məlumatlar daxil olduqda həyata keçirilir.
Nəzarət tədbirləri zamanı reseptin tələb olunması, dərmanların düzgün saxlanması, buraxılması və uçota alınması qaydalarına riayət edilməsi yoxlanılır. Qanun pozuntuları aşkarlandıqda qanunvericiliyə uyğun tədbirlər görülür.
Qurum vurğulayıb ki, uşaqlara təyin olunan psixiatrik preparatların təhlükəsizliyi yalnız satış mərhələsində deyil, diaqnostika, müalicənin təyini və tibbi nəzarət mərhələlərində də təmin olunmalıdır. Bu baxımdan valideynlərin və qanuni nümayəndələrin məsuliyyəti, eləcə də müalicənin yalnız həkim təyinatı əsasında aparılması əhəmiyyətlidir.
Fəridə, Bizim.Media




































































































