Səhiyyə sahəsində YENİ DÖNƏM – TƏBİB-in nazirliyin tabeliyinə verilməsi nəyi dəyişəcək?

Hazırda oxunan: Səhiyyə sahəsində YENİ DÖNƏM – TƏBİB-in nazirliyin tabeliyinə verilməsi nəyi dəyişəcək?

643050

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı Fərmana əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (bundan sonra – publik hüquqi şəxs) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyinə verilib.

Bizim.Media xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov sosial media hesabında etdiyi paylaşımda sözügedən Fərmanı şərh edib.

O bildirib ki, bu gün Azərbaycan səhiyyəsində yen bir mərhələnin başlanğıcı günüdür.

"Prezident İlham Əliyevin bu gün imzaladığı, TƏBİB-in Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilməsini nəzərdə tutan Fərmanı ölkəmizin səhiyyə sistemində həyata keçirilən islahatların yeni və mühüm mərhələsinin başlanğıcıdır. Bu qərar bir çoxları üçün gözlənilməz görünə bilər.
 

Lakin illər əvvəl, hələ TƏBİB yaradılarkən də ifadə etdiyimiz kimi, həmin dövrün zərurətlərindən irəli gələn idarəetmə modeli zaman keçdikcə daha vahid, əlaqələndirilmiş və mərkəzləşdirilmiş səhiyyə siyasətinə doğru inkişaf etməli idi.


Əslində, səhiyyə siyasətinin əsas məqsədi yalnız dövlət xəstəxanalarının idarə olunması deyil. Bu siyasəti həyata keçirən qurum mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, ölkədə tibbi xidmət göstərən bütün müəssisələrin və subyektlərin fəaliyyətinə strateji istiqamət verən, onların inkişafını təşviq edən, keyfiyyət standartlarını müəyyənləşdirən və maraqlarını qoruyan vahid sistemin təminatçısı olmalıdır. Bu baxımdan, bugünkü Fərman səhiyyə siyasətinin vahid mərkəzdən formalaşdırılması, idarəetmədə paralelliyin aradan qaldırılması, resurslardan daha səmərəli istifadə edilməsi və dövlət-özəl sektor əməkdaşlığının inkişafı üçün mühüm zəmin yaradır.

İcbari tibbi sığorta isə bu modeldə səhiyyə xidmətlərinin dayanıqlı və ədalətli maliyyələşdirilməsini təmin edən əsas mexanizmlərdən biri kimi öz funksiyasını yerinə yetirməlidir.

Məqsəd ayrı-ayrı qurumların ön plana çıxması deyil, vətəndaşın sağlamlığını mərkəzə qoyan bütöv bir səhiyyə sisteminin formalaşdırılmasıdır.

Bu prosesdə səhiyyə sisteminin xüsusiyyətlərini və mövcud problemlərini dərindən bilən Teymur Musayevin Baş nazirin müavini kimi dövlət idarəçiliyinin yüksək səviyyəsində səhiyyə siyasətinin əlaqələndirilməsinə töhfə verməsi də xüsusi əhəmiyyət daşıyır.
 

Eyni zamanda, Anar Bayramovun qısa müddət ərzində həyata keçirdiyi, geniş ictimaiyyətə hər zaman görünməyən daxili təhlillər, mövcud problemlərin müəyyənləşdirilməsi, idarəetmə mexanizmlərinin qiymətləndirilməsi və islahatların zəruriliyini əsaslandıran məlumatların sistemləşdirilməsi istiqamətindəki fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Onun yeni vəzifəyə təyin olunmasını bu dəyişikliklərin ardıcıl və nəticəyönümlü davam etdirilməsi baxımından müsbət qiymətləndirirəm.


Ən böyük arzumuz odur ki, bu islahatların nəticəsini ilk növbədə vətəndaşlarımız tibbi xidmətin əlçatanlığında, keyfiyyətində və səhiyyə sisteminə etimadın artmasında hiss etsinlər. Bu mühüm mərhələdə bütün məsul şəxslərə və fədakar səhiyyə işçilərimizə uğurlar arzulayıram".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin