Fransada iğtişaşlar səngimir. Oktyabrın əvvəllərində məktəblərdə böyük etiraz dalğası başlamışdı. İndi isə hökumətin sosial siyasətindən narazı qalan əhali küçələrə axışır.
Gözlənildiyi kimi əhalinin haqq səsi polis dəyənəkləriylə susdurulur.
Bu da təbii haldır. Çünki kütləvi etirazların zorakılıqla müşayiət olunması təkcə bir Avropa ölkəsinin daxili problemi deyil. Bu hadisələr müasir Avropanın sosial siyasəti, dövlət idarəçiliyi, ictimai təhlükəsizlik və demokratiya anlayışları ətrafında yığılan ziddiyyətləri yenidən gündəmə gətirir.
MÖVZU İLƏ BAĞLI:
Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”
2026-cı il oktyabrın 17-də Fransanın müxtəlif şəhərlərində yüz minlərlə insanın iştirak etdiyi nümayişlər keçirilib. Etirazların əsas səbəbləri arasında yaşayış xərclərinin artması, təhsil müəssisələrindəki problemlər, müəllim çatışmazlığı, əməkhaqqı və pensiyalarla bağlı narazılıqlar yer alıb. Nümayişlər toqquşmalara, talanlara və dövlət binalarına hücumlara çevrilib.
Bu mənzərə Fransa cəmiyyətindəki narazılığın yalnız bir qərara və ya bir sosial qrupa aid olmadığını göstərir. Söhbət insanların gündəlik həyatında hiss etdiyi iqtisadi təzyiqlər fonunda siyasi hakimiyyətə inamın olmamasından gedir.
Sosial narazılıq niyə küçə qarşıdurmasına çevrilir?
Son narazılığın əsas mənbələrindən biri yaşayış xərcləri ilə əhalinin gəlirləri arasındakı uyğunsuzluqdur. Gündəlik ehtiyacların bahalaşması, mənzil və kommunal xərclər, əməkhaqqının alıcılıq qabiliyyəti ilə bağlı narahatlıqlar xüsusilə gənclər və aşağıgəlirli ailələr üçün ciddi təzyiq yaradır. Təhsil müəssisələrində müəllim çatışmazlığı, siniflərin vəziyyəti və dövlət xidmətlərinin keyfiyyəti ilə bağlı şikayətlər də bu narazılığı gücləndirir.
Oktyabrın 17-də başlanan nümayişlər Parislə məhdudlaşmayıb. Lion, Marsel, Bordo və Limoges kimi şəhərlərdə də qarşıdurmalar və dağıntılar qeydə alınıb. Limoges şəhər meriyasının yanğın nəticəsində ciddi zərər görməsi dövlət və ictimai obyektlərin belə iğtişaşlar zamanı nə dərəcədə həssas vəziyyətə düşdüyünü göstərən hadisələrdən biri olub.
Fransa hakimiyyəti zorakılıqda radikal solçu qrupları və cinayətkarları günahlandırıb. Bununla belə, bütün nümayişçiləri eyni siyasi və ya ideoloji düşərgəyə aid etmək düzgün deyil. Etirazlarda tələbələr, müəllimlər, həmkarlar ittifaqları və müxtəlif sosial qruplar iştirak ediblər.
Yelisey Sarayındakılar etirazçılarla dialoqa getmək, onları dinləmək əvəzinə zor tətbiq etməyi üstün tutur.
Polis kütləvi həbslərə başlayıb...
Təsadüfi deyil ki, 2 gün ərzində 2 minə yaxın insan saxlanılıb. Bunlarla paralel minlərlə etirazçı bu və digər şəkildə polis zorakılığına məruz qalıb. Minlərlə etirazçı yaralanıb.
Haqq səsləri hakimiyyət tərəfindən eşidilməyən etirazçıların bəziləri radikal addımlara məcbur olublar. Nəticədə Fransada həftəsonu keçirilən etiraz aksiyaları və ardından baş verən kütləvi iğtişaşlar zamanı 1500-ə yaxın ticarət obyektinə zərər dəyib. İnsanlar ticarət obyektlərini qarət ediblər.
Əhalinin sosial narazılığını qanla boğmağa çalışan Makron hökumətinin davranışı təbii ki, beynəlxalq aləmdə ciddi narazılığa səbəb olub.
Ümumdünya İşgəncə Əleyhinə Təşkilatının (OMCT) 2026-cı il üzrə dərc etdiyi Qlobal İşgəncə İndeksində Fransada insan hüquqlarının müdafiəsi sahəsində ciddi və sistemli problemlərin mövcud olduğu bildirilib.
Fransa indeksdə "nəzərəçarpacaq risk" kateqoriyasına daxil edilib və qiymətləndirilən Avropa İttifaqı (Aİ) ölkələri arasında bu risk səviyyəsinə aid edilən yeganə dövlət olub. Hesabatda xüsusilə polis zorakılığı, irqi ayrı-seçkilik, cəzasızlıq mühiti və Yeni Kaledoniyada yerli əhaliyə qarşı tətbiq olunan tədbirlər diqqət mərkəzinə gətirilib.
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 200-dən çox qeyri-hökumət təşkilatını birləşdirən OMCT-nin qiymətləndirməsinə əsasən, Fransada insan hüquqlarının müdafiəsi üçün geniş hüquqi və institusional mexanizmlər mövcud olsa da, işgəncələrin qarşısının alınması sahəsində davamlı və struktur xarakterli çatışmazlıqlar qalmaqdadır.
Hesabatda bildirilib ki, 2024-cü ildə polis müdaxilələri ilə əlaqədar 54 nəfər, 2026-cı ilin ilk beş ayı ərzində isə azı 22 nəfər həyatını itirib. Məlumatda, həmçinin 2026-cı ilin oktyabrında lisey şagirdlərinin nümayişləri zamanı polisin həddindən artıq güc tətbiq etməsi və kütləvi həbslər həyata keçirməsi ölkədə repressiya mühitinin dərinləşməsinin göstəricisi kimi təqdim olunub.
Bununla yanaşı, Fransa həbsxanalarında həddindən artıq sıxlıq, məhbuslarla zorakı və qanunsuz rəftar halları da əsas narahatlıq doğuran məsələlər sırasında göstərilib. Hesabatda bu problemlərin məhbusların fundamental hüquqlarının qorunması və işgəncələrin qarşısının alınması baxımından ciddi risklər yaratdığı vurğulanıb.
Makron əhalinin səsini eşitmək istəmir.
Maraqlıdır ki, etirazlar bütün ölkəni bürüməsinə, vəziyyətin vətəndaş qarşıdurması səviyyəsinə çatmasına rəğmən Fransa Prezidenti Emmanuel Makron özünü çox laqeyd aparır.
Belə olmasa idi, iğtişaşların başlandığı gün Emmanuel və onun həyat yoldaşı Bricit Makron Parisdə Selin Dionun konsertində iştirak ediblər. Təbii ki, bu biganəlik xalqın daha çox qəzəbinə səbəb olub. Səsi eşidilməyən etirazçılar qarşılarına çıxan hər şeyi vurub dağıdıblar. Paytaxt Parisin müxtəlif rayonlarında baş verən yanğınlar və qatı tüstü buludları şəhərin üzərini bürüyüb.
Yanğınsöndürənlər gecə-gündüz alovun yaşayış binalarına və mühüm infrastruktur obyektlərinə keçməsinin qarşısını almağa çalışırlar. İğtişaşların yaratdığı fəsadlar və təhlükəsizlik tədbirləri səbəbindən paytaxtda nəqliyyatın hərəkəti çətinləşib, əsas magistral yolların bir hissəsi bağlanıb.
Fransanın "Vətənpərvərlər" Partiyasının lideri və prezidentliyə namizəd Florian Filippo ölkə boyu tüğyan edən iğtişaşlara görə dövlət başçısı Emmanuel Makronu günahlandıraraq onu istefaya çağırıb.
Filippo mövcud böhranın hazırkı hökumətin siyasətinin nəticəsi olduğunu bildirib.
Ölkə daxilində keçirilən nümayişlər zamanı etirazçılar inqilaba çağırış edən plakatlar qaldırıb və "Makron, istefa ver!" şüarları səsləndiriblər.
Prezident Makron isə xalqın haqq səsini eşitmək istəmir. Üstəlik, etirazçıların ən ağır şəkildə cəzalandırılacağını bildirib.
Qeyd edək ki, Makron hakimiyyətinin cəmi 6 ay ömrü qalıb. Gələn ilin aprelində keçiriləcək Prezident seçkilərində Makron onsuz da namizəd ola bilməyəcək. Lakin proseslər bu sürətlə davam edərsə, Fransa lideri apreldən əvvəl də hakimiyyətdən yola salına bilər.
Surxay Atakişiyev, Bizim.Media


































































































