İçərişəhərdə keçirilən kələğayı yürüşü ictimaiyyət tərəfindən böyük maraq və rəğbətlə qarşılandı. Bu cür tədbirlər Azərbaycanın zəngin mədəni irsinin qorunması, milli-mənəvi dəyərlərimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bakının tarixi simasını özündə yaşadan, paytaxtımızın keçmişi ilə bu gününü birləşdirən İçərişəhər qədim memarlığı, tarixi abidələri, hər şeydən əvvəl özünəməxsus atmosferi, ruhu ilə həmişə həm yerli sakinlər üçün, həm də xarici qonaqlar üçün böyük maraq doğurur.
Bu baxımdan, burada milli mədəniyyətimizi, folklorumuzu və ənənələrimizi əks etdirən tədbirlərin keçirilməsi vacibdir.
Bəs milli-mənəvi dəyərlərin yaşadılması, turistlərə tanıdılması istiqamətində yaxın günlərdə daha hansı maraqlı tədbirlər gözlənilir?
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, sözügedən məkanda mütəmadi olaraq müxtəlif tədbirlər keçirilir. Belə təşəbbüslər həm şəhər sakinlərinin mədəni tədbirlərə marağını artırır, həm də turistlər üçün Bakını daha cəlbedici edir.
“Mütəmadi olaraq ictimaiyyətin marağı fonunda milli bayramlar, tematik yürüşlər, sərgilər, ustad dərsləri, folklor proqramları təşkil olunur. Bununla bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İnstagram səhifəsində keçiriləcək tədbirlərin öncədən elanı verilir. Maraqlananlar tədbirlər haqqında məlumatları oradan əldə edib iştirak edirlər”.
Həmçinin diqqətə çatdırıldı ki, bu gün açılacaq Bakının zəngin mədəni irsini və xanlıq dövrünün izlərini özündə əks etdirən Xanlar Muzeyi, noyabrın 6-da təşkil olunacaq “İrs naminə yarat” memarlıq müsabiqəsi insanların marağını cəlb edəcək tədbirlərdəndir.
Bundan başqa, İçərişəhərdə keçirilən tədbirlər təkcə milli-mənəvi dəyərlərimiz və tariximizlə məhdudlaşmır, bu günümüz, dost ölkələrlə əməkdaşlığımız da nəzərə alınır. Məsələn, oktyabrın 22-24-də keçirələcək Koreya günləri buna əyani sübutdur.
Şəfiqə Şəfa, Bizim.Media

































































































