İlham Əliyev Paralimpiya Komitəsini TƏBRİK ETDİ

Hazırda oxunan: İlham Əliyev Paralimpiya Komitəsini TƏBRİK ETDİ

642658

Prezident İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrik mətnində deyilir:

"Sizi Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin fevral ayında Milli Paralimpiya Komitəsi təsis edilməklə, ölkəmizdə paralimpiya hərəkatının sistemli inkişafı üçün zəmin yaradılmışdır.

Azərbaycanda idmanın və sağlam həyat tərzinin təşviq edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Əlilliyi olan insanların sosial müdafiəsinin gücləndirilməsi və idman infrastrukturunun davamlı inkişafı paralimpiyaçılarımızın nailiyyətlərinin ildən-ilə artmasına əlverişli şərait yaratmışdır. Qürurverici haldır ki, idmançılarımız ötən illər ərzində Paralimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında çoxsaylı qələbələr əldə etmişlər.

Məhz həmin nailiyyətlər idmançılarımızın yüksək peşəkarlığının, iradəsinin və əzmkarlığının parlaq nümunəsidir. Onların qazandıqları hər bir medal Azərbaycan xalqına sevinc bəxş etməklə yanaşı, əlilliyin insana idmanla məşğul olmağa maneə törətmədiyini bir daha sübut edir.

Əminəm ki, Milli Paralimpiya Komitəsi bundan sonra da paralimpiya hərəkatının əsas dəyərləri – əzmkarlıq, həmrəylik, bərabərlik, inklüzivlik və qarşılıqlı hörmət prinsiplərini rəhbər tutaraq, ölkəmizdə bu sahənin daimi inkişafına və beynəlxalq idman arenalarında Dövlət Bayrağımızın yüksəldilməsinə mühüm töhfə verəcəkdir.

Bir daha paralimpiyaçıları və bu hərəkatın inkişafında əməyi olan hər kəsi təbrik edir, yeni qələbələr arzulayıram!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin