Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdadda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Zirvə görüşündə Türkiyə 2025-ci ilin iyunundan bəri icra etdiyi sədrliyi İraqa təhvil verəcək. İclasın sonunda "Bağdad Bəyannaməsi"nin qəbul olunması gözlənilir.
Çıxışında regional və qlobal məsələlərə toxunacaq Hakan Fidanın aşağıdakı əsas mesajları verəcəyi bildirilir:
Fələstin və Qəzza
İsrailin təcavüzkar siyasətinə qarşı İƏT ölkələrini vahid mövqe nümayiş etdirməyə çağıracaq; Qəzzaya fasiləsiz humanitar yardımın çatdırılmasını və iki dövlətli həll əsasında müstəqil Fələstin dövlətinin kurulmasını vurğulayacaq.
Şimali Kipr və Qərbi Trakya
Kipr türklərinə tətbiq edilən təcridin ləğvi, həmçinin Qərbi Trakya və On iki adadakı müsəlman-türk əhalinin hüquqlarının qorunması vacibliyini diqqətə çatdıracaq.
Suriya və Livan
Suriyanın ərazi bütövlüyünün qorunması və Livanın suverenliyinə hörmət edilərək İsrail qoşunlarının oradan tam çıxarılmasının vacibliyini qeyd edəcək.
Körfəz təhlükəsizliyi
Hürmüz və Babülməndəb boğazlarında gəmilərin sərbəst hərəkətinin təmin olunmasının əhəmiyyətini bildirəcək, husilərin mülki obyektlərə hücumlarını pisləyərək Səudiyyə Ərəbistanı ilə həmrəyliyini ifadə edəcək.
Xatırladaq ki, 57 üzvü olan İƏT-in təsisçilərindən olan Türkiyə, Səudiyyə Ərəbistanından sonra təşkilatın ən çox qurumuna ev sahibliyi edən ikinci ölkədir.
Bizim.Media






























































































