Bakıdan 265 km aralıda yerləşən bu rayonumuz bir vaxtlar ucsuz-bucaqsız çöllük, bataqlıq olub. Bu üzdən də köçəri quşların, onları ovlamağa çıxmış çöl heyvanların oylağı və bu sonuncuların da həvəsinə gəlmiş macəraaxtaran kişilərin də məskəni idi. Elə rayonun adı da tam təyinatı üzrə götürülüb. Adının mənasından öncə rayonun tarixinə baxaq:
Eradan əvvəl III minilliyə aid olduğunu sübut edən ən mühüm arxeoloji abidə Qaraməmmədli kəndi yaxınlığındakı tunc dövrünə xas Qoçtəpə kurqanı ərazinin tarixi köklərinə sübutdur.
Xəritədən müəmmalı şəkildə yoxa çıxmış qədim şəhər
Amma daha maraqlı bir fakt odur ki, orta əsrlərdə mövcud olmuş, sonralar isə tarixin səhifələrindən samanlığa düşən qızıl iynə kimi itmiş bir şəhər məhz indiki Yevlax rayonunda yerləşib. Ərəş (farslar Araş deyir) şəhəri Yevlaxın Xaldan kəndindən təxminən 3 km şərqdə yerləşib. Orta əsrlərdə Azərbaycanın mühüm ticarət və ipəkçilik mərkəzlərindən biri olub. Hazırda qala divarlarının xarabalıqları hələ də qalmaqdadır. Amma şəhər tarixin hansı illərində, hansı şəraitdə xəritədən silinib bəlli deyil...
XIX əsrin 80-ci illərində Bakı-Tiflis dəmiryolunun çəkilməsilə əlaqədar olaraq stansiya kimi salınan və uzun müddət əhali tərəfindən "Vağzal" kimi tanınan rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax stansiyası, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanıb. 1935-ci ildən Sovet Azərbaycanının rayonları sırasına qatılıb.
1962-ci il Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Yevlax rayonu ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov (hazırki Goranboy) rayonlarına verilərək, sənaye şəhərinə çevrilib. 1965-ci ildə isə yenidən müstəqil rayona çevrilib.
Azərbaycanın əsas nəqliyyat qovşağı
1969-cu il iyul plenumundan sonra ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə Yevlaxda bir-birinin ardınca iri sənaye obyektləri tikildi, 70-80-ci illərdə Yevlaxda Pambıqtəmizləmə, Tütün fermentləmə, Dəmir beton məmulatları, Çörək zavodu, Traktor təmiri, pivə və spirtsiz içkilər zavodu fəaliyyətə başladı. 1978-ci ildə istifadəyə verilən, Zaqafqaziyada ən iri sənaye müəssisəsi olan Yunun ilkin emalı fabrikinin işə düşməsi sayəsində Yevlax sənaye məhsullarının istehsal həcminə görə o dövrdə respublikanın 3 ən iri sənaye şəhərindən birinə çevrildi.
Elə günümüzdə də, Yevlax ölkə əhəmiyyətli strateji bir bölgəmizdir. Coğrafi mövqeyinə görə ölkənin tam mərkəzində, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Qazax magistral yolu, həmçinin Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Ərzurum qaz kəmərləri məhz Yevlaxdan keçir.
Ruslaşdırılmış türk adı
Yevlax sözü əski türkcədə “bataqlıq və ya nohur” deməkdir. Toponim ilk dəfə XVI əsr Azərbaycan tarixçisi Həsən bəy Rumlunun "Əhsən ət-təvarix" əsərində xatırlanır. Osmanlı hakimiyyəti dövründə 1593-cü ildə tərtib olunmuş maliyyə dəftərində Yevlax Gəncə vilayətinin tərkibində olan və Kürqırağı obaları əhatə edən sancaqlıq kimi qeyd edilir. Mənbələrdə ərəb əlifbası yazılmış bu sözü "Yovlaq" və "Yavlaq" kimi müxtəlif şəkildə oxumaq mümkündür.
Elə buradan “laq” sonluğunu götürsək, əslində söz yarıbayarı anlaşılacaq. Türk dillərində “laq” şəlkilçisi ərazi, məkan mənasındadır. Məsələn oylaq, otlaq, qışlaq, yaylaq və s. Şəkilçi zamanla aşınaraq, xüsusilə Sovetlər dönəmində, rus dilinə uyğunlaşdırılıb, öncə şifahi, daha sonra yazılı ədəbiyyatda dəyişib.
Yevlax toponiminin ilk hissəsi haqqında müxtəlif fikirlər mövcuddur. Azərbaycanın böyük yazıçısı Yusif Vəzir Çəmənzəminlinin "Qan içində" romanında yazdığına görə bu ərazi Ovlaq adlanırdı. Bəzi tədqiqatçılar bu izahı qəbul edərək toponimi "ovlaq" sözünün təhrif forması kimi qəbul edirlər. Ən ağlabatan versiyalardan biridir. Çünki bataqlıq, çöllük ərazi olduğu üçün bura uzun müddət səltənət dövründə sancaqbəylərinin, xanların, ağaların ov yeri olub.
Digər bir mülahizəyə görə, toponimin əsasında qədim türk dillərində, hazırda Azərbaycanın Cəlilabad, Biləsuvar və Yardımlı bölgəsində “pis, bekara, yaman” mənasını verən “yava” sözü var. Yavlaq kimi qəbul etsək, ərazinin ovdan başqa işə yaramadığı, əkinçilik və yaşayış üçün əlverişli olmadığını nəzərə alaraq niyə pis yer kimi adlandırıldığını anlamaq olar. Rayonun ərazisində quru və yarımsəhra iqlimi hakim olsa da, Kür çayı boyunca növ müxtəlifliyi ilə seçilən nadir Tuqay meşələri indi də qorunub saxlanmaqdadır.
Şəfiqə Şəfa, Bizim.Media

























































































