“Türkiyə Azərbaycanla münasibətlərə digər ölkələrin və siyasi dairələrin müdaxilə etməsinə imkan verməyəcək”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və sözçüsü Ömər Çelik iki ölkə arasında münasibətlərdə gərginlik olduğu barədə iddialara cavab verərkən deyib.
“Biz iki dövlət, bir millətik. Azərbaycanla münasibətlərimizdə bu şüara həqiqətən sadiqik”, – deyə Çelik vurğulayıb.
O bildirib ki, iki ölkənin daxili siyasi gündəliyində və bəzi daxili və xarici siyasət məsələlərinə yanaşmalarında fərqlər ola bilər, lakin yaranan fikir ayrılıqları qardaşlıq ruhunda, açıq şəkildə müzakirə olunur.
Çelik Türkiyə və Azərbaycan prezidentləri arasında həqiqi qardaşlıq münasibətlərinin mövcud olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bəzi ölkələr Ankara ilə Bakı arasına girməyə çalışır:
“Biz həmin ölkələrin buna imkan verməyəcəyik”.
Çelik Türkiyədə bəzi qrupların və sosial şəbəkələrdə fəaliyyət göstərən ayrı-ayrı dairələrin Azərbaycana qarşı hücumlarına da münasibət bildirib.
O qeyd edib ki, bu şəxslərin fəaliyyəti nə hakim partiya, nə də Türkiyə hökuməti ilə əlaqəlidir:
“Bunun bizim partiyamız və ya hökumətimizlə hər hansı şəkildə əlaqələndirilməsi belə mümkün deyil. Onlar bunu öz təşəbbüsləri ilə edirlər”.
AK Parti rəsmisi Türkiyə ilə Azərbaycan arasında münaqişə olduğu görüntüsünün yaradılmasına və iki ölkə arasındakı qardaşlığa kölgə salınmasına qarşı olduqlarını vurğulayıb:
“Biz buna heç bir şəkildə imkan verməyəcəyik. Bu, bizi ciddi şəkildə narahat edir”.
Çelikin sözlərinə görə, Ankara ilə Bakı arasında əlaqələr prezidentlər səviyyəsində olmaqla yanaşı, dövlət və partiyalararası müstəvidə də davam edir. O qeyd edib ki, anlaşılmazlıqların qarşısını almaq üçün yaxın vaxtlarda Türkiyə və Azərbaycanın nümayəndələri arasında görüşlər keçirilib.
Çelik vurğulayıb ki, Türkiyə siyasi müzakirələrin iki ölkə arasında fikir ayrılığı və gərginliyə çevrilməsinə imkan verməyəcək:
“Aramızdakı münasibətləri ifadə edən yeganə söz qardaşlıqdır. Bizim qardaşlığımız əbədidir. Bundan sonra da eyni qardaşlıq və həmrəyliklə yolumuza davam edəcəyik”.
Bizim.Media






























































































