Qlobal neft ehtiyatları bu ilin üçüncü rübündə gündəlik orta hesabla 1,9 milyon barel azalıb. Dördüncü rübdə isə ehtiyatların sutkada orta hesabla 700 min barel azalacağı gözlənilir.
Bizim.Media ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, EIA alternativ marşrutların və gəmidən gəmiyə daşınmaların istifadəsinin artması ilə Yaxın Şərqdə neft istehsalı və ixracının tədricən artacağını proqnozlaşdırır.
Regionda neft istehsalının böyük bir hissəsinin 2027-ci ilin ikinci rübünün sonuna qədər münaqişədən əvvəlki orta səviyyəyə qayıtması təxmin edilir.
ABŞ neft qiymətlərinin gələn il aşağı düşəcəyinə dair gözləntilərini də qoruyub saxlayıb. Belə ki, qlobal neft ehtiyatları yenidən artdıqca “Brent” markalı xam neftinin bir barelinin spot qiymətinin 2027-ci ilin ikinci rübündə orta hesabla 87 dollara, ilin son rübündə isə orta hesabla 74 dollara düşəcəyi proqnozlaşdırılır.
Lakin, Yaxın Şərqdəki münaqişələr səbəbindən Hörmüz boğazından və alternativ marşrutlardan xam neft axınlarında dəyişkənliyin davam edəcəyi və qısamüddətli qiymət hərəkətlərinin gözləniləndən daha dəyişkən ola biləcəyi gözlənilir.
Bundan başqa, bu il ABŞ-də xam neft hasilatının gündəlik orta hesabla 13,87 milyon barel, gələn il isə 14,3 milyon barel olacağı proqnozlaşdırılır.
Bizim.Media

































































































