Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsinin növbəti iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlqar Mustafayevin oğlu Əziz Mustafayev şahid qismində ifadə verib.
Şahid ifadəsi zamanı bildirib ki, ibtidai istintaqda ifadəsi zamanı ona təqdim olunan rəqəmlər həqiqəti əks etdirməyib.
"Mənə mənimsənilən məbləğlərlə bağlı rəqəmlər göstərildikdə onların həqiqi göstəricilərdən dörd-beş dəfə artıq olduğunu gördüm. Çünki bütün bunlarla bağlı əlimdə rəsmi çıxarışlar var".
İlqar Mustafayevin ailə üzvlərinin adına olan rəsmi əmlaklarla bağlı prokurorun suallarını cavablandırarkən Əziz Mustafayev yalnız özünə məxsus əmlaklara aid məlumat açıqlayacağını deyib. Daha sonra hakim Xəzər rayonunun Şüvəlan qəsəbəsi və Səbail rayonu ərazisində onun ailə üzvlərinə məxsus əmlaklarının olduğu barədə istintaq materiallarında müvafiq sənədlərin olduğunu Ə.Mustafayevə xatırladıb.
Şahid isə öz növbəsində bununla bağlı ibtidai istintaqa hər hansı ifadə vermədiyini deyib.
Digər şahid İlqar Sadıqov isə əvvəllər Dənizkənarı Bulvar İdarəsinin Maliyyə şöbəsinin müdiri vəzifəsində çalışdığını deyib, hazırda İdarə Heyətinin sədrinin müşaviri vəzifəsində işlədiyini bildirib:
"Rəhbərlik dəyişəndən sonra strukturda müəyyən dəyişiklik edilib. Bizim fəaliyyətimiz sənədlərlə və müqavilələrlə olub. Əməkhaqqıları işçilərin kartlarına ödənilib. Pulu qəbul edib sənədlə bank hesabına köçürmüşük. Vüqar Abbasovla Elyar Əliyevi tanıyıram. Onlardan pulu götürüb banka yerləşdirirdik".
Şahidin sözlərinə görə, onlara nağd formada hər hansı bir vəsait təqdim olunmayıb:
"Maliyyə şöbəsində kassir ştatı olmayıb. Yığılan pulları mühasib götürüb, sənədlə bank hesabına mədaxil edib. Pul gəldikdən sonra, qaydaya əsasən, banka qoyulmalı idi".
Növbəti proses oktyabrın 14-nə təyin edilib.
Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
İttihama görə, İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq vəsaiti mənimsəyiblər.
Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergini dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.
İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.
İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub. (Oxu.az)
Bizim.Media

































































































