Fransada yenə ara qarışıb. Bu dəfə etiraz edənlər nə “sarı jiletlilər”, nə də ki, fermerlərdir. Bu dəfə küçələri məktəblilə “işğal edib”. Bütün Fransanı bürüyən məktəblli etirazları artıq iki həftədən çoxdur ki, davam edir. Bu müddət ərzində əksəriyyəti yetkinlik yaşına çatmayanlardan ibarət təxminən 5000 nəfər saxlanılıb, etirazçıların hücumları və polislə toqquşmalar nəticəsində 200-dən çox insan yaralanıb. 24 təhsil müəssisəsi yanğın və vandalizm nəticəsində dağıdılıb, yüzlərlə təhsil müəssisəsi fəaliyyət göstərə bilməməsi səbəbindən bağlı qalıb.
Məktəb etirazları necə başladı?
Fransadakı məktəb etirazları adi bir hadisə ilə başladı. 21 sentyabrda Parisin ətrafındakı Kreteil şəhərindəki bir liseydə müəllimlər müəllim heyətinin çatışmazlığı səbəbindən tətilə başladılar. Növbəti gün 200 şagird onlara qoşularaq müəllimləri dəstəkləmək üçün liseyə girişi bağladı.
Tətil edən məktəblilərin videoları məktəblərin blokadası çağırışları ilə birlikdə internetdə sürətlə yayıldı. Artıq oktyabrın ilk günlərində etirazlar Fransanın 3700 liseyindən 1027-sinə bürümüşdü.
Fransada məktəblilər niyə tətil edirlər?
Fransa məktəblərində etiraz və blokadalar təhsil sistemindəki, ümumilikdə isə ölkədəki bir sıra eybəcərlikləri üzə çıxardı. Məlum oldu ki, dövlət orta məktəblərə lazımı maliyyə dəstəyi göstərmir. Yelisey Sarayındakılar bu vaxtadək az vəsaitlə daha çox iş gördürmək istəyiblər. Və müəyyən mənada buna nail olublar.
Belə ki, müəllimlər həddindən artıq dərs yükü alıblar. Bundan əlavə müəllimlər xəstə həmkarlarını əvəz edərkən heç bir ödəniş almayıblar. Ona görə də xəstə müəllimləri əvəzetmə məsələsi ciddi problemə çevrilib.
Eyni zamanda liseylərlə universitetlər arasında heç bir uzlaşma aparılmayıb. Əlaçı şagirdlərin universitetlərə qəbulu üçün heç bir stimullaşdırıcı tədbir görülməyib.
Nəticədə lisey məzunlarının ali təhsil alması kifayət qədər çətinləşib.
Ona görə də etirazçılar bu gün konkret təkliflərlə çıxış edirlər:
- təhsil müəssisələrinə dəstək üçün maliyyə vəsaitlərinin ayrılması;
- iş yükünün azaldılması üçün tədris planının yenidən işlənməsi;
- həddindən artıq dolu sinif otaqları probleminin həlli;
- xəstə müəllimlərin, o cümlədən onların əvəzedicilərinin çatışmazlığının həlli;
- universitetə qəbul sistemində islahat.
Maraqlıdır ki, şagirdlər yerli nəşrə - TF1-ə verdikləri müsahibədə bildiriblər ki, digər məsələlərlə yanaşı, onların liseyində müəllim, tədris materialları və hətta hər kəs üçün stul çatışmır. Siniflərə həddən çox şagird yüklənir. Xüsusilə də “Parcoursup” sistemi abituriyentlər üçün çox çətin bir sınaqdır.
Dəyən zərər, xəsarətlər və həbslər barədə hansı məlumat var?
Fransanın ədliyyə naziri Gerald Darmaninin sözlərinə görə, ölkə daxilində məktəbli etirazları nəticəsində 735 təhsil müəssisəsi müəyyən dərəcədə zərər görüb. Etirazçılar yanğınlar törədir, əmlaka zərər vurur və liseylərə girişi bağlayırlar.
İlkin etirazlardan bəri təhsil sisteminin 78 işçisi yaralanıb, 24 təhsil müəssisəsi yandırılıb və talan edilib, ilkin ziyan isə 20-30 milyon avro olaraq qiymətləndirilir. Yaralanan yeniyetmələrin sayı 170, hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı isə 600 nəfərdir.
Etirazlarda kimlər iştirak edir?
Məktəb etirazları yalnız orta məktəb şagirdləri və müəllimlərlə məhdudlaşmır. Onlara dəyənək və yandırıcı qurğularla silahlanmış maskalı şəxslər də qoşulub. Bu da təbii ki, daha çox xaos və dağıntıya səbəb olub.
Təsadüfi deyil ki, orta məktəb hərəkatının arxasında ifrat solçu siyasi qüvvə olan “La France Insoumise” partiyası dayanır. Son günlərdə iğtişaşlar orta məktəblərdən kənara çıxaraq şəhər mərkəzlərinə yayılıb, etirazçılar avtobus dayanacaqlarını və mağazalarını dağıdıblar. Hakimiyyət orqanları etiraz hərəkatının uzanacağından və hətta məktəblərin maliyyələşdirilməsi kimi çətinliklərlə üzləşən universitetlərə də yayıla biləcəyindən qorxurlar.
Niyə solçu partiyalar etirazları dəstəkləyir?
Fransanın Baş naziri Sebastyan Lekornu açıq şəkildə "La France Insoumise" təşkilatının lideri Jan-Lük Melenşonu orta məktəbləri bağlamağa davam etmək çağırışlarına görə ittiham edib.
Bu da səbəbsiz deyil. Çünki 6 aydan sonra Fransada növbəti prezident seçkiləri keçiriləcək. Fransanın solçu qüvvələri də tələbə etirazlarına 6 aydan sonra keçiriləcək prezident seçkilərindən əvvəl ictimai dəstəyi toplamaq üçün bir fürsət kimi dəyərləndirirlər.
Nəzərə alaq ki, "La France Insoumise" təşkilatının siyasi platforması hökumətin və polisin hərəkətlərinin tənqidinə yönəlib. Bu fikrin sübutu üçün narazı orta məktəblərin başlatdığı etirazlara hökumətin və polisin güc tətbiq eləməsi əla fürsətdir. Və solçular bu etirazlardan maksimum dərəcədə yararlanmaq istəyirlər.
Fransa hökuməti nə edir?
Davam edən iğtişaşlar və karantinlər fonunda Fransa Prezidenti Emmanuel Makron isə ölkədə yuxarı sinif şagirdlərinin və müəllimlərin etirazları ilə bağlı təcili müşavirə çağırıb.
Təhsil naziri Eduard Geffrey 2 oktyabrda müəllimlər həmkarlar ittifaqlarının, şagirdlərin və valideynlərin nümayəndələrini qəbul edərək "məktəb məsələləri üzərində işləməyə" başlayacağına söz verib. Nazir vəd edib ki, 2027-ci il üçün milli təhsil büdcəsi artırılacaq, müəllimlərin əvəzlənməsi sürətləndirmək üçün fəaliyyət planı yaradılacaq və məktəb tədris planında düzəlişlər ediləcək.
Nazir lisey şagirdlərinə müraciət edərək onları "eşidildiklərinə, dinlənildiklərinə və inanıldıqlarına" əmin etməyə çalışıb.
Həmçinin 4 oktyabrda Fransa Baş naziri Sebastyan Lekornu nazirlərə təhsil sektorundakı problemlərin həlli üçün işə başlamağı tapşırıb.
Surxay Atakişiyev, Bizim.Media


































































































