Azərbaycanda kosmetologiya sahəsində qüvvədə olan lisenziyaların sayı, eyni zamanda bu il ərzində lisenziya verilən kosmetoloji xidmət müəssisələrinin sayı açıqlanıb.
Bizim.Media-nın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyindən bildirilib ki, Azərbaycanda “kosmetoloji iş üzrə ambulator tibbi xidmət” fəaliyyəti üçün 350 qüvvədə olan lisenziya mövcuddur.
Bildirilib ki, cari il ərzində isə bu sahədə 34 lisenziya verilib.
"Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı “Lisenziyalar və icazələr haqqında” qanunla müəyyən olunub.
Hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir.
Lisenziya verilərkən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, aidiyyəti dövlət qurumlarından rəy alınır. Lisenziya obyektlə bağlı olduqda isə obyektin uyğunluğu yerində qiymətləndirilir, aidiyyəti dövlət orqanının rəyinə əsasən qərar qəbul edilir", - məlumatda qeyd edilib.
Fəridə, Bizim.Media






























































































