Bir il əvvəl, 8 avqust 2025-ci ildə Ağ Evdə Cənubi Qafqazın həyatında müstəsna rol oynayan mühüm diplomatik hadisə baş verdi. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Birgə Bəyannamə imzalayaraq iki ölkə arasında münasibətlərin yeni mərhələsinə keçid üçün siyasi iradə nümayiş etdirdilər.
Tarixi sənəd Ağ Evin ən simvolik zallarından sayılan “State Dining Room” Dövlət Yemək Zalında imzalandı. ABŞ prezidentinin iki əsrdən artıq tarixə malik bu zalı təsadüfi seçmədiyi bildirilir.
Burada keçirilən hər görüş, divarlardakı hər detal və hətta kaminin üzərindəki yazı belə müəyyən məna daşıyır.
Bizim.Media bildirir ki, “modern.az” bu dəfə İlham Əliyev və Nikol Paşinyanın görüşdüyü “State Dining Room”un tarixini, bu zalın hansı dünya liderlərini qəbul etdiyini və arxa planda görünən Avraam Linkoln portretinin niyə məhz burada yerləşdirildiyini araşdırıb.
Bu gün dövlət başçılarının rəsmi qəbul edildiyi “State Dining Room” Ağ Ev vaxtilə tamam başqa məqsədlə istifadə olunub.

1803-cü ildə ABŞ-nin üçüncü prezidenti Tomas Cefferson bu otağı şəxsi kabineti və Nazirlər Kabinetinin iclas yeri kimi istifadə edirdi. Məhz burada məşhur Lyuis və Klark ekspedisiyasının hazırlıqları aparılıb, ABŞ-nin qərbə doğru genişlənməsi ilə bağlı ilk planlar müzakirə olunub.
1809-cu ildən Prezident Ceyms Medison və birinci xanım Dolli Medison otağı dövlət qonaqlarının qəbul edildiyi yemək zalına çevirdilər. Sonrakı onilliklərdə zal dəfələrlə yenidən qurulsa da, bugünkü görünüşünü əsasən Teodor Ruzveltin 1902-ci ildə həyata keçirdiyi böyük rekonstruksiyadan sonra aldı.
Hazırda burada eyni vaxtda 130-140 qonaq qəbul etmək mümkündür və otaq Ağ Evin rəsmi diplomatik mərasimlərinin əsas məkanlarından biri hesab olunur.
Bu zal dünya diplomatiyasının canlı şahididir. 1939-cu ildə Böyük Britaniya kralı VI Corc və kraliça Elizabet ABŞ-ə ilk rəsmi səfərləri zamanı məhz burada qəbul olunublar.
Bu görüş İkinci Dünya müharibəsi ərəfəsində Vaşinqton və London arasında strateji tərəfdaşlığın simvolu hesab edilir.
Soyuq müharibənin ən gərgin illərində SSRİ lideri Nikita Xruşşovun şərəfinə təşkil olunan dövlət ziyafəti də bu zalda keçirilib. Daha sonrakı dövrdə Almaniya kansleri Lüdviq Erhard, Venesuela Prezidenti Rafael Kaldera, Paraqvay Prezidenti Alfredo Stroessner, Çin liderləri Hu Szintao və Si Cinpin də Ağ Evin məhz bu zalında qəbul ediliblər. Onilliklər ərzində yüzlərlə Prezident, kral, Baş nazir və dövlət başçısı burada ABŞ prezidentlərinin qonağı olub.

Qayıdaq, ötən ilin bu gününə… Görüşdən yayılan fotolarda ilk diqqət çəkən elementlərdən biri də liderlərin arxasında yerləşən iri portret idi. Bu, ABŞ-nin 16-cı prezidenti Avraam Linkolnun məşhur portretidir. Əsər amerikalı rəssam George Peter Alexander Healy tərəfindən 1869-cu ildə, Linkolnun ölümündən sonra çəkilib. Maraqlıdır ki, portret hazırlandıqdan sonra dərhal Ağ Evdə qəbul edilməyib. O dövrün prezidenti Ulysses Qrant onu kifayət qədər uğurlu hesab etmədiyi üçün Linkoln başqa bir portretinə üstünlük verib.
Əsəri sonradan Linkolnun oğlu Robert Todd Lincoln alaraq ailəsində saxlayıb. Yalnız 1939-cu ildə Robert Linkolnun ailəsi tablonu Ağ Evə hədiyyə edib. O vaxtdan bəri portret Dövlət Yemək Zalının kamini üzərində yerləşdirilir və qısa fasilələr istisna olmaqla bu günə qədər həmin yerdə qalır.
ABŞ prezidentləri rəsmi çıxışları və dövlət başçıları ilə görüşləri zamanı çox vaxt məhz bu portretin qarşısında dayanırlar. Kamin üzərində iki əsrlik dua həkk olunub Zalda daha bir maraqlı detal mərmər kamin üzərində həkk olunmuş sözlərdir.
Burada ABŞ-nin ikinci prezidenti Con Adamsın 1800-cü ildə Ağ Evə köçdükdən sonra həyat yoldaşı Abigail Adamsa yazdığı məktubdan məşhur dua həkk edilib:
"Qoy bu evə Allahın ən böyük xeyir-duaları nəsib olsun və bu dam altında yalnız dürüst və müdrik insanlar hökmranlıq etsin".
Bu sözlər Prezident Franklin Delano Ruzveltin göstərişi ilə 1945-ci ildə kaminin üzərinə həkk olunub və bu gün də Dövlət Yemək Zalının ayrılmaz hissəsidir.
İki əsrdən artıq tarixə malik State Dining Room ABŞ-ın daxili və xarici siyasətində dönüş nöqtələrinin şahidi olub. Milli birliyin simvolu hesab edilən Avraam Linkolnun portreti altında imzalanan sənəd isə Cənubi Qafqazda uzun illər davam edən qarşıdurmadan sonra dialoqun mümkünlüyünü nümayiş etdirən mühüm hadisələrdən biri kimi bu tarixi zalın salnaməsində öz yerini tutdu.



Bizim.Media





































































































