Vaşinqton razılaşmasının bir ili: Cənubi Qafqazın geosiyasi xəritəsini dəyişən TARİXİ DÖNÜŞ

Hazırda oxunan: Vaşinqton razılaşmasının bir ili: Cənubi Qafqazın geosiyasi xəritəsini dəyişən TARİXİ DÖNÜŞ

629812

Bu gün - 8 avqust 2026-cı ildə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış üçtərəfli Birgə Bəyannamənin bir ili tamam olur. Bu sənəd təkcə Azərbaycan-Ermənistan münasibətlərindaə deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi düzənində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Sənədin əsas əhəmiyyəti ondan ibarətdir ki, tərəflər sülh sazişinin razılaşdırılmış mətnini parafladı, münasibətlərin beynəlxalq hüquq normaları əsasında qurulacağını bəyan etdi və uzun illər nəticəsiz qalan vasitəçilik mexanizmlərinin bağlanması istiqamətində razılığa gəldi.

Vaşinqton Bəyannaməsində bir neçə fundamental prinsip təsbit edildi. Bunlara dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət, sərhədlərin toxunulmazlığının tanınması, gələcəkdə bir-birinə qarşı ərazi iddialarından imtina, güc tətbiq etməmək öhdəliyi, BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqlik daxildir. Bundan əlavə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş"in razılaşdırılmış mətnini paraflayaraq onun gələcəkdə imzalanması və ratifikasiyası üçün siyasi iradə nümayiş etdirdilər.

Üçtərəfli anlaşmanın Azərbaycan üçün əhəmiyyəti

Bu anlaşma təkcə Cənubi Qafqaza sülh gətirmədi, həm də Azərbaycanın orta gücə çevrilməsində yeni imkanlar açdı.

İlk növbədə ABŞ-Azəribaycan münasibətlərində yeni səhifə açıldı. Məhz 8 avqust anlaşmasından sonra iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahədə əlaqələr dərinləşməyə başladı. Ötən bir ildə ABŞ-ın 10 yaxın yüksək səviyyəli nümayəndə heyəti Azərbaycana gəlib. Bakıda keçirilən ikitərəfli görüşlərdə Orta Dəhlizin inkişafı, Avropanın enerji təhlükəsində ölkəmizin rolu və regional sabitliyin qorunması əsas müzakirə mövzuları olub.

Eyni zamanda ABŞ-Azərbaycan iqtisadi münasibətləri üçün yeni Yol Xəritəsi hazırlandı.
 

Təbii ki, iki ölkə arasında münasibətlərin dərinləşməsində dövlət başçıları arasındakı səmimi münasibət xüsusi rol oynayıb.


Nəzərə alaq ki, iki lider 8 avqustdan sonra 2025-ci ilin 13 oktyabrında Misirin Şarm əl-Şeyx şəhərində Qəzza sammitində və 2026-cı ilin 22 yanvarında Davosda bir araya gəliblər.

Bu görüşlər təbii ki, ikitərəfli və bərabərhüquqlu münasibətlərə öz pozitiv töhfəsini verib.

ATƏT-in Minsk qrupu tarixin arxivinə gömüldü

8 avqust anlaşmasında Azərbaycanın bir neçə prinsipial tələbi yer almışdı. Onlardan biri də ATƏT-in Minsk qrupunun ləğv edilməsi idi. Məhz Vaşinqton görüşündə ATƏT-in Minsk Prosesi və onunla bağlı institutların fəaliyyətinə son qoyulması üçün birgə müraciət imzalandı.

Qeyd edək ki, təxminən otuz il əvvəl münaqişənin həlli üçün yaradılmış bu mexanizm praktik nəticə verməmişdi. Əksinə bu institut Azərbaycanın siyasi və diplomatik manevrlərinə əngəl törədirdi. Ona görə də Vaşinqton razılaşması ilə faktiki olaraq yeni diplomatik format formalaşdı və regionda sülh prosesinin məsuliyyəti birbaşa tərəflərin üzərinə keçdi.
 

Və 2025-ci ilin sentyabr ayının 1-də ATƏT Nazirlər Şurası ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edildi. Beləcə daha bir anti-Azərbaycan institutu Prezident İlham Əliyevin qətiyyəti ilə tarixin arxivinə gömüldü.


Bədnam 907-ci düzəliş...

Məlumdur ki, müstəqilliyimizin ilk illrində, konkret olaraq 1992-ci ildə ABŞ Konqresi Azərbaycanla bağlı bədnam 907-ci düzəlişi qəbul etdi. Bununla da iki ölkə arasında münasibətlərə məsafə qoyuldu. Rəsmi Vaşinqton nəinki ölkəmizə maddi dəstək göstərmədi, həmçinin bu düzəlişdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edildi. Doğrudur 2000-ci illlərin əvvəllərində bədnam düzəliş ABŞ Prezidentinin təşəbbüsü ilə hər il donduruldu. 

Bununla belə bu qanun Azərbaycanın siyasi imicinə bir ləkə idi.

Məhz bu səbəbdən də Prezident İlham Əliyev məlum görüşdə rəsmi Vaşinqtondan bədnam 907-ci düzəlişin birdəfəlik ləğvini tələb etdi. Və ABŞ-nin "Azadlığa dəstək" aktına 1992-ci ildə əlavə edilmiş 907-ci düzəliş 9 avqust 2025-ci il tarixində tamamilə ləğv edildi. Bu isə Azərbaycan diplomatiyasının növbəti qələbəsi, İlham Əliyev qətiyyətinin təntənəsi idi.

Zəngəzur dəhlizində ABŞ-ın tərəfdaş kimi iştirakı təsdiqləndi
 

8 avqust razılaşmanın iqtisadi ölçüsü də xüsusi diqqət çəkir. Sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsinin yaradılması, regionda beynəlxalq tranzit marşrutlarının inkişaf etdirilməsi və kommunikasiya xətlərinin açılması nəzərdə tutulur. Bu addımlar Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaqla Azərbaycanı Avropa, Qafqaz və Mərkəzi Asiya arasında daha mühüm logistika qovşağına çevirə bilər.


Təbii ki, ABŞ belə bir layihədən kənarda qala bilməzdi. Və təsadüfi deyil ki, rəsmi Vaşinqton dəhlizin Ermənistandan keçən hissəsinin maliyyələşməsini öz üzərinə götürdü. Təsadüfi deyil ki, bu günlərdə ABŞ TRIPP+ Sahibkarlığa Dəstək Fondunun maliyyələşdirilməsinin həcmini iki dəfə – 201 milyon dollardan 402 milyon dollara qədər artırıb.

Sözsüz ki, Zəngəzur dəhlizinin beynəlmiləlləşməsi və açılması, ABŞ-ın regionda iqtisadi iştirakı Qafqazda yeni bir nizam formalaşdıracaq. Növbəti 20–30 ildə isə əsas həlledici faktor iqtisadi model seçimi olacaq. İqtisadi modelini Amerikanın iqtisadi arxitekturasına daha yaxın quran ölkələrsə digər qonşularından daha güclü oyunçulara çevriləcək.

ABŞ-ın Cənubi Qafqazda reallaşan yeni layihələrdə birbaşa iştirakı həm də regional təhlükəsizliyə böyük təminatdır.

Bu təminatdansa ən çox faydalanan Azərbaycan olacaq. Çünki ölkəmiz həm Naxçıvanla birbaşa quru əlaqəsi imkanı qazanacaq, həm də Orta Dəhlizin daha qısa bir yolunun moderatoruna çevriləcək.
 

8 avqust anlaşmasının ən yaxşı qiymətini Prezident İlham Əliyev verib. O, Prezident Donald Trampa ABŞ-nin müstəqilliyinin 250-ci ildönümü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edir:


“Biz Sizin Cənubi Qafqazda sülh gündəliyinin təşviqi və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində qətiyyətli səylərinizi də son dərəcə yüksək qiymətləndiririk. Keçən ilin avqustun 8-də Ağ Evdə Sizin təşəbbüsünüzlə baş tutmuş tarixi üçtərəfli görüşün nəticələri regionumuzda tamamilə yeni müsbət ab-hava və vəziyyət yaratdı. Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar. Eyni zamanda regionda sabitliyə və rifaha xidmət edən infrastruktur layihələrinin, xüsusilə də Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin edəcək “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun reallaşmasına ölkənizin göstərdiyi davamlı dəstəyini xüsusi qeyd etmək istərdim”.

Bəli, Vaşinqton razılaşmasının bir illiyi göstərir ki, Cənubi Qafqaz artıq köhnə münaqişə gündəmindən regional əməkdaşlıq və iqtisadi inteqrasiya mərhələsinə keçmək imkanı əldə edib.

Ona görə də 8 avqust 2025-ci il gələcəkdə də Cənubi Qafqazda davamlı sülhün təməl tarixlərindən biri kimi xatırlanacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin