Ceyhun Bayramov İrpen şəhərinə getdi

Hazırda oxunan: Ceyhun Bayramov İrpen şəhərinə getdi

629640

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində İrpen şəhərində olub.

Bizim.Media xəbər verir ki, nazir əvvəlcə Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad edib.

Ceyhun Bayramov sonra Azərbaycan Hökumətinin yardımı və dəstəyi nəticəsində bərpa olunmuş İrpen Şəhər Mərkəzi Poliklinikasına baş çəkib.

Ceyhun Bayramova məlumat verilib ki, Azərbaycan hökumətinin yardımı ilə İrpendə fəal hərbi əməliyyatlar zamanı ciddi ziyan dəymiş şəhər poliklinikasının bərpası tez bir zamanda başa çatdırılaraq Ukrayna hakimiyyət orqanlarına təhvil verilib.
 

Bu tibb müəssisəsi Azərbaycan hökumətinin dəstəyi və Ukraynanın enerji sektorunda aparıcı Azərbaycan brendi olan “SOCAR Ukraine” şirkətinin maliyyə dəstəyi ilə təmir edilib. Poliklinikanın fasadı və dam örtüyü yenilənib, bütün pəncərələr dəyişdirilib, müasir yanğından mühafizə və havalandırma sistemləri quraşdırılıb. Eyni zamanda, obyektin zirzəmisində tamamilə yeni sığınacaq tikilib.


Ceyhun Bayramov sonra Azərbaycan Hökumətinin yardımı və dəstəyi nəticəsində bərpa olunmuş akademik Zərifə Əliyeva adına 12 saylı İrpen Humanitar “Linqvist” liseyinə gəlib. Zərifə xanım Əliyevanın adını daşıyan muzeylə tanışlıq zamanı bildirilib ki, Prezident İlham Əliyevin göstərişi ilə məktəb qısa zamanda əsaslı təmir edilib.

Eyni zamanda, elektrik enerjisi probleminin həlli məqsədilə orta məktəb generatorla da təmin olunub.

Ceyhun Bayramov daha sonra Azərbaycan hökuməti tərəfindən planlaşdırılan yenidənqurma layihələri ilə tanış olub. Qeyd edilib ki, Azərbaycan dövləti İrpendə daha dörd irimiqyaslı yenidənqurma layihəsi həyata keçirməyi planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin