Azərbaycan və Qırğızıstan ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə malik türk dövlətləridir. Lakin son illərdə bu münasibətlər təkcə qardaşlıq prinsipləri üzərində deyil, konkret siyasi, iqtisadi və geostrateji maraqlar əsasında inkişaf edir. Xüsusilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlığın genişlənməsi fonunda Bakı–Bişkek xətti Türk dünyasının inteqrasiyasında mühüm rol oynayır.
Azərbaycan Qırğızıstanın müstəqilliyini 1991-ci il 19 dekabr tarixində tanıyıb. Diplomatik münasibətlər 1993-cü il 19 yanvarda qurulub.
Ümummilli Lider Heydər Əliyevin Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illik yubileyi çərçivəsində Qırğızıstana ilk səfəri ilə qoyulub. Diplomatik münasibətlərin inkişafı 2007-ci ildə Azərbaycanın Bişkekdə, 2008-ci ildə isə Qırğızıstanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ilə yeni mərhələyə qədəm qoyub. Bu illər ərzində Azərbaycan qarşılıqlı hörmətə və etimada əsaslanan xarici siyasət formalaşdırıb, Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət ayırıb.
Siyasi sahədə
Azərbaycanla Qırğızıstan dost-qardaş ölkə olaraq ikili münasibətləri tarix boyu qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurublar və təmsil olunduqları Beynəlxalaq təşkilatıarda bir qayda olaraq bir-birlərinə dəstək göstəriblər.
Hər iki ölkə BMT üzvüdür və beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyü məsələlərində əməkdaşlıq edir.
- Türk Dövlətləri Təşkilatı (TDT) – İki ölkə arasında əməkdaşlığın əsas platformasıdır. Nəqliyyat, iqtisadiyyat, rəqəmsallaşma, müdafiə və humanitar sahələrdə birgə layihələr həyata keçirilir.
- İslam Əməkdaşlıq Təşkilatı (İƏT) – Hər iki dövlət islam dünyasının siyasi və iqtisadi əməkdaşlığı çərçivəsində birgə fəaliyyət göstərir və qarşılıqlı dəstək nümayiş etdirir.
- İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) – Azərbaycan və Qırğızıstan təşkilatın üzvü olaraq nəqliyyat, ticarət, enerji və regional inteqrasiya layihələrində iştirak edirlər.
- ATƏT – Hər iki ölkə Avropada təhlükəsizlik, insan hüquqları və regional əməkdaşlıq məsələləri üzrə bu təşkilatın üzvüdür.
- Müstəqil Dövlətlər Birliyi (MDB) – Hər iki ölkə MDB-də təmsil olunur və iqtisadi-humanitar əməkdaşlıq proqramlarında iştirak edir.
Bundan əlavə, hər iki ölkə Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB), Asiya İnkişaf Bankı (ADB), Beynəlxalq Valyuta Fondu (IMF), Dünya Bankı və digər beynəlxalq maliyyə institutlarında da əməkdaşlıq edir.
Siyasi iradə ikitərəfli münasibətləri necə dərinləşdirdi?
Prezident İlham Əliyevin siyasi iradəsi və Qırğızıstan Prezidenti Sadır Japarov ilə qarşılıqlı inama əsaslanan şəxsi münasibətləri ikitərəfli əlaqələrə güclü dinamika qazandırıb. Təsadüfi deyil ki, son 5 ildə qarşılıqlı olaraq 13 yüksəksəviyyəli səfər gerçəkləşdirilib. Prezident İlham Əliyev 2022-ci il oktyabrın 11-12-də Qırğızıstana ilk dövlət səfəri həyata keçirib. Prezident Sadır Japarov isə 2022-ci ilin aprelində ölkəmizə rəsmi, 2024-cü ilin aprelində isə dövlət səfərləri edib.
İki ölkə arasında indiyədək 105 sənəd imzalanıb. Bunlardan ən mühümü Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlığın əsasını qoyan “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”dir.
2022-ci ilin noyabrında Prezident İlham Əliyevin Bişkekə dövlət səfəri zamanı münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəldi. Səfər çərçivəsində "Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum" imzalandı. Bu mexanizm iki ölkənin əməkdaşlığını ən yüksək siyasi səviyyədə koordinasiya edən platformaya çevrildi.
2024-cü ilin aprelində Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfəri etdi. Səfər zamanı bir sıra yeni sənədlər imzalandı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiyaların artırılması və nəqliyyat-logistika layihələrinin sürətləndirilməsi barədə razılıqlar əldə olundu. Prezidentlər iki ölkənin münasibətlərini "strateji tərəfdaşlıq" kimi qiymətləndirdilər.
İqtisadi əməkdaşlıq
Azərbaycan-Qırğızıstan iqtisadi əlaqələrinin böyük potensialı var. Lakin əvvəlki dönəmlərdə bu potensialdan lazımınca istifadə edilməyib. Amma son 5 ildə iki ölkə arasında münasibətlər yeni müstəviyə çıxarılıb. Və iqtisadi əlaqələrin dərinləşməsi və şaxələnməsi üçün Azərbaycan və Qırğızıstan liderləri iradə və qətiyyət nümayiş etdiriblər.
Məhz hər iki ölkə başçısının təşəbbüsü və razılığı ilə iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün Azərbaycan–Qırğızıstan İnkişaf Fondu yaradılıb. Fondun nizamnamə kapitalı 100 milyon ABŞ dolları təşkil edir. Fondun əsas məqsədi sənaye, kənd təsərrüfatı, logistika, turizm, emal sənayesi və digər sahələrdə birgə investisiya layihələrinin maliyyələşdirilməsidir. Bu, Azərbaycanın Mərkəzi Asiyada həyata keçirdiyi ən böyük investisiya təşəbbüslərindən biri hesab olunur.
Bu faktlar göstərir ki, Azərbaycan–Qırğızıstan münasibətləri artıq yalnız siyasi dialoqdan ibarət deyil. 100 milyon dollarlıq İnkişaf Fondu, yeni investisiya layihələri, Orta Dəhliz üzrə əməkdaşlıq və qarşılıqlı siyasi dəstək iki ölkənin strateji tərəfdaşlığını Türk dünyasının iqtisadi inteqrasiyasının aparıcı istiqamətlərindən birinə çevirir.
Nəqliyyat sahəsində əməkdaşlıq xüsusilə diqqət çəkir. Qırğızıstan Orta Dəhliz vasitəsilə Avropa bazarlarına çıxış əldə etməkdə maraqlıdır. Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və müasir logistika infrastrukturu Qırğızıstan məhsullarının Avropa istiqamətində daşınmasını əhəmiyyətli dərəcədə sürətləndirə bilər. Bu marşrut Şimal marşrutuna alternativ kimi getdikcə daha çox əhəmiyyət qazanır.
Enerji sahəsində də əməkdaşlıq genişlənir. Azərbaycan neft-qaz sənayesində malik olduğu təcrübəni Qırğızıstanla bölüşür. Bundan əlavə, yaşıl enerji sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunur. Xəzər və Mərkəzi Asiya regionlarını birləşdirən enerji layihələri gələcəkdə türk dövlətləri arasında enerji inteqrasiyasını gücləndirə bilər.
Hərbi sahədə
Müdafiə sahəsində əməkdaşlıq da yüksələn xətt üzrə inkişaf edir. Hərbi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, zabitlərin hazırlığı, hərbi təhsil, təcrübə mübadiləsi və müdafiə sənayesi üzrə əməkdaşlıq son illərdə genişlənib. Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı təcrübə bütün türk dövlətləri kimi Qırğızıstan tərəfindən də böyük maraqla öyrənilir.
Humanitar sahədə
Nəzərə alaq ki, Azərbaycanla Qırğızıstan ortaq türk mədəniyyətənə sahib olduqları üçün iki ölkə arasında humanitar sahədə güclü əlaqələr var. Ənənəvi olaraq hər iki ölkədə qarşılıqlı mədəniyyət günləri keçirilir, universitetlər arasında əməkdaşlıq genişlənir, tələbə mübadiləsi proqramları həyata keçirilir. Azərbaycan Qarabağın bərpası prosesinə Qırğızıstanın da töhfə verməsini yüksək qiymətləndirir.
2025-ci il iyulun 3-də Azərbaycanın və Qırğızıstanın dövlət başçılarının iştirakı ilə Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılış mərasimi baş tutub. Sözügedən məktəb Sadır Japarovun təşəbbüsü ilə inşa edilib. 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulub.
Bu gün Azərbaycan–Qırğızıstan münasibətləri təkcə diplomatik təmaslarla deyil, konkret layihələr və qarşılıqlı investisiyalarla müşayiət olunur. İki ölkə arasında bütün sahələrdə əlaqələrin dərinləşməsi və şaxələnməsi üçün ilk növbədə siyasi iradə var. Məhz bu amil bərabərhüquqlu tərəfdaşlığa və yüksək etimada söykənən müttəfiqlik iki dost-qardaş ölkəninin əlaqələrində böyük və uğurli perspektivlər vəd edir.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Siyasət
15:20 / 30.07.2026
Orta Dəhlizdən QARABAĞA - Azərbaycan–Qırğızıstan əlaqələrinin yeni XƏRİTƏSİ
Hazırda oxunan: Orta Dəhlizdən QARABAĞA - Azərbaycan–Qırğızıstan əlaqələrinin yeni XƏRİTƏSİ
Hazırda oxunan: Orta Dəhlizdən QARABAĞA - Azərbaycan–Qırğızıstan əlaqələrinin yeni XƏRİTƏSİ
628388
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































