Xəbər verdiyimiz kimi iyunun 4-də İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər.
Razılaşma Tramp administrasiyasının rəhbərliyi ilə günlərlə davam edən danışıqlardan sonra əldə edilib və hər iki ölkə hərbi əməliyyatları dayandırmaq və daha geniş sülh razılaşmasına yönəlmiş birbaşa danışıqları davam etdirmək öhdəliyini götürüb.
Atəşkəs “Hizbullah”ın hücumlara son qoyması, döyüşçülərin cənubi Livandan çıxarılması və silahlı qrupların əraziyə qayıtmasının qarşısının alınması şərti ilə qüvvədə qalır.
Masadakı əsas şərtlər nədir?
Ağ Evin koordinasiyası ilə hazırlanan sülh planı regionda uzunmüddətli sabitliyin bərqərar olunmasını hədəfləyir.
Razılaşmaya əsasən, İsrail tərəfi Livanın cənubuna və Beyrutun ətraflarına endirilən zərbələri dayandırmağa razılıq verib. Lakin bunun müqabilində Livan daxilində fəaliyyət göstərən Hizbullah qruplaşmasının İsrail şəhərlərini hədəf alan raket və dron hücumlarına tamamilə son qoyması tələb olunur.
Göründüyü kimi, atəşkəsin şərtləri çox kövrəkdir və hər an pozula bilər. Məsələn, İsrail rəhbərliyi atəşkəs rejimini dəstəkləsə də, rəsmi Tel-Əviv bəyan edib ki, ölkənin təhlükəsizliyinə yönələn hər hansı yeni təxribat qeydə alınarsa, hərbi cavab tədbirləri dərhal və daha sərt şəkildə bərpa olunacaq.
Livanın mövqeyi isə bundan ibarət olub ki, Beyrut administrasiyası mülki infrastruktura ziyan vuran hava zərbələrinin dayandırılması şərti ilə silahlı qruplaşmaların atəşi dayandırmağa hazır olduqlarını vasitəçilərə çatdırıb.
Qarşılıqlı hücum xəbərdarlığı
Amma silahlı qruplaşmalar xüsusilə də “Hizbullah” bildirib ki, atəşkəs razılaşmasını tanımır. Qruplaşmanın lideri Naim Qasem bəyan edib ki, İsrail və Livan arasındakı atəşkəs şərtləri ilə razı deyil:
"İşğal davam etdiyi müddətcə müqaviməti dayandırmaqla bağlı heç bir öhdəlik götürməmişik".
Qasem əlavə edib ki, İsrail qoşunları Livan ərazisini tərk etməlidir. Onun sözlərinə görə, hərbi əməliyyatların davam etməsi İrandakı münaqişənin nizamlanması səylərinə mane olur.
İsrailin müdafiə naziri İsrael Kats isə xəbərdarlıq edib ki, "Hizbullah"ın İsrailin şimal bölgələrinə hücumları dayandırılmayacağı təqdirdə, ABŞ baş nazir Benyamin Netanyahunun və İsrail Müdafiə Ordusunun (SAXAL) Beyrutun Dahiya rayonuna kütləvi zərbələr endirmək barədə birgə qərarını dəstəkləyib:
"ABŞ-ın xahişi ilə dünənə qədər SAXAL Beyrutda irimiqyaslı hərbi əməliyyatlar keçirməkdən çəkinirdi... Bu, Vaşinqtonun İranla razılığa gəlmək istiqamətindəki diplomatik səyləri ilə bağlı idi".
Bu bəyanatlardan aydın olur ki, atəşkəsin pozulması daha çox İran faktorundan asılıdır.
Niyə məhz İran?
Nəzərə alaq ki, Yaxın Şərqdəki münaqişənin əsas pərdəarxası oyunçusu İrandır. “Hizbullah” və bir sıra hərbi qruplaşmalar bu və digər şəkildə İrana bağlıdır. Rəsmi Tehran həmin qruplaşmalardan təsir mexanizmi kimi istifadə edir. İlk baxışdan bu qruplaşmalar İsraili hədəfə alsa da, əslində rəsmi Təl-Əvivin maraqlarına uyğun hərəkət edir.
Məlumdur ki, İsrail bir dövlət kimi yarandığı gündən bu yana hər il qarış-qarış öz torpaqlarını genişləndirir. Bu işdə yəhudi dövlətinə İran və bölgədəki hərbi qruplaşmalar kömək göstərir.
Sanki qarşılıqlı razılıq əsasında hərbi birləşmələr hansısa ərazidən İsrailə hava zərbəsi endirir. Təl-Əviv də həm əks cavab verir, daha sonra həmin ərazilərə qoşun yeridir. Bir çox hallarda da işğal olunmuş ərazilər İsrailin nəzarətinə keçir.
İsrailin Konstitusiyası niyə yoxdur?
Nəzərə alaq ki, 1948-ci ildə yaradılmış İsrail dövlətinin bu günə kimi Konstitusiyası yoxdur. Əslində səbəb çox sadədir. Konstitusiyanı qəbul etməklə İsrailin sərhədləri də təsbit olunar.
Ən pisi də odur ki, İsrailin genişlənmə ideyalarına əksər böyük dövlətlər də dəstək veriri. Məsələn, bu yaxınlarda ABŞ-ın İsraildəki səfiri etiraf etdi ki, İsrail Tövrata uyğun ərazilərə iddia etməkdə haqlıdır.
Bəs İsrail hansı ərazilərə iddialıdır?
Xəyali Yerusəlim dövlətinə Nildən Fərat çayına qədər ərazilər daxildir. Bu vaxtadək İsrail Fələstinin və Livanın bir çox ərazisini ələ keçirib. Hətta hər üç səmavi din üçün müqəddəs sayılan Qüds hazırda əsasən İsrailin nəzarətindədir. Bura gələcək Yerusəlim dövlətinin paytaxtı hesab olunur.
Qəribədir ki, bir sıra Qərb dövlətləri İsrailin bu planına can-başla yardım edir. Son illərdə ABŞ, Praqvay, Çexiya, Qvatemala kimi dövlətlər İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürüblər. Halbuki, BMT tərəfindən tanınan İsrailin siyasi xəritəsində Qüdsün adı yoxdur.
Təsadüfi deyil ki, ötən günkü atəşkəs razılaşmasında İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasına dair hər hansı bir bənd və yaxud şərt yoxdur.
Hələ onu demirik ki, bu atəşkəs Trampın şəxsi reputasiyasına xidmət edəcək bir faktordur. O, yəqin ki, növbəti bir müharibəni bitirdiyini elan etməyə hazırlaşır.
Əslində isə müharibə bitməyib...
Böyük ehtimalla, yaxın günlərdə İranın təzyiqi ilə “Hizbullah” və yaxud “Həmas” İsrail ərazisinə bir raket atacaq. Bunun ardınca İsrail Livanın və yaxud Fələstinin daha bir neçə yaşayış məntəqəsini ələ keçirəcək.
Beləcə, İsrail addım-addım ərəb dövlətlərinin torpaqlarını ələ keçirəcək.
Qeyd edək ki, İsrailin Livana son hücumları zamanı təkcə torpaq sahələri ələ keçirilməyib. Həm də 3 min 526 şəxs həyatını itirib, 11 minə yaxın insan isə yaralanıb.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Siyasət
10:00 / 06.06.2026
Müharibənin sonu, yoxsa müvəqqəti fasilə? - İsrail-Livan atəşkəs razılaşmasının PƏRDƏARXASI
Hazırda oxunan: Müharibənin sonu, yoxsa müvəqqəti fasilə? - İsrail-Livan atəşkəs razılaşmasının PƏRDƏARXASI
Hazırda oxunan: Müharibənin sonu, yoxsa müvəqqəti fasilə? - İsrail-Livan atəşkəs razılaşmasının PƏRDƏARXASI
617405
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































