Müxalifətdən “Yeni SSRİ”nin yaranmasına ilginc reaksiyalar

Hazırda oxunan: Müxalifətdən “Yeni SSRİ”nin yaranmasına ilginc reaksiyalar

47107

 Mayın 29-da Qazaxıstan paytaxtı Astanada Qərbin SSRİ-nin bərpası kimi təqdim etdiyi Avrasiya İqtisadi Birliyi(AİB) rəsmən elan olundu. Ali Avrasiya İqtisadi Şurasının toplantısında iştirak edən Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarabayev və Belarus prezidenti Aleksandr Lukaşenko yeni birliyin yaradılmasını öz imzaları ilə təsdiq ediblər. Bu hadisə artıq iki gündür ki, dünyanın xəbər məkanında ən çox müzakirələrə yol açan hadisələrdəndir.


Bir sıra siyasətçilər, ictimaiyyət Avrasiya İqtisadi Birliyini Rusiyanın SSRİ-ni başqa formada bərpa etmək istiqamətində reallaşdırdığı ittifaq hesab edirlər. AİB-in yaranmasının bütün keçmiş postsovet məkanına təsir göstərəcəyi proqnozlaşdırılır.
AİB-in yaranmasının Azərbaycan üçün nə vəd etməsi, bu hadisənin ölkəmizin xeyirinə, yoxsa zərərinə olduğu, Rusiyadan Azərbaycana təzyiqlər güclənəcəkmi və hakimiyyət təzyiq qarşısında geri çəkilə bilərmi kimi suallar açıq qalır.

Baş verən hadisəyə münasibət bildirən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı hesab edir ki, AİB səmimi birlik deyil: “Sadəcə olaraq, müəyyən motivlərlə Rusiyadan daha çox asılılığı olan Belarus və Qazaxıstan faktiki olaraq bu ittifaqa qoşulmaq üçün Kreml tərəfindən məcbur edilib. Ermənistanın da bu birliyə qoşulacağı gözləniləndir. Çünki Ermənistan öz mövcudluğuna, Azərbaycan ərazilərini işğalda saxlaya bilməsinə görə Rusiyaya minnətdardır. Bu prosesin bir sıra müsbət və mənfi cəhətləri var.

Əvvəla, bu iqtisadi birliyin yaranması faktiki olaraq Rusiyanın bütövlükdə keçmiş sovet imperiyasını bərpa etmək ümidlərinin puça çıxdığını əks etdirir. Eyni zamanda, belə bir iqtisadi birliyin yaranması əslində faktiki olaraq Müstəqil Dövlətlər Birliyinin artıq lüzumsuz bir quruma çevrilməsini fakt olaraq təsdiq edir. Bu birliyin Qərbə rəqabətə dözə bilməyəcək rəqib kimi ortaya çıxmasını nəzərə alsaq, bu prosesin konkret olaraq Azərbaycan üçün müəyyən pozitiv cəhətləri də ola bilər. Prosesin Azərbaycan üçün pozitiv cəhətləri olmaq üçün isə hakimiyyət dəqiq siyasi kurs yürütməlidir. AİB ilə ziddiyyətə girmədən, əlavə problem yaratmadan Avroatlantik məkana inteqrasiya istiqamətində öz inkişafımızı davam etdirməyə və Avrointeqrasiya sahəsindəki deklorativ bəyanatların real addımlarla əvəz olunmasına nail olmaq lazımdır. Hakimiyyət əgər öz deklorativ bəyanatlarını real addımlarla əvəz edəcəksə təbii ki, bu, Azərbaycanın mənafelərinə uyğun ola bilər”.

A.Hacılı qeyd etdi ki, Rusiya Azərbaycanın da Avrasiya İttifaqına daxil olmasında maraqlıdır. Çünki bu ittifaq faktiki olaraq Qərbi Rusiyanın, Qazaxıstanın və bütövlükdə keçmiş SSRİ məkanında olan enerji resurslarından asılı vəziyyətə salmaq məqsədi daşıyır. Əgər Azərbaycan da bu birliyə daxil olsa, Rusiyanın Qərbə təzyiq imkanları daha da artar: “Ancaq belə bir iqtisadi birliyin yaranması ilə əlaqədar Qərbin Azərbaycana olan marağı daha artacaq. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti bu amili də nəzərə alaraq, ölkəmizin Avroatlantik məkana inteqrasiyası istiqamətində real addımlar atmalıdır. İndiki geopolitik şəraitdə Azərbaycan hakimiyyətinin AİB-ə daxil olacağı barədə qərar qəbul edəcəyinə inanmıram. Əvvəla, bu, vətənə xəyanət olardı, ikincisi, bu, Azərbaycan üçün fəlakətli nəticələrə gətirib çıxarardı. Üçüncüsü, yəqin ki, bu, Azərbaycan hakimiyyətinin özünün də süqutu ilə nəticələnərdi. Bu, üç amili nəzərə alaraq düşünürəm ki, Azərbaycan AİB-ə daxil olmayacaq”.

Azad Demokratlar Partiyasının qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri Sülhəddin Əkbər bildirdi ki, postsovet məkanı öz geopolitik inkişafında yeni mərhələyə qədəm qoyub. Bir tərəfdən GUAM ətrafında gedən proseslər, digər tərəfdən isə MDB-nin digər üzvlərinin artdığı addımlar postsovet məkanının geopolitik inkişafı istiqamətində atılan addımlardır: “Yəni postsovet məkanının soyuq müharibə sonrası yenidən formalaşması prosesi gedir. Moldova, Ukrayna və Gürcüstan Avropa Birliyi istiqamətində öz strateji seçimlərini ediblər. Əks istiqamətdə seçim edənlər isə Avrasiya İqtisadi Birliyində birləşmək qərarı veriblər. 

Rusiya, Belarus və Qazaxıstan Gömrük İttifaqının üzvləri idi. Onlar bu iqtisadi inteqrasiyanı dərinləşdirmək istiqamətində daha bir addım atıblar. Əslində bu yalnız iqtisadi birlik deyil. Eyni zamanda siyasi-iqtisadi-geopolitik birlikdir. Hər üç ölkə eyni zamanda MDB-nin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridirlər. Ona görə də yeni yaratdıqları birlik Avrasiya İqtisadi Birliyi adlansa da əslində siyasi, iqtisadi, geopolitik birlikdir. Digər tərəfdən də əks istiqamətdə GUAM  məkanına daxil olan üç ölkə öz seçimini edib. İyunun 27-də Moldova, Ukrayna və Gürcüstanın Avropa Birliyi ilə assosiativ saziş imzalaması gözlənilir. Bu saziş imzalandıqdan sonra hər üç ölkənin Avropa Birliyi ilə sərhədləri və gömrüyü ortadan qalxır. Yəni vahid iqtisadi bir məkanda birləşirlər. 

Bu da o deməkdir ki, artıq birmənalı olaraq Rusiyanın təsir sferasından çıxırlar. Ermənistan və Qırğızıstan da Avrasiya İqtisadi Birliyinə birləşmək niyyətlərini rəsmi bəyan ediblər. Azərbaycan sanki bu iki yeni yaranmaqda olan ittifaqın arasında boz zonada qalır. O baxımdan Azərbaycana hər iki tərəfdən təzyiqlərin artacağı gözlənilir. Xatırlayırsınızsa, biz illərdir deyirik ki, Azərbaycan öz strateji seçimini etməlidir. Baxmayaraq ki, 2007-ci ildə Azərbaycanın qəbul etdiyi Milli Təhlükəsizlik Konsepsiyasında göstərilir ki, Azərbaycanın strateji hədəfi Avroatlantik məkana inteqrasiyadır, amma gördüyünüz kimi 2007-ci ildən 7 il keçsə də Azərbaycan bu deklorativ siyasəti istiqamətində faktiki addımlar atmır. Ona görə də bu boz geopolitik zonada qaldığı üçün yaxın gələcəkdə hər iki istiqamətdən Azərbaycana təzyiqin artacağı və Azərbaycan ətrafında da gərginliyin yaranacağı, Azərbaycanda daxili siyasətə də bunun təsir edəcəyini proqnozlaşdıra bilərik”.


S.Əkbərin fikrincə, Azərbaycan Avropa Birliyi kimi açıq cəmiyyətlərin olduğu Avropa Birliyi istiqamətində öz seçimini etməlidir: “Rusiyanın rəhbərliyi altında olan avtoritar rejimlərin birləşdiyi və artıq izolyasiyasına başlandığı bir məkana qoşulması Azərbaycana heç bir fayda verməyəcək. Azərbaycan hakimiyyətinin də Avrasiya İttifaqına qoşulmaq niyyətində olmadığını bilirik. Amma yenə də qoşulub-qoşulmamaq asılı olacaqdır Rusiyadan gələn təzyiqlərin hansı səviyyədə olmasından və eyni zamanda ABŞ-ın, Avropa Birliyinin bu təzyiqlər qarşısında Azərbaycana necə dəstək verməsindən. Qeyri-müəyyənlik sürdükdə isə Azərbaycan neytral qalmağa çalışacaq. Tərəflər arasında seçim etməyə tələsməyəcək”.

Həmsöhbətimiz AİB-in yaranması barədə sazişin qüvvəyə minməsinin 2015-ci ilin yanvarına saxlanmasının səbəblərinin də olduğunu söylədi: “Bunun hüquqi və texniki tərəfləri var. Çünki imzalanmış sənədlər müqaviləyə üzv olan ölkələrin parlamentlərində ratifkasiya olunmalıdır. İkincisi, yeni üzvlərin üzvlüyü üçün müəyyən yenə də hüquqi, texniki, təşkilati məsələlər var ki, onlar öz həllini tapmalıdır. Digər tərəfdən də hələlik üzvlük üçün qəbul olmaq istəyini rəsmi şəkildə bildirən əsasən Ermənistandır. Düzdür, Qırğızıstanda da bəyanat olub. Amma iyun ayı ərzində üzvlüyə Ermənistan baş vuracaq. Rusiya çalışacaq ki, AİB-ə yeni ölkələri də qoşsun. Bu ölkələr sırasında da ilk növbədə Azərbaycandır. Əgər xəritəyə baxsanız Avrasiya İttifaqına növbəti namizədin kimliyini xəritə özü göstərəcək. Rusiyanın sərhədində olan və AİB-ə birmənalı münasibət bildirməyən yeganə ölkə Azərbaycandır. Odur ki, xəritə özü növbəti geopolitik hədəfin kim olacağını göstərir”/.Mosavat.com/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin