Ukrayna Rusiyanın tammiqyaslı hərbi müdaxiləsi təhlükəsi qarşısındadır.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Andrey Parubiy Kiyevdə keçirdiyi brifinqdə bildirib.
Onun bildirdiyinə görə, Rusiya Ukrayna ilə sərhədə 80 minlik qoşun cəmləşdirib. A.Parubiy deyib ki, hazırda Ukrayna sərhədləri yaxınlığında Rusiya ordusunun iri qoşun qruplaşması mövqe tutub. Bura 80 minlik şəxsi heyət, 270 tank, 180 zirehli maşın, 380 artilleriya sistemi, 18 reaktiv artilleriya sistemi, 140 döyüş təyyarəsi, 90 zərbə vertolyotu, 19 hərbi gəmi daxildir.
“Onlardan 8 min nəfərlik iki qruplaşma Şimali Polessk istiqamətində cəmləşdirilib. Tərkibində 170 tank, 520 zirehli döyüş maşını, 120 artilleriya sistemi, 40 təyyarə və 20 vertolyot var. Bu qruplaşma Ukrayna sərhədinin bilavasitə yaxınlığındadır və faktiki olaraq bir neçə saata Kiyevə çata bilər” - deyə Parubiy bildirib.
Təhlükəsizlik Şurasının katibi deyib ki, bu cür qoşun qruplaşmaları Şərqi Slobodsk, cənubi Donetsk, Zaporojets istiqamətlərində də cəmləşdirilib.
A.Parubiy Ukrayna Silahlı Qüvvələrinin döyüş hazırlığı vəziyyətinə gətirildiyini və təlim keçirdiyini bildirib. O, Ukrayna ordusunun istənilən istiqamətdən edilə biləcək hücuma cavab verməyə hazırlaşdığını deyib.




































































































