Türkiyədə siqaret asılılığından xilas olmaq istəyən vətəndaşlara pulsuz dərman veriləcək.
Bizim.Media Türkiyənin “Rəsmi” qəzetinə istinadən xəbər verir ki, qərar prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
Qüvvəyə minən qərarla, 1 milyon nəfərin siqareti tərgitmə müalicəsində istifadə olunan dərmanlardan ödənişsiz yararlanmasına imkan yaradılıb.
Müalicə prosesi Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən tütün asılılığının müalicəsi və təlim mərkəzləri vasitəsilə həyata keçiriləcək. Vətəndaşlar müvafiq tibbi qiymətləndirmədən keçdikdən sonra siqareti tərgitmə prosesində istifadə olunan dərmanları bu mərkəzlər vasitəsilə əldə edə biləcəklər.
Qərarın diqqətçəkən məqamlarından biri də odur ki, bu dəstəkdən yararlanmaq üçün heç bir sosial sığorta şərti tələb olunmayacaq. Yəni vətəndaşın sosial sığortalı olub-olmamasından asılı olmayaraq, müəyyən edilmiş dərmanlar ona pulsuz veriləcək.
Son məlumatlara görə, Türkiyədə təxminən 15–19 milyon nəfər siqaret çəkir. Səhiyyə Nazirliyinin 2026-cı il məlumatları göstərir ki, ölkədə təxminən hər üç nəfərdən biri tütün məmulatlarından istifadə edir.
Tütün istehlakının geniş yayıldığı ölkələrdən biri olan Türkiyədə adambaşına düşən gündəlik siqaret istehlakı da dünya üzrə yüksək göstəricilər sırasındadır.
Mütəxəssislər bildirirlər ki, siqaretlə əlaqəli xəstəliklərin azalması üçün müalicəyə çıxışın asanlaşdırılması və siqareti tərgitmə prosesinin dəstəklənməsi ictimai sağlamlıq baxımından mühüm addımdır.
Günay Şahmar, Bizim.Media


































































































