"Həm tədbirə gəlmir, həm də borcunu vermir" – KTMT Ermənistanı səs hüququndan məhrum edir

Hazırda oxunan: "Həm tədbirə gəlmir, həm də borcunu vermir" – KTMT Ermənistanı səs hüququndan məhrum edir

618459

Ermənistanın iki ildən artıq müddətdir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə üzvlük haqlarını ödəməməsi səbəbindən qurum çərçivəsində İrəvana qarşı cəza mexanizmləri işə salınır.

Bizim.Media xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Kazanda keçirilən KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra mətbuata bəyanatında bildirib ki, təşkilata üzv dövlətlər Ermənistana qarşı Nizamnamənin müvafiq bəndinin tətbiq edilməsi barədə razılığa gəliblər.

Rusiya XİN rəhbəri Ermənistan tərəfinin borcları ödəməkdən nümayişkaranə şəkildə imtina etdiyini vurğulayıb:

"İyunun 7-də – Ermənistanda seçkilər keçirilən gün həmkarım Ararat Mirzoyan "KTMT ilə bağlı vəziyyət necədir?" sualına cavab verərkən bildirib ki, "biz üzvlük haqqı ödəmirik, çünki sadəcə olaraq fəaliyyətdə iştirak etmirik". Bu situasiyada nə etməli olduğumuzu bu gün müzakirə etdik. Ermənistanın KTMT büdcəsi qarşısında iki ildən çoxdur yaranan borcu təşkilatın Nizamnaməsi ilə tənzimlənən bir vəziyyətdir. Biz bu gün müvafiq maddənin işə salınması barədə razılığa gəldik".
 

Təşkilatın Nizamnaməsinin 20-ci maddəsinə əsasən, üzv dövlət iki il ərzində maliyyə öhdəliklərini yerinə yetirmədikdə, Kollektiv Təhlükəsizlik Şurası həmin ölkənin KTMT daxilindəki kvota vəzifələrinə öz vətəndaşlarını namizəd göstərmək hüququnu dondurur, həmçinin borc tam ödənilənədək onu qurumun bütün orqanlarında səs hüququndan məhrum edir.


Bundan əlavə, eyni maddəyə görə, əgər bir dövlət KTMT-nin prinsiplərini və qərarlarını sistemli şəkildə pozarsa, onun təşkilatın fəaliyyətində iştirakı tamamilə dayandırıla və ya o, ittifaqdan xaric edilə bilər. Üstəlik, bu cür qərarlar qəbul edilərkən həmin günahkar ölkənin səsi nəzərə alınmır.

Lavrov qeyd edib ki, Ermənistan hazırda rəsmən tamqüvvəli üzv statusunu saxlasa və bayrağı zalda asılsa da, İrəvanın fəaliyyəti donduraraq paralel olaraq NATO ilə hərbi əməkdaşlığı genişləndirməsi birmənalı qarşılanmır və Ermənistan rəhbərliyi yaxın vaxtlarda Qərblə regional ittifaqlar arasında dəqiq seçim etməli olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin