Türkiyənin Adana şəhərinin Kozan rayonunda iki ailə arasında qız qaçırma məsələsi üstündə yaranan düşmənçilik faciə ilə nəticələnib. E.K. adlı şəxs aralarında problem olan Əli Ersoy və onun oğlu Ömər Ersoyu ov tüfəngi ilə atəş açaraq qətlə yetirib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hadisə axşam saatlarında Kozan rayonunun Aydın məhəlləsində baş verib. İddiaya görə, Əli Ersoyun digər oğlu Y.E. iki gün əvvəl E.K.-nın qızını qaçıraraq evlənib. Bu səbəbdən ailələr arasında düşmənçilik yaranıb.
Axşam saatlarında saman tayası yüklü traktorla hərəkətdə olan Əli Ersoy və oğlu Ömər Ersoy yolda E.K. ilə qarşılaşıblar. Traktordan düşən ata-oğul ilə E.K. arasında sözügedən məsələyə görə mübahisə düşüb. Mübahisənin böyüməsi nəticəsində E.K. yanında gəzdirdiyi ov tüfəngi ilə Əli və Ömər Ersoya atəş açıb.
Hadisəni törədən E.K. ərazidə patrul xidməti aparan jandarma qrupları tərəfindən cinayət başında, silahı ilə birlikdə yaxalanaraq saxlanılıb.
Hadisə yerinə çağırılan tibb işçilərinin yoxlaması zamanı 55 yaşlı ata Əli Ersoyun hadisə yerində dünyasını dəyişdiyi müəyyən olunub.
Ağır yaralı halda Kozan Dövlət Xəstəxanasına qaldırılan 29 yaşlı oğlu Ömər Ersoyu isə həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. Həyatını itirən ata və oğulun cəsədləri ekspertiza üçün Adana Ədliyyə Tibb Qurumunun morquna göndərilib.
Faktla bağlı jandarma tərəfindən genişmiqyaslı araşdırmalara başlanılıb.
Bizim.Media




































































































