Qlobal kibertəhlükəsizlik üzrə indeks - “National Cybersecurity Index” üzrə yeni nəticələr açıqlanıb.
Bizim.Media xəbər verir ki, 2025–2026-cı illəri əhatə edən yeni nəticələrə əsasən Azərbaycanın balı 75,83-dən 83,33-ə yüksəlib.
Bununla da ölkəmiz reytinqdə 52-ci pillədən 31-ci pilləyə irəliləyib.
Qeyd edək ki, İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında Azərbaycanın region ölkələrinin böyük hissəsini qabaqlaması və bəzi inkişaf etmiş ölkələri də geridə qoymasının təsadüfi olmadığını bildirib:
"Düşünürəm ki, bu dəfə nəticələr əvvəlki illərlə müqayisədə daha çox reallığı əks etdirir. Çünki son illərdə bu sahədə həm hüquqi baza, həm institusional struktur, həm də əməli fəaliyyət baxımından ciddi dəyişikliklər baş verib.
Birmənalı olaraq qeyd etmək lazımdır ki, yeni reytinqdəki bu irəliləyişdə əsas rollardan biri məhz son 3-4 ildə Dövlət Təhlükəsizliyi Xidmətinin bu sahəyə sistemli şəkildə daxil olması ilə bağlıdır.
Eyni zamanda qeyd etmək lazımdır ki, ötən bir-iki ildə DTX kibercinayətkarlığa qarşı qlobal Konvensiyanın hazırlanmasında da fəal iştirak edib və Azərbaycan artıq bu sənədi qəbul edən ilk ölkələrdən biridir. Elektron sübutlarla bağlı hüquqi bazanın gücləndirilməsi də bu reytinqdə dönüş yaradan addımlardandır.
DTX-də formalaşan Milli Kibertəhlükəsizlik Mərkəzinin rolu da xüsusi qeyd olunmalıdır.
DTX və XRİTDX-nin iştirakı ilə son illərdə kibercinayətkarlıqla mübarizə sahəsində yeni prosessual mexanizmlər tətbiq edilib, dövlət qurumlarının informasiya təhlükəsizliyinin və kritik infrastrukturun qorunması və inkişafı istiqamətində ciddi addımlar atılıb və beynəlxalq əməkdaşlıq genişləndirilib. Bu məsələlər sektorun inkişafına müsbət təsir edən amillərdir”.
Osman Gündüz qeyd edib ki, Elm və Təhsil Nazirliyinin bu qurumlarla birgə ümumi təhsilin müxtəlif səviyyələrində onlayn təhlükəsizlik üzrə kompetensiyaları kurikuluma daxil etməsi də bu sahəyə mühüm töhfə verib:
“Eyni zamanda DİN və Mərkəzi Bank arasında kibercinayətkarlıqla bağlı real vaxt rejimində işləyən mexanizmlərin qurulması, kibergigiyena və maarifləndirmə tədbirlərinin genişləndirilməsi, ictimai institutlaşmanın güclənməsi də sektorda irəliləyişə müsbət təsir edən amillərdəndir.
Bundan əlavə, son illərdə kiber sahədə kadr hazırlığı istiqamətində RİNN-in İsrailin Technion Universiteti ilə birgə həyata keçirdiyi layihələr, universitetlərdə bu sahənin gücləndirilməsi və bir neçə ali təhsil müəssisəsində kibertəhlükəsizlik üzrə ixtisaslaşmış strukturların - institutların yaradılması da sektordakı uğurlara töhfə verib.
Düşünürəm ki, bu irəliləyiş ölkənin kibertəhlükəsizlik sahəsində sistemli inkişafının, dayanıqlılığının və ümumilikdə gücləndirilmiş kibermüdafiə qabiliyyətinin aydın göstəricisidir”.
Qeyd edək ki, “National Cybersecurity Index” ölkələrin kiber təhlükəsizlik sahəsində hazırlıq səviyyəsini ölçən beynəlxalq reytinq sistemidir. Bu indeks e-Governance Academy tərəfindən hazırlanıb.
NCSI ölkələrin dövlət səviyyəsində kiber təhlükəsizlik siyasətini, qanunvericilik bazasını, texniki imkanlarını və insidentlərə reaksiya qabiliyyətini analiz edərək reytinqləri müəyyənləşdirir. İndeks təxminən 40-dan çox göstərici əsasında hesablanır.

Bizim.Media




































































































