"Aqentstvo" nəşrinin yazdığına görə, ABŞ-nin respublikaçı senatoru Lindsi Qremin vəfatı ilə bağlı Rusiya hakimiyyətyönlü media və Telegram kanalları nifrət, istehza və sui-qəsd nəzəriyyələrindən ibarət bir dalğa başladaraq, geniş müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, təbliğatçı Vladimir Solovyov öz şousunun efirinə amerikalı senatorun ölümü ilə bağlı bu sözlərlə başlayıb:
"Bu gün Lindsi Qrem gəbərdi". Cəmi bir dəqiqə yarım ərzində o, "gəbərdi" sözünü altı dəfə təkrarlayıb:
"Qəflətən gəbərdi. Hələ dünən Kiyevdə şadlıqla bütün ruslara ölüm hədələri yağdırır, bizə qarşı dəhşətli sanksiyaların tətbiqini tələb edirdi. Amerikaya uçdu və gəbərdi. Qəflətən".
Daha sonra o, Qremin Kiyevdən qayıtdıqdan sonra "gəbərdiyini" əlavə edib. "Mən bilmirəm o niyə gəbərdi. Guya ürəktutmasıdır. Bəlkə pulu azalıb və Zelenskiyə işləri üçün daha çox pul lazım olduğuna işarə edib?.. Yoxsa çox şey bilirdi? Çünki o, əlbəttə ki, bütün korrupsiya sxemlərinə dərindən bağlı idi. Amma o gəbərdi", — deyə Solovyov bildirib. O, Qrem haqqında nitqini "Heyif ki, o təkdir" ifadəsi ilə yekunlaşdırıb.
NTV telekanalı Qremi "ən nüfuzlu rusofoblar" siyahısına daxil edib. Kreml tərəfdarı olan politoloq Markov onu "rusofobiya manyakı" adlandırıb. "Komsomolskaya pravda"nın təbliğatçısı Aleksandr Kots isə "bu planetdə bir qızışdırıcı daha azaldı" yazıb.
Həmçinin, bir sıra nəşrlərdə əsas diqqət Qremin Ukraynaya səfərindən qayıtdıqdan dərhal sonra ölməsinə yönəldilib. Rusiya Müdafiə Nazirliyinin "Zvezda" telekanalı "Politoloq Qremin ölümünü onun Kiyevə son səfəri ilə əlaqələndirib" başlıqlı qeyd dərc edib. Bu yazı Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Solonnikovun fikirlərinə əsaslanıb. O, iddia edib ki, Kiyevə səfər ölümün səbəbi ola bilərdi — "siyasətçiyə nəsə dəhşətli bir xəbər çatdırıla bilərdi, o, Ukrayna ilə söhbətdən sonra özünə gələ bilməyib".
"Arqumentı i faktı" nəşri "Qara nişan: Senator Qremin ölümü Zelenski ilə əlaqələndirilib" adlı yazı dərc edib. Orada politoloq Vakarov bəyan edib ki, "əvvəllər Ukraynaya gələn və Zelenskinin salamlaşdığı bir çox məmur qısa müddət sonra istefa verirdi", Qrem vəziyyətində isə "Zelenski onunla son vaxtlar iki dəfə görüşdüyünü demişdi".
Bir sıra təbliğat xarakterli nəşrlərdə isə Qremin Ukraynanın P1-SUN dronu ilə olan fotosuna vurğu edilib.
"Gazeta.ru"nun "Lindsi Qrem ölməzdən bir qədər əvvəl Ukraynanın P1-SUN dronuna toxunub" başlıqlı yazısında senatorun ölməzdən əvvəl Zelenskinin əlini sıxdığı, sonra isə Ukrayna dronuna toxunduğu bildirilir.
Bizim.Media





































































































