Türkiyənin İstanbul şəhərinin Arnavutköy rayonunda tükürpədici uşaq zorakılığı hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, 6 yaşlı autizmli Helin Naz Budak adlı azyaşlı qız özündən yaşca böyük uşaqlar tərəfindən zorla su kanalına itələnib.
Yaxınlıqdakı obyektlərdən birinin müşahidə kamerasına əks olunan görüntülər hadisənin nə dərəcədə vahiməli olduğunu üzə çıxarıb. Kadrlarda uşaqların autizmli qızı qolundan tutaraq zorla su kanalına tərəf sürüklədiyi görünür. İlk cəhdlərdə uşağı yıxa bilməyən azyaşlılar inadla fəaliyyətlərinə davam edir və sonda onu qəddarlıqla dərin su kanalına itələyirlər.
Başından xəsarət alan Helin Naz yerdə iməkləyərək ayağa qalxmağa çalışarkən belə, uşaqlar ona qarşı müdaxiləni dayandırmırlar.
Hadisəni digər qızının xəbər verməsi ilə təsadüfən öyrənən ana Əminə Budak (Emine Budak) yaşadığı dəhşəti bu sözlərlə ifadə edib:
"Böyük qızım qaçaraq gəldi ki, Helin Naz yıxılıb. Tez aşağı düşdüm, bir uşaq onu kanaldan çıxarmağa çalışırdı. Sonra qonşular dedilər ki, orada kamera var. Ertəsi gün görüntülərə baxanda beynimə qan vurdu. Qızımı bəlkə də 4-5 dəfə itələməyə çalışıblar, uşaq müqavimət göstərib, amma sonda yıxıblar".
Məhəllədəki digər uşaqların və valideynlərin hadisəni gizlətməyə çalışdığını deyən ana dərhal polis bölməsinə yollanıb.
Video kadrların mətbuatda yayılmasından və ictimaiyyətin kəskin reaksiyasından sonra polislər azyaşlının ağır xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı genişmiqyaslı araşdırma və təhqiqat başladıb. Hadisəni törədən uşaqların valideynləri ilə birlikdə ifadələrinin alınması prosesi davam edir.
Bizim.Media































































































