Rusiyanın Yaroslavl vilayətində pilotsuz uçuş aparatlarının (PUA) yanacaq anbarına endirdiyi zərbələrdən sonra bölgədə ekoloji vəziyyət kəskin pisləşib. Rıbinsk rayonunda qeydə alınan "neft (mazut) yağışı"ndan sonra ərazidəki su hövzələri də ciddi çirklənməyə məruz qalıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, yerli sakinlər regional su obyektlərində qara təbəqənin yarandığını qeydə alıblar.
Sosial şəbəkələrdə paylaşılan görüntülərə və şahidlərin verdiyi məlumatlara görə, Rybinsk şəhərindən təxminən 20 kilometr məsafədə yerləşən Volqotnya çayının səthində yapışqan, qara rəngli neft ləkələri əmələ gəlib.
Eyni zamanda, Rıbinsk su anbarına tökülən Şeksna çayının sahilində yerləşən yaşayış məntəqələrində də analoji ekoloji fəsadlar müşahidə olunur.
"Neft yağışı" təkcə su hövzələrini deyil, həm də geniş bir arealda qurunu iflic edib. Rıbinsk dairəsinin rəhbərliyi neft komponentli yağıntıların düşməsini rəsmən təsdiqləyib. Sakinlər fərdi təsərrüfatların, istixanaların, bitkilərin və avtomobillərin üzərinin tamamilə yağlı qara təbəqə ilə örtüldüyünü bildirirlər.
Hazırda nəzarətçi orqanlar tərəfindən atmosfer havası və su hövzələrində zərərli maddələrin konsentrasiyasını müəyyən etmək üçün analizlər aparılır. Yerli əhali torpağın və qrunt sularının uzunmüddətli zəhərlənməsindən ciddi narahatlıq ifadə edir.
Bizim.Media
































































































