Braziliyada ekstremal idman növü olan roup-camqinq (iplə hündürlükdən tullanma) zamanı tükürpədici və bədbəxt hadisə baş verib. Təşkilatçı şirkətin əməkdaşlarının ağlasığmaz səhlənkarlığı gənc bir qızın faciəvi şəkildə həyatını itirməsinə səbəb olub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hadisə qızın ad günü ərəfəsində dostları ilə birlikdə əylənmək istədiyi vaxt qeydə alınıb.
İstintaq materiallarına görə, tullanışı təşkil edən şirkətin əməkdaşları gənc qızı platformadan aşağı atmazdan əvvəl onun təhlükəsizlik kəmərini və qoruyucu sığorta avadanlıqlarını əsas kəndirə bağlamağı unudublar.
Nəticədə, heç bir sığorta sistemi olmadan platformadan buraxılan 21 yaşlı qız təxminən 40 metr hündürlükdən birbaşa qayalıq uçuruma düşüb. O, aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib.
Hazırda faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Səhlənkarlığa yol verən təşkilatçılar saxlanılıb, ekstremal platformanın fəaliyyəti isə tamamilə dayandırılıb.
Bizim.Media


































































































