Alpanda minillik TAPINTI - Qədim Alban izlərində hansı SİRR yatır? - VİDEO

Hazırda oxunan: Alpanda minillik TAPINTI - Qədim Alban izlərində hansı SİRR yatır? - VİDEO

615546

Qubanın qədim yaşayış məntəqələrindən olan Alpan kəndində ibtidai məktəbin qarşısında iki tarixi quyu aşkar edilib.
 
Bizim.Media xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin müraciətindən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun layihə-ölçü şöbəsinin müdiri, arxeoloq Qəhrəman Ağayev tapıntı yerinə baxış keçirib.
 
Onun sözlərinə görə, Alpan kənd bələdiyyəsinin sədri Əfil Dadaşov və iki müəllimlə birlikdə quyulara baxış zamanı ilkin araşdırmalar aparılıb. Arxeoloq alim bildirib ki, tapılan quyuların tarixi əhəmiyyəti böyükdür və onların geniş şəkildə tədqiqinə ehtiyac var:
 
“İlkin qənaətimizə görə, quyuların tarixi ilk orta əsrlər dövrünə gedib çıxır. Müəllimlər tərəfindən bizə həmin ərazidən tapılmış 1-2 ədəd keramika qırığı da təqdim olundu. Ola bilsin ki, bu məkanın tarixi daha qədim dövrlərə dayanır”.
 
Qəhrəman Ağayev qeyd edib ki, ərazidə dəqiq nəticə əldə etmək üçün geniş arxeoloji qazıntı işləri aparılmalıdır:
 
“Heç bir arxeoloq yalnız səthi baxış əsasında konkret fikir söyləyə bilməz. Qədim tarix yerin altında yatır. Buna görə də burada genişmiqyaslı qazıntılara ehtiyac var”.
 
Arxeoloq əlavə edib ki, bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birlikdə əraziyə yenidən baxış keçiriləcək və gələcək tədqiqatlarla bağlı qərar veriləcək.
 
Qəhrəman Ağayev Alpan kəndinin ümumilikdə qədim tarixlə zəngin olduğunu da vurğulayıb:
 
“Alpan kəndi sirrlərlə dolu qədim yaşayış məntəqəsidir. Kəndin adının “Alpan” olması belə maraq doğurur. Qədim Albaniya dövlətinin Azərbaycan ərazisində mövcud olması məlum faktdır və bu kənddə də həmin dövrə aid izlərin yaşadığı ehtimal olunur. Burada dörd qəbiristanlıq var və kəndin hər qarışı tarixdir. Quyular da daxil olmaqla, ərazidə kompleks qazıntılar aparılmalıdır ki, bütün bunlara elmi əsaslarla tarix verilə bilsin”.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin