Srağagün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı Rizədən Artvinə gətirən Oba helikopteri Artvin şəhər stadionuna eniş edərkən qəza keçirib. İnşaat sahəsində olan taxta parçaları baş naziri gözləyən qəzetçi Orxan Sevinc, inşaat işçisi Camal Doğan və adı açıqlanmayan bir polis məmuru üzlərindən və bədənlərinin müxtəlif yerlərindən ciddi xəsarət yetirib.
Yaralılar təcili olaraq xəstəxanaya aparılıblar. İnşaat işçiləri açıqlamalarında helikopterin birinci cəhddə enmədiyini və ikinci cəhddə enərkən bu halın yaşandığını bildiriblər.
“Yeni Müsavat” da mövzunun aktuallığını nəzərə alıb, dövlət rəhbərlərinin prezidentlərin “ayağını yerdən kəsən” nəqliyyat növləri ilə bağlı arayış hazırlayıb. Siyahıda prezidentlərin maşınları, təyyarələri, helikopterləri, eləcə də onların qiyməti, özəllikləri yer alır.
Obamanın “əjdaha”sı, Fransa prezidentlərinin milli maşın sevdası
Rusiyanın “RBK” xəbər portalı bir neçə dövlət başçısının istifadə etdiyi xidməti avtomobillərin siyahısını açıqlayıb.
Almaniya prezidenti Yohahim Qaukun rəsmi avtomobili zirehli “Mercedes-Benz S600"-dur. Bundan əlavə, o, tez-tez ”Audi A8"-dən də istifadə edir.
ABŞ prezidenti Barak Obamanın zirehli “Cadillac”ını qeyri-rəsmi “əjdaha” da adlandırırlar. Prezidentin ölkə daxilində və xarici səfərlərdə istifadə etdiyi “Cadillac” məxsusi onun üçün hazırlanıb. Avtomobilin dəqiq texniki xarakteristikası sirr saxlanılır. Amma məlumdur ki, bu avtomobil hətta qumbaratana belə davamlıdır. Avtomobilin müəyyən hissələrində prezident gerbi həkk edilib. Kapotun sağ tərəfinə ABŞ bayrağı quraşdırılıb. Bu cür avtomobil istehsal edildikdən sonra bir çox ciddi sınaqlardan keçirilir. “Cadillac prezidential” limuzinin qiyməti 2 milyon dollardır.
Rusiya prezidenti Vladimir Putin adətən alman maşınlarına üstünlük verir. Kreml sahibinin kortejinə “Mercedes G-Class”, “Mercedes E-Class”, standart model S-Class, “BMW 5-Series” və “Volkswagen Caravelle” daxildir. Putin öncəki prezidentlik müddətində bölgələrə “Mercedes-Sprinter” mikroavtobusu ilə səfər edib. Bu mikroavtobusa təhlükəsizlik xidməti əməkdaşlarını nəzərə almasaq, 7-8 nəfər rahat yerləşə bilər.
Putinin fransalı həmkarı Fransua Olland yerli istehsala üstünlük verir. O, zirehli “Citroen C6", ”Renault Vel Satis" və “Peugeot 607" kimi avtomobillərdən istifadə edir. O, həmçinin ”Mercedes-Pullman" avtomobilindən istifadə edir. Bu avtomobil öz sinfində istehsal edilmiş avtomobillərdən bir metr daha uzundur. Pullmanın salonunda kompüter, DVD və televizor var. Yəqin ki, salon xüsusi rabitə vasitəsilə də təchiz edilib. Keçmiş prezident Nikola Sarkozi “Citroen” avtomobillərinə vurğun olduğu üçün “Citroen CX” modelinə üstünlük verib. Fransanın indiki prezidenti Fransua Olland də ara-sıra “Citroen” və “Peugeot 607" avtomobilindən istifadə edir. Ümumiyyətlə, Fransada ”Citroen C6", “Renault Vel Satis” və “Peuogeot” avtomobilləri əsasən dövlət rəsmiləri üçün nəzərdə tutulub.
Almaniyanın keçmiş kansleri Herhard Şreder əvvəllər “Audi A4" avtomobilindən istifadə etsə də, sonradan avtomobilini yeniləmək qərarına gəlir. Bir müddət sonra o, ”Volkswagen Phaeton" avtomobilindən istifadə etməyə başlayır. 4 ton çəkiyə malik avtomobil zirehlidir. 420 at güclü, 12 silindrli mühərriki olan maşın 250 km/saat sürəti asanlıqla yığır. 100 km/saat sürəti əldə etmək üçün 7 saniyə kifayətdir. Almaniyanın indiki kansleri Angela Merkel bir müddət “Volkswagen Phaeton” avtomobilindən istifadə etsə də, sonradan “Audi A8" modelinə üstünlük verib. Onun da avtomobili zirehlidir və texnologiyanın son yenilikləri ilə təchiz edilib.
Böyük Britaniya kraliçası II Yelizavetanın 5 ədəd “Rolls-Royce” avtomobili var. Kabriolet tipli “Rolss-Royce Phantom VI” kral ailəsinin ən sevimli maşınıdır. Bu avtomobil kraliçaya 1978-ci ildə “Avtomobil istehsalçıları və satıcıları” birliyi tərəfindən hədiyyə edilib. “Volkswagen” konserni tərəfindən kraliçaya 50 illik yubileyi münasibətilə hədiyyə edilən “Bentley Arnage Red Label” modeli nadir avtomobillərdən biridir. Bu avtomobil kondisioner və barla təchiz edilib. Avtomobilin qiyməti 475 min avrodur.
Roma Papasının qarajında yeni “Mercedes-Benz” var. Sürücü haqda Vatikanın 10 qadağasından birində deyilir: “Avtomobil güc və qüdrət nümayiş etdirmək vasitəsi ola bilməz”. 1930-cu ildən “Mercedes” şirkəti Vatikanı avtomobillə təchiz edir. Roma Papası VI Benedikt üçün bir ədəd zirehli “Mercedes S klass”, bir ədəd isə, “M-Class” modeli əsasında xüsusi hazırlanmış avtomobil nəzərdə tutulub. Amma sonradan kütlə ilə görüşlər üçün yeni açıq avtomobilə ehtiyac yarandı. Bu yaxınlarda yeni “Mercedes G klass” Papanın qarajına daxil edilib. 296 at güclü, 5 litr həcmli, V obrazlı avtomobil zirehlidir.
Türkiyədə prezident və baş nazir “Mersedes S klass” modelindən istifadə edir. Baş nazir Ərdoğanın kortejinə 7 avtomobil daxildir. Bununla belə, bu yaxınlarda onun kortejinə “BMW 760 Long” modeli daxil edilib. 512 at güclü, 12 silindirli mühərriklə təchiz edilmiş avtomobil texnologiyanın bütün yeniliklərini özündə daşıyır. Zirehli avtomobildə eyni zamanda bioloji silahlardan qorunmaq da mümkündür. Baş nazirin ardınca Türkiyə prezidenti də BMW 760 Long avtomobili sifariş edib.
İlham Əliyevin təkcə bir maşını 1 milyon avrodan bahadır
Azərbaycan rəhbəri İlham Əliyev rəsmi səfərlərdə zirehli “Maybach 62" limuzinindən istifadə edir. Bundan başqa, onun ixtiyarında xidməti istifadəsi üçün sifarişlə hazırlanmış ”Mercedes-Benz W221 S600 Guard Pullman" zirehli avtomobili də var. Prezidentin ixtiyarındakı zirehli “Maybach 62" avtomobilinin başlanğıc qiyməti 352 min dollardan başlayır. Bu rəqəm avtomobilin ilkin qiymətidir. Edilən sifarişlər, avtomobilin salonunda edilən dəyişiklik və dizayndan asılı olaraq qiyməti də artır. Azərbaycan rəhbərinin arada özünün də idarə etdiyi digər avtomobil ”Mercedes-Benz W221 S600 Guard Pullman" dünyada ən bahalı və lüks maşınlar siyahısında liderlərdən biridir. Bu avtomobilin başlanğıc qiyməti 500 min avro civarındadır. “Mercedes-Benz W221 S600 Guard Pullman”ın qiyməti də dizayn və salonda edilən dəyişikliklərdən asılı olaraq dəyişir. Avtomobilin qiyməti 1 milyon avrodan da baha ola bilər.
Uçdu göylərə prezident təyyarəsi - qiyməti də 125 milyon dollara yaxındır
Keçək prezidentlərin təyyarələrinə. Qazaxıstan prezidentinin təyyarəsinin uçuş marşrutunun uzunluğu 5.2 min kilometrdir. O, 14 sərnişin daşıya bilir. Kanada kompaniyası “Bombardier Aerospace”nin istehsalı olan təyyarə bazara 2006-cı ildə çıxarılıb.
Belarusiya prezidenti Aleksanr Lukaşenko “Boinq-767" təyyarəsi ilə uçur. Daha öncə bu təyyarə türkmənbaşı Saparmurad Niyazova məxsus idi. Amma Qurbanqulu Berdıməhəmmədov ondan istifadə etməməyə qərar verib. Təyyarə Belarusiyaya məxsus olandan sonra texniki baxış üçün Hamurqa göndərilib. Almaniyada dərc edilən ”Der Spiegel" yazırdı ki, Belarusiya tərəfindən alınan “Boinq-767"nin dəyəri 124 milyon dollardan az deyil. Bu təyyarənin geniş, enli, ağ, dəri oturacaqları, divanları var. Duş kabinasında isə bahalı metal və daşlardan istifadə olunub.
Rusiya prezidenti Vladimir Putinin isə iki təyyarəsi var: «İl-96-300». Onlardan biri 1995-ci ilin, digəri isə 2004-cü ilin istehsalıdır. Təyyarələrdən biri Britaniya kampaniyası tərəfindən 10 milyon funt dəyərində yenidən quraşdırılıb. İnternetdə yayılan fotolardan da görünür ki, təyyarənin lüks vanna otağı, mərmər döşəməsi, eləcə də digər bahalı elementləri var. Prezidentin bu təyyarəsi dövlət büdcəsinə 45-60 milyon dollara başa gəlib. İnteryerdə prezidentin yataq, iş otağı, eləcə də işçiləri üçün ayrıca vanna otağı, ayaqyolu, mətbəx və konfrans zal nəzərdə tutulub.
Rusiya saytları isə yazır ki, Putin Yeltsinin təyyarəsindən “uçan reanimasiyadan xoşum gəlmir” deyərək imtina edib.
ABŞ prezidenti Barak Obamanın istifadəsində isə iki ədəd «Boeing VC-25A (747-2G4B)» təyyarəsi var. Onlar iki ədəd «Boeing C-32» ilə əvəz edilə bilər. Təyyarə hər cür fövqəladə hala qarşı yüksək səviyyədə təchiz olunub. Bu cür təyyarələr bir neçə günlük səfər üçün nəzərdə tutulub.
Almaniya kansleri Angela Merkel isə uçuş üçün iki ədəd «Airbus A310-304»dən istifadə edir. Bu təyyarələr 1989-cu il istehsalıdır. Amma onun “kolleksiyası” arasında 1986-cı il istehsalı olan «Canadair CL-600-2A12 Challenger 601» də var
Yaponiyanın baş naziri iki ədəd Boeing 747-47C təyyarəsindən istifadə edir. Onlardan biri 1990, digəri 1991-ci il istehsalıdır.
Çin prezidenti 2000-ci il istehsalı olan «Boeing 747-4J6»dan istifadə edir.
İran prezidentinin də 1979-cu il istehsalı olan «Boeing 747SP-86-sı» var.
Prezidentlərin şəxsi təyyarələri olsa da, Tacikistan prezidenti istisnadır. O, şəxsi təyyarə almağı dövlət büdcəsi üçün ciddi itki hesab edir.
Musavat.com


































































































