Bizim xoşbəxtliyimiz...

Hazırda oxunan: Bizim xoşbəxtliyimiz...

62763

Başqaları və eləcə də özümüz özümüzü bir çox məsələlərdə dünyanın ən bədbəxt xalqlarından biri hesab etsək də, bəzən mövcud reallığı nəzərdən qaçırır, gerçəkliyə olduğu kimi qiymət vermirik. Gerçəklik isə bundan ibarətdir ki, biz əslində düşündüyümüzdən daha az bədbəxt, daha çox xoşbəxtik.

Bu xoşbəxtliyin mahiyyətinə varmaq üçün gündəlik həyatımızdakı bəzi nümunələrə nəzər salmaq kifayətdir. Məsələn, biz dünyada yeganə xalqıq ki, adi bir yağışın paytaxt küçələrində yaratdığı göl və dənizlərə baxa-baxa dövlətimizin müharibəyə hazır olduğuna səmimi qəlbdən inanır, ölkəmizi istənilən gözlənilməzliyə hazır hesab edirik. Özümüz kasıb olduğumuz halda dövlətimizin varlı olduğunu düşünür və unudururq ki, kasıb xalqın varlı dövləti olmur, ola da bilməz. Biz qanuni haqqımızı təmin etdikdə ağır döyüş meydanında xüsusi qəhrəmanlıq göstərən bir şəxs kimi qeyri-adi dərəcədə sevinc duyur, buna nə isə qeyri-adi, əlahiddə bir şey kimi yanaşırıq. Ağırlaşdırılan yaşam şərtləri çərçivəsində yaşadığımızdan bizim üçün uğur sadəcə olaraq gündəlik dolanışığı təmin etməkdən ibarətdir və bu “müvəffəqiyyət”x9d bizi tamamilə qane edir. Biz mövcud siyasi sistem və onun yetişdirdiyi harınlamış məmur kontingentinin əlində oyuncaq olmağa adət etmişik və ən qəribəsi, bu, bizi zərrə qədər də olsun narahat etmir. Bizim üçün “ən böyük insan”x9d bizim yaşamımızda kiçik də olsa maddi anlamda rol oynayan şəxsdir və bu şəxsin hansı mənəvi keyfiyyətə malik olması bizim üçün tamamilə əhəmiyyətsizdir. Biz yaşamımızın ən dərin qatlarına belə sirayət edən rüşvət və özbaşınalığı ikrah doğuracaq laqeydliklə seyr edir və hələ də düşünürük ki, bu, sadəcə yuxarıdakı bəlli bir qrupun işidir, “əsas adamların”x9d bundan xəbəri yoxdur. Bizim üçün ən böyük demokratiya və fikir azadlığı mətbəx və çayxanada asta səslə gileylənmək sərbəstliyindən ibarətdir və bu, bizi tamamilə qane edir. Bizə görə ən ağılsız şəxs özünün və xalqın haqqını meydanlarda arayan, ədalət tələb edən və buna görə həbsə atılan insanlardır. Bizim ən böyük əyləncəmiz bu insanlar haqqında elan edilən məhkəmə hökmlərini dinləmək və bunu dinlərkən öz ağlımızdan məmnunluq duymaqdır. Biz doğularkən də, yaşarkən də, ölkərkən də rüşvətsiz keçinə bilməyən insanlarıq və başqa bir yaşamı xəyal belə etmək bizim idrakımız xaricindədir.

Bir sözlə, biz kifayət qədər xoşbəxtik və bizim xoşbəxtliyimiz öz bədbəxtliyimizi yetərincə dərk etməməkdən ibarətdir. Hərçənd ki, bu cür xoşbəxtliyin özü də ən böyük bədbəxtlik kimi xarakterizə oluna bilər. Lakin hələ ki, bu bədbəxtliyi kəşf edəcək dərrakəyə, onunla üz-üzə, göz-gözə gələcək cəsarətə sahib deyilik. Demək, hələ ki, xoşbəxtik... Hələ ki..!

 

Seymur Əliyev

e-mail: [email protected]

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin