Bakıya oxumağa gələn tələbələr ayda nə qədər pul xərcləyəcək? – ARAŞDIRMA

Hazırda oxunan: Bakıya oxumağa gələn tələbələr ayda nə qədər pul xərcləyəcək? – ARAŞDIRMA

633533

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlandıqdan sonra tələbə adını qazananlar yeni tədris ilinin başlanmasını səbirsizliklə gözləyirlər. Xüsusilə bölgələrdən Bakıya gələnlər üçün universitet həyatı ilə yanaşı, şəhərdə yaşamağın xərcləri də yeni bir məsələdir. Kirayə, kommunal, ərzaq, nəqliyyat və digər gündəlik xərclər tələbənin aylıq büdcəsinə təsir edir.

Bəs Bakıda tələbəni ay ərzində hansı xərclər gözləyir və minimum nə qədər büdcə lazımdır?

Bizim.Media xüsusilə bölgələrdən Bakıya oxumağa gələn tələbələrin bir aylıq əsas yaşam xərclərini araşdırıb.

Kirayə və kommunal

Yeni tədris ili yaxınlaşdıqca tələbələrin ən çox diqqət yetirdiyi məsələlərdən biri də yaşayış yeridir. Çünki kirayə qiyməti büdcəyə ciddi təsir edir.

Bu səbəbdən bir çox tələbə evi digər şəxslərlə bölüşməyə üstünlük verir. Belə olduqda kirayə və kommunal xərcləri bölüşmək mümkündür. Bir tələbənin payına aylıq təxminən 150 -200 manat kirayə və 30-35 manat isə kommunal xərc düşə bilər.

Tək yaşamaq istəyən tələbələr üçün isə xərc xeyli yüksəkdir. Bu halda yalnız kirayə üçün 600-700 manat və daha çox vəsait tələb oluna bilər.

Ərzaq və gigiyenik məhsullar

Ərzaq xərcləri tələbənin qidalanma vərdişindən və nə qədər qənaət etməsindən asılıdır. Evdə yemək hazırlayan və əsasən daha münasib qiymətə satılan məhsullara üstünlük verən tələbə üçün aylıq 200-300 manatlıq ərzaq büdcəsi kifayət edər. Hazır yeməklər, kafelər və restoranlar aylıq xərci artırır. Bu halda ərzağa 400 manat və ya daha çox vəsait ayırmaq lazım gələ bilər.

Şampun, diş pastası, sabun, dezodorant, yuyucu vasitələr və digər şəxsi gigiyena məhsulları üçün isə aylıq təxminən 60-70 manat nəzərdə tutmaq olar.

Nəqliyyat xərcləri

Universiteti yaşadığı yerə yaxın olan tələbə nəqliyyata ümumiyyətlə pul xərcləməyə bilər. Lakin evlə universitet arasında məsafə uzaqdırsa, gündəlik gediş-gəliş də aylıq büdcəyə ayrıca xərc qatır.

Hazırda bir gediş üçün nəqliyyat xərcini 60 qəpikdən hesablasaq, tələbə hər gün bir avtobus və ya metrodan istifadə edirsə, aylıq 20 dərs günü üçün gediş-gəliş xərci 24 manat edir.

Tələbə bir istiqamətdə iki nəqliyyat vasitəsi dəyişirsə, yəni gün ərzində ümumilikdə 4 gediş edirsə, aylıq xərc 48 manata çatır. Üç nəqliyyat vasitəsindən istifadə edildikdə isə bu məbləğ təxminən 72 manat olur.

Beləliklə, nəqliyyat xərci tələbənin universitetə hansı məsafədə yaşamasından asılı olaraq ayda təxminən 0-80 manat arasında dəyişə bilər.

Digər xərclər

Tələbənin aylıq büdcəsinə yalnız əsas yaşayış xərcləri daxil deyil. Dəftər, qələm, çap və digər tədris ləvazimatları, kontur, internet, geyim, dərman, şəxsi qulluq və digər xərclər də nəzərə alınmalıdır.

Bu xərclərin məbləği tələbədən tələbəyə dəyişir. Ona görə də aylıq büdcə hesablanarkən ən azı 50-100 manatlıq əlavə ehtiyat saxlamaq daha məqsədəuyğundur.

Bakıda tələbəyə ayda nə qədər pul lazım olur?

Ən qənaətcil variantda, evi digər tələbələrlə bölüşən, əsasən evdə yemək hazırlayan, nəqliyyatdan az istifadə edən və s. tələbənin aylıq xərci təxminən 460-600 manat ola bilər.

Daha rahat yaşamaq, kafedə və ya restoranda ara-sıra yemək, daha çox nəqliyyatdan istifadə etmək və şəxsi xərclərə də pul ayırmaq istəyən tələbə üçün isə aylıq büdcə 700-900 manat və daha çox ola bilər.

Tək yaşayan tələbələrdə isə vəziyyət tamam fərqlidir. Təkcə kirayə xərci yüksək olduğundan aylıq büdcə rahatlıqla 1000 manatı keçə bilər.

Qeyd edək ki, sözügedən rəqəmlər tələbədən-tələbə dəyişə bilər. Şəxsin yaşayış yeri, universitetinin yerləşdiyi ərazi, ev yoldaşlarının olub-olmaması, qidalanma vərdişləri, nəqliyyatdan istifadə tezliyi və şəxsi ehtiyacları aylıq yaşam xərcinə təsir edir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin