Azərbaycana gələn turistlər ən çox nədən narazı qalıblar? – ARAŞDIRMA

Hazırda oxunan: Azərbaycana gələn turistlər ən çox nədən narazı qalıblar? – ARAŞDIRMA

620824

2026-cı ilin aprel ayında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin göstərilən xidmətlərdən məmnunluq səviyyəsi üzrə sayı 103 324 nəfər olub.

Bu göstərici 2025-ci ilin aprel ayı ilə müqayisədə 41 131 nəfər və ya 28,5% azalıb.

Göstərilən xidmətləri qənaətbəxş hesab edənlərin sayı 9 866 nəfər təşkil edib ki, bu da illik müqayisədə 8 653 nəfər və ya 46,7% azalma deməkdir.

Xidmət növləri üzrə ən böyük azalma avtobus-sərnişin daşıma xidmətlərində qeydə alınıb. Belə ki, bu xidmətlərdən məmnun qalanların sayı bir il ərzində 4 297 nəfərdən 1 779 nəfərə enərək 2 518 nəfər və ya 58,6% azalıb. Metro ilə sərnişin daşıma xidmətlərindən məmnun qalanların sayı isə 1 426 nəfərdən 617 nəfərə düşərək 809 nəfər və ya 56,7% azalıb.

Taksi xidmətlərindən məmnun qalanların sayı 2 908 nəfərdən 1 521 nəfərə enib ki, bu da 1 387 nəfər və ya 47,7% azalma deməkdir.


Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, son aylarda ölkəyə gələn turistlərin sayı kəskin azalıb:

“Bu azalmanın da əsas səbəbi müştəri məmnunluğunun zəif olmasıdır. Əgər müştəri ölkəmizdə gördükləri xidmətlərdən razı qalsaydı, yəqin ki, yenidən Azərbaycana dönmək barədə düşünərdi. Nəzərə alaq ki, turist yalnız yemək üçün səfərə çıxmır. Səfərdə fərqli mənzərə, maraqlı hadislərlə rastlaşmaq istəyir. Yəni hər kəs macəra axtarır.
 

Biz də elə etməliyik ki, bizdə turistlərə təklif edilən mənzərə həm maraqlı olsun, həm də nisbətən ucuz. Tarixi ekskursiyaların təşkili çox vacibdir. Ekoturizm lazımdır. Bir daha deyirəm: kabab yemək üçün heç kim Rusiyadan və yaxud Hindistandan durub Azərbaycana gəlməyəcək. Amma Azərbaycanın tarixi keçmişi və təbiəti yüksək səviyyədə təşviq edilsə, o zaman turistlərin sayı artacaq.


Maraqlı səfər zamanı xərc gözə görünmür. Lakin xoş təəssürat almadığın bir səfərdə üstəlik keyfiyyətsiz xidmət və baha qiymət görəndə istənilən şəxs incik qalır və bir daha geriyə dönmür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin