Dünya ərzaq qiymətləri apreldə son üç ildən çox müddətdə ən yüksək səviyyəyə çatıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaydığı məlumata görə, məhsul inflyasiyasının əsas səbəbi İranla bağlı müharibə və Hörmüz boğazının blokadası fonunda bitki yağlarının kəskin bahalaşması olub.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı-nun beynəlxalq ərzaq xammalı qiymətlərini izləyən indeksinə əsasən, göstərici apreldə ardıcıl üçüncü ay artaraq orta hesabla 130,7 bəndə çatıb. Bu, mart ayı ilə müqayisədə 1,6% çoxdur və 2023-cü ilin fevralından bəri ən yüksək göstərici hesab olunur.
FAO-nun bitki yağları qiymət indeksi apreldə mart ayı ilə müqayisədə 5,9% artaraq 2022-ci ilin iyulundan bəri ən yüksək səviyyəyə yüksəlib. Soya, günəbaxan, raps və palma yağları daxil olmaqla bütün əsas kateqoriyalar bahalaşıb.
Ət qiymətləri də rekordu yeniləyib. Apreldə qiymətlər 1,2% artaraq tarixi maksimuma çatıb.
Bəs bu bahalaşma nə qədər davam edə bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Fuad İbrahimov deyib ki, FAO-nun məlumatına baxsaq, ən azı son 10 ildə ərzaq qiymətlərininin bahalaşması tendensiyasını olduğunu görərik:
“Doğrudur, mövsümlə bağlı və yaxud başqa səbəblər üzündən bəzi məhsullların qiymətində ucuzlaşma olur. Amma bu müvəqqəti xarakter daşıyır. Amma ümumi indeksin bahalaşması istiqamətində hərəkətlilik var.
Nəzərə alaq ki, hazırkı məqamda bahalaşmanı şərtləndirən amillər daha da çoxalıb. Müharibələr və ən əsası da Yaxın Şərqdəki gərginlik infilyasiyanı sürətləndirib. Dünyanın neft tələbatının 20 faizi, sıxılmış qazınsa 30 faizini tədarük edən bölgə iflic vəziyyətinə düşüb. Bu hesaba da birjalarda yanacağın qiyməti kəskin artıb.
Xatırladaq ki, “Light” markalı neftin bir barelinin orta qiyməti 65-77 dollardan 110-120 dollara qədər yüksəlib.
Yanacağın qiyməti artdıqca ümumi daşımaların da qiyməti artır.
Yaxın Şərq böhranı kənd təsərrüfatı üçün vacib olan gübrənin qıtlığını yaradıb. Qətərdə istehsal olunun və dünya bazarının əsas ehtiyaclarını ödəyən azot və karbamit gübrələrinin daşınması dayanıb. Bu gübrələr həm taxıl, həm də “ikinci çörək” hesab edilən düyü və qarğıdalının becərilməsində vacib faktor sayılır. Təhcizat zəncirindəki bu kimi qırılmalar artıq dünya bazarlarında qıtlığın yaranmasına və bahalaşmaya səbəb olub”.
Müsahibimiz deyib ki, FAO-nun mart ayındakı hesabatına diqqət yetirəndə ümumi ərzaq indeksinin 2.6 faiz bahalaşmasının şahidi oluruq:
“Əgər Yaxın Şərq böhranı tezliklə aradan qalxmasa və yaxud alternativlər irəli sürülməsi dünya birjalarında qiymət artımı daha da sürət alcaq”.
Surxay Atakişiyev, Bizim.Media


































































































