Şabran şəhərinin “5 sotlar” massivində yaranan antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub.
Bizim.Media “Space TV”yə istinadən xəbər verir ki, lentə alınan görüntülər rayonun acınacaqlı sanitar mənzərəsini gözlər önünə sərir.
“Çəkilişlərin həm gündüz, həm də gecə saatlarında aparılmasına baxmayaraq, mənzərə dəyişmir – ərazi zibillik içində boğulur. Fakt olduqca acınacaqlıdır: massivin məhəllələrində bircə dənə də olsun zibil konteyneri yoxdur! Məhəllələrdə zibilqabı tapmayan sakinlər tullantıları uzun məsafə qət edərək Samur-Abşeron su kanalının ətrafına tökərək açıq poliqon yaratmağa məcbur qalırlar. Antisanitariya Məmmədəmin Rəsulzadə küçəsində, məhz Şabran Su-Kanal İdarəsinin, Qaz İstismar Sahəsinin və Kitabxananın düz yanında yaşanır.
Strateji Samur-Abşeron kanalı, Bakı-Quba magistral yolunun şəhərdən keçən hissəsi, rayon bazarı və "Avtobaza" ərazisi zibil təpələrinə bürünüb.
Baş verən bu xaos birbaşa Şabran Rayon İcra Hakimiyyətinin tam nəzarətsizliyinin göstəricisidir. İcra Hakimiyyətinin tabeliyindəki Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin öz vəzifə borclarını tamamilə unudub.
Hətta iddialara görə, kommunal sahədə fəaliyyət göstərən işçilərin bir qisminin adı yalnız sənədlərdə var, özləri isə yoxdur – yəni qurumda "ölü canlar" saxlanılır. Ortada görünən tək şey isə təmizlənməyən küçələr və yığılan zibillərdir. Strateji su kanalının və mərkəzi küçələrin çirkləndirilməsi ekoloji sahəyə məsul qurumları da görünür narahat etmir.
Sakinlər haqlı olaraq soruşurlar: Əhalini zibil konteynerinə həsrət qoyan, Şabranı antisanitariyaya məhkum edən Şabran Rayon İcra Hakimiyyəti nə vaxt hərəkətə keçəcək? Qeyd edək ki, Şabran və ətraf kəndlərinin turizm imkanlarını nəzərə alsaq hökm sürən vəziyyətin ölkə turizminə vurulan ən ağır zərbə olduğu faktı da danılmazdır”, - deyə süjetdə qeyd olunub.
Daha ətraflı videoda:
Bizim.Media





































































































