Xəsis görünməkdən niyə bu qədər qorxuruq? - Maaş minimum, fors maksimum

Hazırda oxunan: Xəsis görünməkdən niyə bu qədər qorxuruq? - Maaş minimum, fors maksimum

643590

Azərbaycan kişiləri arasında söhbət çaypuludan düşəndə qəribə bir səxavət nümayişi başlayır. Hər birimizin vaxtaşırı müşahidə etdiyi, hətta öz ailə və nəsil kişiləri arasında da sıx gördüyü haldır: “beşliy”i, “onluğ”u elə bir əda ilə kitabçanın arasına qoyur ki, sanki var-dövlətini nümayiş etdirir. Çünki az versə, xəsis görünər.

Ən maraqlısı da odur ki, çaypulu xidmətə görə təşəkkür növü olmaqdan çıxıb, artıq sosial öhdəliyə çevrilib. İnsan öz cibinin vəziyyətindən asılı olmayaraq, başqalarının gözündə necə görünəcəyini düşünür. Üstəlik dünənə qədər 2-3 manatla həll etdiyi “çayevoy” gündən-günə artır.

Nə dəyişib? Gəlirlər artıb, güzəran yaxşılaşıb, yoxsa sadəcə ədamız çərçivəni aşıb?

Əslində məsələnin çaypulu olmadığını hamımız bir azərbaycanlı kimi yaxşı anlayırıq. Azərbaycanlılar ümumiyyətlə əliaçıq xalqdır. Təkcə restoran sahəsində deyil, digər sahələrdə də razı qaldığına görə xidmət göstərənə əlavə pul verə bilər. Ustanın, bərbərin, tibb nümayəndəsinin cibinə “şirinlik” basmaq bizdə hörmətdəndir.

Digər tərəfdən də qarşındakı insanın xidmət sahəsində səhərdən-axşama kimi “təpik döydüyünü” dərk edirik, ürəyimizin mərhəmətindən düşünürük ki, onsuz da qazancı az olur, 5-10 manat da artıq qazanıb evinə əlidolu getsin. Bu mərhəmət bəzən o qədər güclü olur ki, təyinatını aşır, yəni fədakarlığa keçir: müştərinin özü maaşa baxan, gün uzunu çalışan adam olmasına baxmayaraq başqasına əl tutur. Bu meyardan baxanda əlbəttə duyğulandıracaq, nümunəvi hərəkətdir.

Masaya pul yox, statusumuzu qoyuruq..

Amma çox vaxt insanımız pul qarşısında özünü apara bilmir, başqalarının gözündə necə görünmək istəməsi və “ayıb olar” düşüncəsi ona işdən sonrakı istirahətdən çox, sosial əziyyətə çevrilir. Başqa sözlə, insanımızda gəlirdən çox özünü göstərmək ehtiyacı artıb. Bəzi insanlar üçün çaypulu sadəcə xidmətə görə təşəkkür deyil, həm də status nümayişidir. Masaya pulu əda ilə qoymaq, ətrafdakıların bunu görməsinə çalışmaq “mənim pulum var” mesajına çevrilir.

Halbuki müştəri xidmətə görə ürəyindən gələn məbləği verməlidir, özünü başqalarına sübut etmək üçün yox. Çaypulu vermək nə qədər normaldırsa, imkanına və istəyinə uyğun məbləğ vermək də bir o qədər normal olmalıdır.

Ümumilikdə götürsək, dünyanın hər yerində bəxşiş vermək normal, hətta vacibdir. Lakin vahid çaypulu qaydası yoxdur. Bəzi ölkələrdə 10-15% normal hesab edilir, bəzilərində 20% gözlənilir, başqa yerlərdə isə çaypulu vermək ümumiyyətlə hörmətsizlikdir.

Pulsuzluqdan ağlayanların beş manatlıq forsu

Azərbaycanda əsasən hansı aralıqda çaypulu verilməsi maraq doğurur. Müşahidələr əsasında hesablamalara görə əhaliniun 60%-dən çoxu 3-5 manat arasında çaypulu verir. 20%-i 5-10 manat, qalanlarının isə bəlkə də məst beyinin təsiri altında daha çox “çayevoy” verdiyi nüşahidə olunub.

Bəs dünyada nə qədər çaypulu verilir?

Aparılan sorğular təxmini olsa da ümumi mənzərəni gözümüzün önünə sərir.

ABŞ və Kanada 18-25%

Böyük Britaniya 10-12%

Fransa və Qərbi Avropanın bir hissəsi 5-10%

Yaponiya 0% - onlarda bu, hörmətsizlik sayılır.

Avstraliya 5-10%

Göründüyü kimi, azərbaycanlılar dünyada ən əliaçıq çaypulu verənlərdəndir. Amma son zamanlarda restoranlarda servis haqqının heç bir məlumat verilmədən kassa çekinə yazılaraq tələb olunması da var. Bu isə konkret olaraq istehlakçı hüququnun pozulmasıdır. Ödənişdən imtina edilərkən təzyiq göstərilərsə, şikayət üçün əsas sayılır. Bu halda müştəri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin