Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev son dövrlər sosial şəbəkələrdə xüsusi aktivliyi ilə seçilən siyasətçilərdəndir və o öz düşüncələrini, siyasi baxış və təkliflərini məhz bu tribunadan cəmiyyətə təqdim edir:
"Hakimiyyət siyasi proseslərin növbəti ən ölgün mövsümü dönəmini seçərək, qarşıda gələn siyasi mərhələnin hazırlıqlarını görür. Bu dəfə hədəf QHT sektoru seçilib. Artıq 2 aya yaxın müddətdir ki, bu kəsimin aparıcı şəxsləri qondarma ittihamlarla zindanlara doldurulur, hesabları bağlanır, əmlakları müsadirə edilir və özləri təqiblərə məruz qalır.
Bu müddət ərzində siyasi mühitdə də müəyyən hənirti hiss edilir. Hamı baş verənlərə öz eyvanından baxaraq, müxtəlif yorumlar səsləndirir, hadisələri qiymətləndirməyə çalışır.
Əslində hakimiyyətin bu yay hücumu diqqət çəkəndir. Mövcud iqtidarın bu miqyaslı fəaliyyəti 2002-ci ilin referendumunu xatırladır. O vaxt da hakimiyyət dəyişikliyi mexanizmlərini və hakimiyyət qolları arasında tənasübü ehtiva edən konstitusion islahatlar yayın ən hərarətli dövrünə salınmışdı.
Belə başa düşülür ki, iqtidar yenidən hansısa ciddi proseslərə hazırlaşır. Nə ola bilər bu proseslər? Nəyə görə bu seqmentin div isimləri sıradan çıxarılır? Repressiyalar hakimiyyətin hansı işinə yaraya bilər?
Bu vaxta qədər bəyan edilmiş bütün mövqelərə hörmətlə yanaşaraq, öz versiyamızı ictimai müzakirəyə çıxarmağı lazım bildik.
Son həbslərin siyahısına göz gəzdirdikdə, bu isimləri birləşdirən ortaq keyfiyyəti tapmaq lazımdır ki, eynivaxtlı həmlənin motivini seçə biləsən. Bu günə qədər həbs edilmiş, bank hesabı dondurulmuş, prokurorluqda dindirilmiş və həbs növbəsini gözləyən şəxslərin çox böyük özəllikləri ilə yanaşı, ümumi ola biləcək bir neçə xüsusiyyətləri var. Bu şəxslər ərz edildiyi kimi eyni sektora aid olmaları ilə yanaşı, müstəqil maliyyə axınlarına malikliyi, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıqda olmaları və göründüyü qədər hakimiyyətdən məsafə saxlamaları ilə tanınanlardır. Əks halda zərbə digər qisim çoxsaylı qeyri-hökümət qurumlarından yan keçməzdi.
Bu addımların siyasi motivli olması heç kəsdə şübhə doğurmamalıdır. Dəyişən dünyada daxili mövqeləri qorumaq getdikcə çətinləşir. Bütün resurs çeşidlərindən məhrum edilmiş fərqli düşünənlər sabahın ciddi təhlükəsi kimi dəyərləndirilməsəydi, YAP ən yüksək səviyyədə belə qeyri-populyar addımları sanksiyalaşdırmazdı. Deməli, iqtidar Ukrayna hadisələrindən nəticə çıxarıb.
YAP gözəl anlayır ki, xarici siyasətdə manevr məkanı məhdudlaşır. Donetsk və Luqanskda məğlubiyyətin bir addımlığında olan Rusiya, artıq dünyaya yeni militarizasiya erasını bəyan edir. Ukraynadan sıxışdırılan Putinin Krıma səfəri, Ukrayna torpağı Krımda dünyanı hədələməsi, 20-ci ilə qədər yarım trillion ABŞ dolları məbləğində silahlanmaya vəsait ayırmaları, BRİCS çərçivəsində dollardan imtinaya hazırlığı anonslayır. Nevroz vəziyyəti açıq müşahidə olunan rus çarı aqonik vəziyyətdədir. Daxildə vergiləri artıran, təqaüd ehtiyatlarına əl uzadan, piştaxtaları saatbasaat boşalan, sanksiya məsələlərində ən yaxın müttəfiqləri-Belorus və Qazaxstan tərəfindən müdafiə olunmayan ruslar dünya siyasətinin qütbü olmayacaqlarını anlamırlar. Ruslar bu tarixi gerçəkliyi anlamasalar da, bizimkilər özləri üçün bu "acı" realığı duyurlar. Beləliklə, iqtidarımız anlayır ki, "Rusiya dreyfi" blefi yaxın gələcəkdə arsenaldan çıxacaq. Uzaq olmayan gələcəkdə YAP-lılar, mədəni dünyanın YAd Planetlilərinə çevriləcəklər. Çünki mədəni dünya avtoritarizmə nifrət edir.
Qayıdaq ölkəmizdə baş verənlərə. Fikrimizcə, hakimiyyət siyasətində söykəndiyi biznes prinsiplərinin sındıra bilmədiyi müqavimətin son bastionlarına həlledici zərbə endirmək niyyətindədir. Cəmiyyətdə təslim olmamış 1 nəfər qalana qədər ölkədə dəyişiklik xofu "yuxarıdakıları" rahat buraxmayacaq. Görünür, qeyri- hökümət sektorunun fəalları bu günə hakimiyyəti rahat buraxmayan təbəqədir. İllər ərzində buna bənzər siyasət müstəqil mətbuatı əsasən sıradan çıxarıb. Siyasi müstəvidə baş verən olaylar da mətbuatdan çox fərqlənmir.
Bu vaxta qədər olan həbslərə ictimai rəydə hansısa don biçmək olurdu. Təbliğat imkanları həledici səviyyədə olan iqtidar sözçüləri hamının həbsinə bir söz deyirdilər. İntiqam Əliyevin həbsi mənim fikrimcə, düzəlməz və bağışlanılmaz yanlış, rubikonun keçilməsidir. Mənə görə bu şəxsiyyət Azərbaycanın vicdan simvoludur. Onun həbsə atılması siyasi dəyərlərimizin ayaq altına atılmasıdır. İntiqam Əliyev siyasi mühütimizin ləyaqət nümunəsi, vətəndaşlıq ibrətidir.
Deməli, aydın görünür ki, belə qeyri populyar addımlarla YAP Parlament hazırlıqlarına start verib. Belə ağır şəraitdə siyasi mübarizənin digər qütbü olan fərqli düşünənlər nə etməlidir?
Bu suala cavab tapmaq üçün siyasi mühitdəki status-kvoya diqqət yetirilməlidir. Azərbaycanın siyasi müstəvisində maddi baxımdan zəngin, ölkənin bütün resurslarına total nəzarət edən, lakin daxili dəstəkdən məhrum bir iqtidar, pərən-pərən salınmış, iqtisadiyyatdan tam çıxarılmış, cəmiyyətlə kommunikasiyası demək olar ki, sıfıra endirilmiş nominal müxalifət, əslində isə dissident seqmenti, əsasən nəzarətdə olan və ictimai rəyi yönləndirən mətbuat və bu gün ağır mərhələsini yaşayan, yəqin ki, yaxın yarım ildə "qansızlaşacaq" obyektiv QHT sektoru mövcuddur. Təbii ki, dekorativ müxalifəti və QHT mənsublarının yerini mən mübarizə tərəfi kimi bu günkü qovğada görmürəm, lakin eyni zamanda onların mövcudluğunu da etiraf edirəm. Bütün bu kəsimlərin qarşıdurmasında arbitr ola biləcək. beynəlxalq sektor mütləq nəzərə alınmalıdır. Bizə model ola biləcək Ukrayna təcrübəsi göstərir ki, məhz bu sektorun rəyi həledici ola bilir. Azərbaycan təcrübəsinə müraciət edəriksə, 2015-ci il Parlament seçkilərində Rusiyanın prosesə müdaxiləsi ölkənin obyektiv inkişafının qarşısını alan amil olduğunun şahidi olarıq. Bundan bariz nümunə, amma beynəlxalq çevrənin daha ahəngdar və uzlaşmış mövqeyi 3-cü il Prezident seçkilərinin taleyini həll etdi.
Bu gün baş tutan repressiyalar özünü müxalifət sayan bütün tərəflər üçün oxunan siyasi azan effekti verməlidir. Əgər müxalifət adını daşıyan tərəflər vəziyyəti dəyişməyə israrlıdırlarsa, bu vaxta qədər olanları kənara qoyaraq, təşkilatlanmalıdırlar. Əsl və yaxud donquli müxalifət mübahisəsi yersizdir. Əgər kimsə bu mövzuda polemika açmaq istəyirsə, partiya olaraq, VİP bu diskussiyaya hazırdır. Haqqımızda kimin nə deməsindən asılı olmayaraq, inanmıram ki, mövcud siyasi təşkilatlardan hansısa bizimlə bu mövzuda debatdan üstün çıxsın, bərabər halda çıxacaqların da sayının çox olmayacağına əminəm.
Təklif edirəm ki, prinsipial addımların atılması ilə müxalifəti çeşidləmək daha düzgün yoldur. Şəxsən bizim üçün siyasi qüvvənin hakimiyyətə, yoxsa xarici qüvvələrə işləməsinin elə bir ciddi fərqi yoxdur. Dərindən analiz etdikdə, xarici casuslar daxili casuslardan daha təhlükəlidir. Casusun da statusunu ümumiyyətcə müzakirə etmək yersiz görünür. İlk təklifimiz odur ki, siyasi məhbus problemi ətrafında vahid mərkəz formalaşsın. Ümumi problemin mövcudluğu fonunda həm hakimiyyətə, həm də onların siyasi ortağı olan bəzi dış çevrələrə milli iradə nümayiş etdirək. Hakimiyyətə siyasi məhbus problemində hamının bir mövqedə olduğunu nümayiş etdirək, aksiyalar həyata keçirək, cəmiyyətə müsbət impuls ötürək. Əminəm ki, müxalifətin anlaşması pozitivi müxtəlif xarakterli basqılar altında yaşayan əhalini də təşkilatlandıracaq. Hakimiyyəti tərksilah etmək yolu, onu beynəlxalq dəstəkdən məhrum etməkdir. Kürü siyasətindən danışanların əməli fəaliyyətə keçməsinin nəyi pisdir ki? Gəlin avtoritar hakimiyyətə dəstəkçi olan beynəlxalq işbazları ifşa edən addımlar ataq. Hökümətin beynəlxalq siyasi öhdəliklərini yada salmaqla, Bakıda fəaliyyət göstərən diplomatik korpusa demarş təşkil edək, müəyyən dövr üçün tam olaraq, onlarla təmaslara moratorium tətbiq edək. Paralel olaraq, qarşısında hökümətin öhdəliyi olan bütün beynəlxalq təşkilatlara müraciətlər ünvanlayaq. Maraqlıdır görəsən neçə siyasi təşkilat belə fədakarlığa hazırdır? Buyursunlar milli maraqlar üçün şəxsi maraqlarından imtina etsinlər.
İnanıram ki, belə siyasi testlərdən bir çox qurumlar sona qədər keçə bilməyəcək. Bu yolla müxalifət bir neçə hədəfə çatmış olar: 15-ci il seçki hazırlıqlarına start verilər, müxalifət təsnif edilər, beynəlxalq sfera silkələnər, vətəndaşların ümüdi və hərəkiliyi yüksələr, ən vacibi isə özünü səmimi olaraq, ictimai maraqlara görə mübarizəyə həsr etmişlər müdafiə olunduqlarını görərlər. Növbəti mübarizə mərhələsi üçün bundan yaxşı təşviqat ola bilməz.
Biz şəxsən eyni yolun gedilməsinin əlehinəyik. Kimlərinsə hakimiyyətlə oyun qurub, fəaliyyət imitasiyasında iştirak niyyəti də güdmürük. Seçkidən seçkiyə eyni səhvlərin statistinə çevrilmək ya dəlilikdir, ya da çoxbilmişdik. Eynşteyn deyib ki, eyni işi eyni şəkildə görüb fərqli nəticə gözləmək abdallıqdır. Kardinal dəyişiklik planları ortaya qoyulmasa, 15-ci il seçkiləri də uduzulacaq. Yenə Ukrayna modelinə müraciət etsək, daxili faktor vacib vəsilədir. Onun necəliyi ictimai xarakterli dəyişikliklərə səbəb də ola bilər, maneəyə də çevrilər. Daxili faktorun formalaşması üçün kifayət qədər stimul yaranıb. Bunu reallaşdırmaq vəzifəsi isə çağdaş siyasilərin üzərinə düşən görəvdir.
Bütün həmkarlarımıza və özümüzə bu müqəddəs işdə Allahdan uğur diləyirəm."




























































































