Milli Şura Rauf Mirqədirovla bağlı bəyanat verdi

Hazırda oxunan: Milli Şura Rauf Mirqədirovla bağlı bəyanat verdi

45197

Moderator.az xəbər verir ki, Milli Şura vətənə xəyanətdə ittiham edilərək həbs olunan tanınmış jurnalist Rauf Mirqədirovla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Azərbaycan Respublikasının əməkdar jurnalisti, “Ayna ”“ Zerkali” qəzetinin yazarı Rauf  Mirqədirovun həbsindən 10 günə yaxın vaxt keçir. Onun “vətənə xəyanət” ittihamı ilə həbsinə cəmiyyəti inandırmaq mümkün olmadı. Rauf bəy əli qələm tutandan bu millətə, bu vətənə xidmət edib. Erməni təcavüzünə,  Dağlıq Qarabağda erməni separatizminə qarşı onun yüzlərlə yazısı var. Jurnalistin həbsi ilə bağlı rəsmi açıqlama anlaşılan deyil. Orada aydın bir fikir ifadə edilməyib. Ehtimal edilir ki, 5-6 il bundan əvvəl “xalq diplomatiyası” proqramı çərçivəsində Ermənistanda olanda sxem və fotomateriallardan ibarət “dövlət sirrini” ermənilərə verib. Tanınmış jurnalisti ehtimallar əsasında “vətənə xəyanət” maddəsi ilə ittiham etmək, onu düşmənə işləməkdə suçlamaq hakimiyyətin daha geniş “təmizləmə” kampaniyasına başlamaq niyyətindən xəbər verir. Məhz, bu zərurətdən Rauf Mirqədirov kimi peşəkar qələm sahibi ən ağır maddə ilə ittiham edilir. Dövlət sirri anlayışı və onun qorunması müvafiq qanunlarla tənzim olunur. Belə sirlər hər kəsdə, o cümlədən jurnalistlərdə olmur. Onun qorunmasına, yayılmamasına cavabdeh olan dövlət orqanları fəaliyyət göstərir. Əgər hansısa zərurət ucbatından kimsə dövlət sirri ilə tanış edilirsə, həmin şəxsdən onun yayılmaması haqqında öhdəlik alınır. Belə bir öhdəlik yoxsa, onda mücərrəd “sxem və fotoların” kiməsə verilməsi hüquqi anlayış olmayıb siyasi mülahizələri özündə əks etdirir. İndiki anda bu,  siyasi mülahizələrlə jurnalist Rauf Mirqədirova qarşı irəli sürülmüş əsassız bir ittihamdır və belə ittihamlar bir qayda olaraq kütləvi repressiyalar keçirmək üçün totalitar, avtoritar rejimlərdə “modda” olur. Halbuki, dövlət sirri yayılıbsa, ilk növbədə onun qorunmasına cavabdeh olan vəzifəli şəxslər yarğıya çəkilməlidir. Bu həbsin ətrafında gedən söz-söhbətlər onun kimlərəsə çıxmaq zərurətindən irəli gəldiyini ortaya qoyur. Hədəf kimi tanınmış hüquq müdafiəçisi Leyla Yunusun və onun həyat yoldaşı, politoloq Arif Yunusun götürüldüyü göz qabağındadır. Ola bilsin dairə genşlənə də bilər. Anar Məmmədlinin həbsi ilə sonuncu müstəqil seçki monitorinqi təşkilatı sıradan çıxarıldı. Görünür Leyla xanımım hədəfə almaqla hakimiyyət siyasi məhbus məsələsinə “xitam vermək”  niyyətindədir. Lakin Mirqədirovun həbsi və Leyla Yunusun hədəfə alınması çoxgedişli bir prosesdir. Leyla xanım Demokratik Qüvvələrin Milli Şurasının rəhbər heyətində təmsil olunduğu üçün “vətənə xəyanət” ittihamını son nəticədə Milli Şuraya qarşı yönəltmək cəhdləri də istisna edilə bilməz. Hər kəs yaxşı xatırlayır ki, keçmiş nazir Nicat Quliyev ötən ilin avqust ayında məhz, Milli Şuranın “silahlı qanadının” təmsilçisi kimi həbsə alınmışdı. Lakin ittiham o qədər cəfəng idi ki, hətta Azərbaycan şəraitində belə onu sübuta yetirmək mümkün olmadı. Digər tərəfdən məlum olduğu kimi bu ilin mart ayının 3-də Xalq Cəbhəsi partiyasının qərargahı partladıldıqdan sonra Milli Şuranın Koordinasiya Mərkəzinin toplantıları Leyla xanımın ofisində keçirilir. Lakin ofis yaşayış binasında yerləşdiyindən onu partlatmaq sadəcə olaraq mümkün deyil. Leyla xanım 25 ıldən çoxdur ki, insan haqlarının qorunması sahəsində aktiv fəaliyyətlə məşğuldur. “Dövlət sirri” zəminində “vətənə xəyanət” eyhamlarının gündəliyə gəlməsi heç şübhəsiz ki, Leyla xanımın Milli Şuradakı səmərəli fəaliyyəti ilə bağlıdır. Biz Milli Şura olaraq siyasi mülahizələrlə vətəndaşların təqib edilməsi, Rauf Mirqədirov kimi vətənpərvər bir jurnalistin saxta ittihamlarla həbs edilməsini qəti şəkildə pisləyirik və bunu cəmiyyətdə qorxu xofunun bərqərar edilməsinə, idarə olunan cəmiyyət yaradılmasına cəhd kimi qiymətləndiririk”.   

          


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin