Türkiyə hökumətinin onlara təqaüdlərini hər ayın 25-də verdiyini deyən tələbələr Azərbaycan hökumətinin də onlara təqaüdlərini aylıq verməsini istəyirlər.
Təhsil Nazirliyindən isə məsələyə münasibət bildirərək deyiblər ki, nazirliyin 9 sentyabr 2003-cü il tarixli 781 nömrəli əmrinə əsasən, hər tədris ilinin sonunda tələbələr təhsil göstəricilərinə dair ali məktəb tərəfindən verilən rəsmi sənədləri təqdim etməklə nazirlikdə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat iyun ayının əvvəlindən oktyabrın sonuna qədər aparılır. Qeydiyyat nəticəsində növbəti tədris ili üçün təqaüd almaq hüququna malik olan tələbələrin siyahısı müəyyən olunur. Qeydiyyatdan keçməyən və akademik göstəriciləri aşağı olan tələbələrin təqaüd və yol xərcləri növbəti tədris ili üçün dayandırılır.
Nazirlikdən bildiriblər ki, 2013-cü ilin 2-ci rübü ərzində dövlət xətti ilə təhsil alan tələbələrə aprel, may və iyun ayları üçün nəzərdə tutulan təqaüdlər ödənilib. Növbəti iki rübün (iyul-dekabr) təqaüdləri isə qeydiyyat sona çatdıqdan sonra tələbələrin hesabına köçürülüb. Nazirlik hesab edir ki, təqaüdlərini vaxtında almaları üçün tələbələrin qeydiyyat prosesinə daha məsuliyyətlə yanaşmaları vacibdir.
Təhsil Nazirliyi Azərbaycan tərəfinin Türkiyədə təhsil alan tələbələrimizə təqaüdləri aylıq verməməsinin səbəbini isə belə izah edib ki,dövlət xətti ilə təhsil alan tələbələrin maddi durumuna dəstək məqsədilə Azərbaycan Təhsil Nazirliyi tərəfindən təqaüdlər hər ayın sonu deyil, hər rübün başlanğıcında üç aylıq verilir. Həmçinin, bir çox proqramlardan fərqli olaraq, dövlət xətti ilə təhsil alan tələbələrə yay tətilləri dövründə də aylıq təqaüdlər ödənilir. 1 dekabr 2000-ci il tarixində Azərbaycan Təhsil Nazirliyi ilə Türkiyənin Milli Təhsil Nazirliyi arasında təhsil və elm sahələrində əməkdaşlıq haqqında imzalanmış protokola əsasən, Türkiyənin ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşları üçün ildə bir dəfə gediş-gəliş məqsədilə lazım olan yol xərcləri Azərbaycan, digər xərclər isə (tələbələrə aylıq təqaüd, yerləşdirmə, yemək və ölkədaxili nəqliyyat xərcləri) Türkiyə tərəfindən ödənilir.
Nazirlikdən qeyd edilib ki, sözügedən protokolda müəyyən olunmasa da, tələbələrimizə dəstək məqsədilə Azərbaycan hökuməti onlara Nazirlər Kabinetinin 31 may 2010-cu il tarixli 101 nömrəli qərarına əsasən, təhsil səviyyələrinə (bakalavriat və magistratura üçün 100, doktorantlar üçün 200 ABŞ dolları) müvafiq olaraq aylıq təqaüdlər verir.


































































































