“Mən bir də ondan narahatam ki, Qərbi Azərbaycana qayıdışla bağlı işlər yalnız bir kampaniya xarakteri daşımasın. Kampaniya xatirinə bu gün işə başlayıb, bir müddət sonra yerlərində oturmasınlar...”
“Biz də Qərbi Azərbaycandakı torpaqlarımıza qayıdış ideyasını əvvəldən dəstəkləmişik... Hazırda həmin torpaqlardan didərgin düşmüş soydaşlarımızı siyahıya alırlar. Biz də daim vurğulamışıq ki, onların mülki iddiaları qaldırılmalıdır. Bu 35 il ərzində bu çoxdan edilməliydi. Gecikmiş olsa da, yenə də vacib tədbirdir”.
Bu fikirləri Moderator.az-a açıqlamasında bu günlərdə Qərbi Azərbaycana qayıdış konsepsiyasını da təsdiqləmiş Qərbi Azərbaycan İctimai Birliyinin qarşıya qoyduğu vəzifələr haqda danışan Milli İstiqlal partiyasının fəxri sədri, istiqlalçı deputat Etibar Məmmədov ifadə edib.
“Ancaq təəssüf ki, bildiyimə görə, 1988-ci ildən Ermənistandan qovulmuş soydaşlarımızın sənədləri itirilib və məhv edilib. Onların sənədləri vaxtilə “qaçqınkom”da yığılmışdı... Lakin indi axtarsan, çoxunun Qərbi Azərbaycanda yaşamasını təsdiqləyən pasportlarını, sənədlərinin köklərini tapmaq mümkün deyil. Amma buna rəğmən həmin sənədləri bərpa etmək də, iddia da qaldırmaq mümkündür. Prosesə başlayıblarsa, Allah xeyir versin. Və təbii ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın haqqı-hüququdur ki, öz doğma dədə-baba yurdlarına dönməyi tələb etsinlər”- deyə davamında partiya lideri bildirib.
“Sadəcə, mən bir də ondan narahatam ki, Qərbi Azərbaycana qayıdışla bağlı işlər yalnız bir kampaniya xarakteri daşımasın. Kampaniya xatirinə bu gün işə başlayıb, bir müddət sonra yerlərində oturmasınlar. Yəni bu istiqamətdə real, ardıcıl və prinsipial işlər görmək gərəkdir. Əlbəttə, real işlər görüləcəyi təqdirdə soydaşlarımızın beynəlxalq səviyyədə iddia qaldıraraq öz mülklərinin, torpaqlarının geri alınmasına nail olmaları mümkündür”- deyə istiqlalçı deputat vurğulayıb.
Sultan Laçın



































































































