O uçuş üçün qeydiyyatı keçdikdən sonra yuxulayıb.
Türkiyənin Atatürk hava limanında əslən əlcəzairli olan sərnişin Çiha Cəlal (Chiha Djallal) Batnu şəhərinə (Əlcəzair) istiqamətlənən reysə gecikdikdən sonra aeroportun qapısını sındıraraq təyyarənin arxasınca qaçıb.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı kişi uçuş üçün qeydiyyatdan keçib, lakin sonradan yuxulayıb və təyyarəyə minmə barədə elanı eşitməyib.
Sərnişin oyandıqdan sonra, gözləmə zalında heç kimin olmadığını görüb. Özünü itirən Cəlal uçuş-enmə zolağına çıxan şüşə qapını sındırıb və artıq havaya qalxmış təyyarənin arxasınca qaçmağa başlayıb, lakin tezliklə polislər tərəfindən saxlanılıb.
Sonradan Cəlal özünün bu hərəkətini vətənində onun ailəsini gözlədiyi üçün etdiyini bildirib.
Hal-hazırda hadisənin təfərrüatları araşdırılır.






























































































