“Əsgərliyinin bitməsinə 3 gün qalmış ön cəbhəyə yollandı” – Şəhid Samsun Babayevin HƏYAT HEKAYƏSİ – VİDEO

Hazırda oxunan: “Əsgərliyinin bitməsinə 3 gün qalmış ön cəbhəyə yollandı” – Şəhid Samsun Babayevin HƏYAT HEKAYƏSİ – VİDEO

608936

Şəhidlərimiz hər zaman qəlbimizdə yaşayır və onların əziz xatirəsi daim ehtiramla yad olunur. Şəhid Samsun Babayev də Vətən uğrunda canından keçərək adını tarixə yazmış igid oğullarımızdandır.

Torpaq uğrunda döyüşə atılarkən geri dönüş olmadığını bilsə də, tərəddüd etmədi. Çünki onun üçün Vətən hər şeydən uca idi. Onun ən böyük arzusu Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında üçrəngli bayrağımızın dalğalandığını görmək idi. O, bu arzunun gerçəkləşməsi üçün canından keçən qəhrəmanlardan biri oldu.

Bizim.Media xatırladır ki, Samsun Şəmsəddin oğlu Babayev 4 aprel 2001-ci ildə Qax rayonunun Qapıçay kəndində anadan olub.
 

Qapıçay tam orta məktəbini bitirdikdən sonra 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.


Ailəsinin sözlərinə görə, Samsun evin son beşiyi olub. Atası Şəmsəddin Babayev bildirir ki, oğlunun hərbi xidmətini başa vurmasına cəmi üç gün qalmışdı:

“Çox qayğıkeş, mehriban bir övlad idi. Uşaqlıqdan onun qəlbində Vətənə, bayrağa böyük sevgi var idi. Bayrağa baxanda gözləri işıqlanardı, onu sadəcə bir parça kimi yox, şəhidlərin qanı və millətin qüruru kimi görürdü. Elə bu sevgi onu Vətən yoluna apardı və əbədiyyətə qovuşdurdu. Biz bu gün onun üçün çox darıxırıq, yalnız şəkilləri bizə təsəlli olur”.

Anası Çimnaz xanım isə Samsunla son danışığını belə xatırlayır:

“Samsun mənim gözümün bəbəyi idi. Çox sakit, tərbiyəli övlad olub. Heç vaxt bizi incitməzdi. Hərbi xidmətini başa vurmasına üç gün qalmışdı, biz də onun yolunu səbirsizliklə gözləyirdik. Müharibə başlayan kimi o da ön cəbhəyə yollandı. Son danışığımız oktyabrın 5-də oldu. “Bəlkə bir daha danışa bilmədik”- dedi… O an ürəyimə damdı ki, balam şəhid olacaq”.

Şəhidin ailəsi onun sevdiyi bir qızın olduğunu, lakin kimliyinin onlara tam məlum olmadığını da qeyd edib.

Şəhid Samsun Babayev Qax rayonunun Güllük kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin